Aprelin
16-da Azərbaycan Milli Konservatoriyası tərkibində
Musiqi Kollecində görkəmli bəstəkar, Azərbaycan
Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının
sədri, professor Firəngiz Əlizadə ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, əməkdar
incəsənət xadimi, professor Nazim Kazımov hörmətli
qonağı professor-müəllim və tələbə heyəti adından
salamlayaraq, onu kolleclərində görmələrindən məmnunluq
duyduqlarını bildirdi.
Görüşün əhəmiyyətini yüksək qiymətləndirən professor
N.Kazımov onun gələcəyin professional musiqiçilərini
yetişdirən kolleclərinin həyatında mühüm hadisə olduğunu,
tanınmış bəstəkarla canlı ünsiyyətin və onun zəngin
yaradıcılığı ilə yaxından tanışlığın tələbələrin
yaddaşında dərin iz salacağına, onlara gələcək karyera
inkişaflarında stimullaşdırıcı təsir göstərəcəyinə
inandığını söylədi.
Sonra professor Firəngiz Əlizadənin yaradıcılığından
bəhs edən videosüjet nümayiş olundu.
Görüşdə
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
professoru, əməkdar incəsənət xadimi Həcər Babayeva
Firəngiz Əlizadənin həyat və yaradıcılığı haqqında geniş
məlumat verdi.
F.Əlizadəni ölkəmizin fəxri adlandıran natiq onun
musiqimiz qarşısındakı xidmətlərini idmançılarımızın
dünya arenalarında qazandıqları böyük qələbələr və
ölkəmizə gətirdikləri şöhrət, başucalığı ilə müqayisə
etdi. Bildirdi ki, F.Əlizadənin əsərlərinin böyük
əksəriyyətinin xaricdən alınmış sifarişlər əsasında
yazılmasına və xarici ölkələrdə ifa olunmasına
baxmayaraq, onların adları sanki doğma Azərbaycanımızın
xəritəsini əks etdirir. Həcər Babayeva həm də Firəngiz
Əlizadəni dünyanın hər yerindən sifarişlər alan ilk
Azərbaycan bəstəkarı kimi xarakterizə edərək, onun
əsərlərinin dünyanın ən böyük və məşhur konsert
salonlarında, tanınmış musiqiçilər tərəfindən ifa
olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə sübut kimi
belə ifalardan bir neçəsi ekranda görüş iştirakçılarına
təqdim olundu.
Firəngiz Əlizadənin yaradıcılığında müasir musiqinin
əsas yer tutduğunu söyləyən natiq onun dahi bəstəkarımız
Qara Qarayevin tələbəsi olduğunu, böyük bəstəkarın öz
tələbəsinin müasir musiqiyə olan həvəsini və istedadını
vaxtında görüb yönləndirdiyini vurğuladı. Bildirdi ki,
məhz onun məsləhəti ilə F.Əlizadə muğamlarımızla
dərindən maraqlanmışdır. Bu məsləhət, habelə
F.Əlizadənin hələ uşaqlıqdan milli musiqimizin hökm
sürdüyü bir mühitdə böyüməsi muğamlarımızın sonralar
onun yaradıcılığından qırmızı xətlə keçməsinə gətirib
çıxarmışdır.
F.Əlizadə yaradıcılıqda ilk addımlarını ötən əsrin 70-ci
illərində, konservatoriyada oxuduğu illərdə atmış, hələ
tələbə ikən əsərləri xarici ölkələrdə ifa olunmağa
başlamışdır. Sonralar onun əsərləri Milan, Turin,
London, Berlin, Sinqapur, Şanxay və başqa şəhərlərin ən
böyük konsert salonlarında səslənmişdir. Bəstəkarın
70-ci illərdə bəstələdiyi məşhur "Habilsayağı" əsəri 30
ildən çoxdur ki, bütün dünyanın violonçelçalanlarının
repertuarındadır.
F.Əlizadənin Berlin Filarmoniyasının violonçelçalanlar
ansamblı üçün sifarişlə yazılmış 12 violonçel üçün əsəri
də dünyanın mötəbər musiqi salonlarında ifa olunaraq
müəllifinə şöhrət gətirmişdir
H.Babayeva çıxışında F.Əlizadənin yaradıcılığının
Türkiyə və Almaniya dövrləri üzərində də ətraflı
dayandı. Bildirdi ki, istedadlı bəstəkar 1992-ci ildə
qardaş Türkiyəyə dəvət almış, bir müddət Mersin şəhər
Opera və Balet Teatrında çalışaraq bir sıra əsərləri
tamaşaya hazırlamışdır. O, habelə Mersin Opera və Balet
Teatrının açılışı üçün "Boş beşik" baletini yazıb
tamaşaya qoymuşdur. Bəstəkarın yaradıcılığının böyük bir
dövrü isə Almaniya ilə bağlı olmuş, müasir bəstəkarların
inkişafına kömək üçün 1997-ci ildə 2 illiyə getdiyi bu
ölkədə 12 il çalışmışdır. Həmin illərdə bəstəkarın
Almaniya və İsveçrədə 8 əsəri ifa olunmuşdur.
Professor Həcər Babayeva F.Əlizadənin yaradıcılığında ən
çətin janr olan operalardan da danışıb, müasir mövzuda
opera yazmağın çox çətin olduğunu bildirdi, bəstəkarın
yaradıcılığında "İntizar", "Sənin adın dənizdir"
operalarının xüsusi yer tutduğunu vurğuladı.
Görüşdə F.Əlizadənin Azərbaycanın Bəstəkarlar
İttifaqının sədri kimi fəaliyyətindən, ittifaqın
musiqimizin təbliği sahəsində gördüyü işlərdən də söz
açıldı.
Sonra Musiqi Kollecinin tələbələrinin ifasında konsert
proqramı təqdim olundu.
Tədbirin sonunda söz alan professor Firəngiz Əlizadə
görüşün onda dərin təəssürat yaratdığını, tələbələrin
ifalarından çox razı qaldığını söylədi və görüşün
təşkilatçılarına minnətdarlığını bildirdi.
Yusif ƏLİYEV |