Avropa
Birliyi təhsil proqramlarına iki milyard avro
ayıracaq
Avropa Birliyi qonşu ölkələrlə təhsil sahəsində
əməkdaşlıq proqramlarının həyata keçirilməsinə 2
milyard avro ayırmaq niyyətindədir. Proqram
2014-2020-ci illəri əhatə edir. Bu barədə
məlumat verən AB-nin təhsil, mədəniyyət, gənclər
məsələləri üzrə komissarı Andrula Vassiliou qeyd
edib ki, qurum ali təhsil sahəsində yeni nəsil
proqramları tətbiq etməyi planlaşdırır. Onun
sözlərinə görə, proqramlarda beynəlxalq
komponent üstünlük təşkil edəcək. Proqramda AB-nin
Şərq və Cənub qonşuları olan ölkələr iştirak
edəcəklər.
Rusiya xarici ölkələrin ali məktəb diplomlarını
tanıyır
Rusiya xarici ölkələrin ali təhsil ocaqlarının
verdiyi diplomları tanıyır. Bu barədə Dövlət
Duması qanun qəbul edib. Xarici ölkələrdən olan
müəllimlərin Rusiyada işə düzəlməsi də
asanlaşacaq. Eləcə də xarici tələbələrin RF-də
təhsil almaq imkanları genişlənəcək. Gələn il
fevralın 1-dən qüvvəyə minəcək qanuna əsasən,
xarici ölkələrdə verilmiş alimlik dərəcələri və
təhsil sənədlərinin tanınması proseduru
əhəmiyyətli dərəcədə sadələşəcək.
Əgər əvvəllər xarici ölkədən olan alim Rusiya
universitetində işləməyə gəlmək üçün əvvəlcə
elmi biliklərinin və elmi dərəcəsinin Rusiyanın
verdiyi biliklər və elmi dərəcə ilə ekvivalent
olduğunu sübut etməli idisə, indi bütün dünyada
qəbul olunmuş müəyyən şərtlərə əməl etməklə
yalnız öz elmi xidmətlərini təsdiq etməlidir.
Bütün sənədlər leqallaşdırılmalı və rus dilinə
tərcümə olunmalıdır. Alim təsdiq olunmuş
sənədlərin əslinə görə 4 min rubl, surətinə görə
isə 2 min rubl dövlət rüsumu ödəməlidir.
Rusiyada təhsil almaq istəyən abituriyent və
tələbələr üçün də güzəştlər edilib. Xarici
təhsilin və Rusiya təhsilinin uyğunluğunu təsdiq
etmək tələb olunmur. Kifayətdir ki, təhsil
haqqında sənəd beynəlxalq qanunlara və Rusiya
qanunvericiliyinin bəzi tələblərinə cavab versin.
Əgər hansısa səbəbdən şərtlərə əməl olunmayıbsa,
onda abituriyentin və ya tələbənin ərizəsi
əsasında ekspertiza təyin olunur və həlledici
qərar qəbul olunur. Müsbət cavab olduğu təqdirdə
xarici ölkə vətəndaşına sənədinin tanınması
barədə şəhadətnamə verilir və o, dövlət rüsumu
ödəyir. Şəhadətnamə bakalavriat və ya
magistratura proqramı üzrə Rusiyada təhsili
davam etdirməyə imkan verir. Qanunda xüsusi bənd
var ki, təhsil haqqında və elmi xidmətlər barədə
sənədlərin tanınması üzrə bütün məsləhətlər
pulsuzdur.
Qazaxıstanda müəllimlər psixoloji testdən
keçəcək
Qazaxıstanın
Təhsil Nazirliyi müəllimlərin öz peşələrinə tam
uyğunluğunu yoxlayacaq. Bu barədə təhsil naziri
Baxıtjan Jumaqulov bildirib. Kazakhstan Today
saytının məlumatına görə, nazir qeyd edib ki,
Qazaxıstanda müəllimlər psixoloji testdən
keçiriləcək. Onun sözlərinə görə, Təhsil
Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə bu
məqsədlə xüsusi standart işləyib hazırlayır. "Müəllimlərin
peşə inkişafı: ənənə və dəyişikliklər"
elmi-praktik konfransda çıxış edən nazir keçmiş
sovet dövrünün təcrübəsinə qayıtmağı təklif edib.
