Bu
gün respublikamızda təhsil islahatı
müvəffəqiyyətlə həyata keçirilməkdədir.
İslahatda əsas məqsəd cəmiyyətin maraq və
tələbini nəzərə almaqla müstəqil düşünməyi və
fəaliyyət göstərməyi bacaran, yaradıcı
qabiliyyətə malik şəxsiyyətlər yetişdirməkdir.
Müasir dövrdə uşaqlar hər gün müxtəlif
dəyişikliklərlə üzləşirlər. Təbiət və cəmiyyətdə
baş verən dəyişikliklər onlarda daim öyrənmək
həvəsini artırır. Müəllimlər bunu nəzərə alaraq
dərslərində yeni texnologiya və metodlardan daim
istifadə etməlidirlər.
Müəllimin dərsdə rolu uşaqlara sərbəst şəkildə
tədqiqat aparmaq, dərslərin fəal iştirakçısı
olmaq və dərslərdə tək, yaxud digər şagirdlərlə
birgə işləmək imkanları verməkdir. Müəllimin
istiqamət verdiyi dərslər uşaqların xüsusi bir
vərdiş və metodları sınaqdan çıxarmaları üçün
böyük və ya kiçik qruplar şəklində,yaxud da
fərdi qaydada məşğul olduqları dərslərdir.
Müəllimlər uşaqlar üçün maraqlı olan və bir çox
riyazi prosesləri (ölçmə, həndəsə, statistika və
ehtimal da daxil olmaqla) əhatə edən dərsləri
əvvəlcədən planlaşdırmalıdır. Axı şagirdlər
müxtəlif obyektləri tədqiq və müqayisə etmək,
ölçmək və ya quraşdırmaq imkanlarına malikdirlər.
İbtidai siniflərdə riyaziyyatın tədrisi
prosesində məsələ həlli mühüm yer tutur. Məsələ
anlayışının formalaşdırılması, məsələnin məzmunu
və quruluşunun şüurlu mənimsənilməsi riyaziyyat
dərsinin vacib şərtlərindən biridir. Məsələ
həlli zamanı bir sıra anlayışların mahiyyəti
açılır və onlar şagirdlər tərəfindən
mənimsənilir.
Məsələ həlli müstəqil təfəkkürün növlərindən
biridir. Onun məqsədi ədədlər üzərində əməllərə
aid hesablama vərdişlərinin inkişaf etdirilməsi,
gündəlik həyatda işlənən kəmiyyətlərlə, onlar
arasındakı münasibətlərlə tanışlıq, sadə həndəsi
təsəvvürlər formalaşdırmaq, bu bilikləri məsələ
həlli və hesablamalarda tətbiq etməyi
öyrətməkdir.
Məsələlərin həllində elə metodlar tətbiq
edilməlidir ki, şagirdləri müstəqil mühakimə
yürütməyə, oxşar və fərqli cəhətləri
araşdırmağa, ümumiləşdirmə aparmağa, nəticə
çıxarmağa yönəltsin, onlarda çox da çətin
olmayan məsələlərin həlli ilə əlaqədar qismən
axtarıcılıq və tədqiqatçılıq qabiliyyətini
inkişaf etdirsin.
Nəzərə almaq lazımdır ki, şagirdlərin ibtidai
siniflərdə hesab məsələlərinin həllinə və
tətbiqinə aid əldə etdikləri bilik və bacarıqlar
yuxarı siniflərdə riyaziyyatın, o cümlədən bir
sıra digər fənlərin mənimsənilməsində
əhəmiyyətli rol oynayır.
I sinifdə həyatdan götürülmüş məsələləri həll
etdirmək həm də şagirdlərdə şüurlu və möhkəm
hesablama vərdişlərinin formalaşmasını inkişaf
etdirir. Şagirdlər riyaziyyat məsələləri
vasitəsilə həyati hadisələri öyrənir, istehsal
sahələri ilə tanış olurlar.
Riyaziyyat dərslərinin daha səmərəli keçməsi,
daha yaddaqalan olması üçün müəllim şagirdlərin
maraq dairələrinə müvafiq olaraq əyləncəli və
düşündürücü məsələlərdən, tapmacalardan,
nağıllardan, əyləncəli riyazi krossvordlardan
istifadə etməlidir.
Nağıl, şeir, musiqili tapmacalar vasitəsilə
keçilən dərslər şagirdlərə güclü emosional təsir
göstərir. Bunun nəticəsində onlarda daha möhkəm,
dərin biliklər formalaşır. Dərslərimdə tətbiq
etdiyim nağıl tapmacalardan birini nümunə
göstərmək istəyirəm:
Ağacda on alma var.
Dördünü dərdi siçan,
Birini yerə saldı.
Neçəsi orda qaldı?
(10-4-1=5)
Məlumdur ki, məktəbə yenicə gəlmiş uşaqlar heç
vaxt "məsələ, məsələ həlli, məsələnin şərti"
kimi söz və ifadələr eşitməmişlər.
Bu ifadələr şagirdlərin nitqinə yaddır, ona görə
də müəllim şagirdi buna tədricən alışdırmalıdır.
Məsələ uşaq üçün uydurma və kənardan gəlmə
məcburi bir şey olmamalı, şagirdlərin nəzərində
ətraf aləmdəki şəraitdən daha yaxşı uşağın öz
tələbatından doğan bir tapşırıq kimi
görünməlidir.
Şagirdlər ilk dəfə məsələ həllini ən həyati və
praktik bir sualın həlli kimi qavramalıdırlar.
Məsələyə bu cür yanaşmanı şagirdlərin şüurunda
canlandırmaq lazımdır. Məsələn: Balaca dovşan
oyuncaqlarla oynamağı çox xoşlayır, amma o, bərk
acıb. Sizcə, dovşan hansı yolla getməlidir?
Bu və digər tipli məsələlərin həllində
şagirdlər yaradıcı düşünməyi, mühakimə yürütməyi
və öz fikirlərini əsaslandırmağı öyrənirlər ki,
bu da onların məntiqi təfəkkürünün
formalaşmasını təmin edir.
Bu proses uşaqların təsəvvürünü, diqqətini,
yaddaşını inkişaf etdirir, onlarda fəallıq,
çətinlikdən çıxmaq üçün inadlılıq və
təşəbbüskarlıq kimi keyfiyyətlərin
formalaşmasına şərait yaradır.
Məsələnin tərtibi və həlli yollarının düzgün
öyrədilməsi uşaqların məsələ həlli üzərində
müstəqil işləmək bacarığının inkişafına geniş
imkanlar açır. Bu da onların gələcəkdə məsələ
tərtibi və həlli üzrə bilik və bacarıqlarının
formalaşmasına müsbət təsir göstərir.
Elnarə ƏFƏNDİYEVA,
Mingəçevir şəhər
Texniki-humanitar liseyin ibtidai sinif müəllimi |