Bakıdakı 191 nömrəli tam orta məktəbdə istedadlı
şagirdlərin Kiçik Akademiyasının ulu öndər Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş
II elmi-praktik konfransı keçirilib. Bir neçə bölmə
üzrə baxış müsabiqəsində iştirak edən 79 yaradıcı işdən
8-i yekun konfransa təqdim olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəhimə
Əliyeva konfransın məqsəd və vəzifələri haqqında
iştirakçılara məlumat verib. Azərbaycan Respublikasının
Dövlət himni səslənib. Tədbir iştirakçıları əvvəlcə
məktəbin foyesində istedadlı şagirdlərin əl işləri,
tətbiqi sənət nümunələri və rəsm sərgisi ilə tanış
olublar.
Sonra konfransda müxtəlif mövzularda məruzələr
dinlənilib, musiqi və ifaçılıq üzrə istedadlı
şagirdlərin çıxışları nümayiş etdirilib.
Tədbirdə BDU-nun professorları Məcnun Babayev, Şövqi
Göyçayi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri Nadir Əliyev, Sitarə Məmmədova və
başqaları çıxış edərək hər bir şagirdin yaradıcı
işini yüksək qiymətləndirib, müəllim və şagird
kollektivinə uğurlar diləyiblər.
Sonda məruzə-təqdimatla çıxış edən şagirdlər, onların
yaradıcı işlərinə rəhbərlik edən müəllimlər diplom və
fəxri fərmanla təltif ediliblər.
Şakir CƏFƏROV |