Dekabrın
8-də Respublika Texniki Yaradıcılıq Mərkəzində
Təhsil Nazirliyinin tabeliyində olan texniki
yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən
dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsinə
yekun vuruldu. Tədbirdə Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin
müdiri Ağababa İbrahimov, Respublika Texniki
Yaradıcılıq Mərkəzinin direktoru Qorxmaz Əliyev,
texniki yaradıcılıq mərkəzlərinin direktorları
və dərnək rəhbərləri iştirak edirdilər.
Müsabiqənin keçirilməsində məqsəd texniki
yaradıcılıq mərkəzlərində məşgul olan
məktəblilərin yaradıcılıq potensiallarının üzə
çıxarılması və inkişaf etdirilməsi üçün
stimulların yaradılması və dərnəklərə cəlb
olunmuş uşaqlar arasında təcrübə mübadiləsinin
təşkili idi. Qeyd edək ki, müsabiqə 2 mərhələdə
- rayon (şəhər) və respublika mərhələsində
keçirilib. Müsabiqəyə respublikada fəaliyyət
göstərən texniki yaradıcılıq mərkəzlərindən 250
iş respublika mərhələsinə təqdim edilmişdir.
Müsabiqə 4 nominasiya üzrə: yumşaq oyuncaqlar,
hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi
sənət və təbii materiallardan hazırlanmış işlər
nominasiyaları üzrə 10-11 və 12-13 yaşlı uşaqlar
arasında keçirilib.
Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin
müdiri Ağababa İbrahimov son illər
respublikamızda aparılan təhsil islahatlarından
söz açdı. Ölkə Prezidenti cənab İlham Əliyevin
təhsilə göstərdiyi diqqət və qayğıdan danışan
A.İbrahimov müsabiqənin hər bir şagirdin
həyatında mühüm rol oynayacağını və gələcəkdə
onların yaradıcılıq potensialının inkişafına
təkan verəcəyini iştirakçıların nəzərinə
çatdırdı. Qalibləri təhsil naziri Misir
Mərdanovun adından təbrik edən A.İbrahimov
onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II,
III yerləri tutmuş qaliblər diplom və
hədiyyələrlə mükafatlandırıldı. Qaliblərlə
xatirə şəkli çəkdirildi.
Niyazi RƏHİMOV |