Nazirə görə, sovet dövründə gələcək müəllim ali
məktəbə qəbul olunmazdan əvvəl tam tibbi
sağlamlıq yoxlamasından keçməli və tərbiyə işinə
yararlı olmasına dair rəy almalı idi. Onun
fikrincə, müəllimin psixoloji vəziyyətinə dair
yerli poliklinikanın verdiyi sadə arayış kifayət
deyil. Müəllimin qeyri-adekvat davranışa
meyilliyi həm də test vasitəsi ilə üzə
çıxarılmalıdır. Nazir əlavə edib ki,
müəllimlərin psixoloji vəziyyəti problemi bütün
dünyada çox sərt durur. "Uşaqlarımızı,
nəvələrimizi pedaqoqa etibar etməklə biz onların
psixoloji cəhətdən nə dərəcədə sağlam olmasına
niyə baxmamalıyıq",-deyə nazir bildirib.
Belçikada məktəb islahatları
Belçikada orta ümumtəhsil sistemində islahatlar
başlayıb. Le Soir qəzetinin yazdığına görə, orta
ümumtəhsil məktəbləri və həmkarlar təşkilatı
şagirdlərin maksimum sayı barədə razılığa
gəliblər. Bundan sonra ibtidai məktəblərdə
24-28-dək şagird təhsil ala bilər. Əldə olunmuş
razılığa müvafiq olaraq növbəti dərs ilindən
başlayaraq təhsilin bütün pillələri üzrə yeni
normalar qüvvəyə minəcək. Xüsusən də ibtidai
məktəblərdə birinci mərhələdə norma 20 nəfər
təşkil edəcək. Onların maksimal sayı 24 nəfərə
çata bilər. İkinci və üçüncü mərhələlərdə norma
24, maksimum isə 28 nəfər təşkil edir.
Orta məktəblərdə təhsilin tipindən asılı olaraq
sinif şagirdlərinin sayı 19-29 nəfər arasında
dəyişə bilər. Bəzi hallarda şagirdlərin maksimum
sayı 32 nəfərə (təhsilin 3 mərhələsi üzrə) çata
bilər. İslahatlar müəllimlərin əməkhaqlarına
əlavə ödəmələrlə müşayiət olunacaq ki, bu da
büdcəyə 4,6 milyon avroya başa gələcək. Söhbət
yeni kadrların işə qəbulundan gedir.
Çexiya tələbə çoxluğundan narahatdır
Çexiyanın
Təhsil Nazirliyi ölkənin ali təhsil
müəssisələrində təhsil alan tələbələrin
çoxluğundan narahatdır. Təhsil Nazirliyi hesab
edir ki, tələbələrin sayı yaxın bir neçə illər
ərzində azaldılmalıdır. Gələn il ali məktəblər
70 min əvəzinə 50 min tələbə qəbul edəcək. Yaxın
5-6 il ərzində tələbələrin sayı 2003-cü il
səviyyəsinə qədər azaldılmalıdır. Nazirlik
əsasən tələbələrin sayını məhdudlaşdırmaqla
onların maliyyələşdirilməsi limitini müəyyən
edir. Əgər ali məktəb daha çox tələbə qəbul
etmək istəyirsə, onda onların
maliyyələşdirilməsini öz hesabına həyata
keçirməlidir. Nazirliyin maliyyələşdirdiyi
tələbələrin sayını rektorlar müəyyən edəcək.
Daha sonrakı mərhələdə nazirlik eyni zamanda
magistr olmaq istəyən bakalavrların sayını da
azaltmağı nəzərdə tutub. Bu cür tələbələr 80
faiz təşkil edir. Onların sayının 30 faizə qədər
azaldılması gözlənilir. Qeyd edək ki, Çexiya
Avropada ali təhsillilərin sayına görə ən aşağı
göstəriciyə malikdir. Ekspertlərə görə, Təhsil
Nazirliyi tələbə sayını azaltmaqla təhsilin
keyfiyyətinin yüksəldilməsinə nail olmaq istəyir.
Nazirlik heç də orta məktəb diplomu almış bütün
məzunların ali məktəbdə oxumasını dəstəkləmir.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |