Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycan məktəblilərinin iştirakı barədə təqdimat dinlənilib

 

Mayın 26-da Təhsil Nazirliyində bu il mayın 13-dən 18-dək ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilmiş Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi və Azərbaycan məktəblilərinin sərgidə iştirakına həsr olunmuş seminar keçirildi. Təhsil Nazirliyinin rəhbərliyi və şöbə müdirlərinin, birbaşa nazirliyə tabe olan və eləcə də bir sıra digər lisey və gimnaziyaların direktorlarının, "İntel" və "Mədəd" təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq zala toplaşanları salamladı və çox mühüm bir məsələ ilə bağlı yığışdıqlarını bildirdi. Nazir diqqətə çatdırdı ki, Azərbaycan məktəbliləri bu günlərdə ABŞ-da keçirilmiş nüfuzlu Intel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ilk dəfə iştirak edərək vətənə qayıtmışlar. Toplantıda məqsəd həmin sərgi və şagirdlərimizin onda iştirakı barədə məlumatı dinləyib müzakirə etməkdir.

Sonra təhsil naziri sözügedən beynəlxalq sərgi barədə arayış verərək bildirdi ki, Intel ISEF (İntel İnternational Science and Engineering Fair) -Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir. Müsabiqənin əsas təşkilatçısı və sponsoru Intel korporasiyasıdır.

Intel ISEF müsabiəqsi 1950-ci ildən başlayaran "Society for Scence and the Public (Elm və Xalq naminə Cəmiyyət)" qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən Intel korporasiyası ISEF-in baş sponsoru kimi bu müsabiqəni özünün Intel "Təhsildə novatorluq" korporativ proqramı çərçivəsində, habelə "Intel Foundation" xeyriyyə fondunun dəstəyi ilə təşkil edir.

Nazir vurğuladı ki, Intel ISEF müsabiqəsinin keçirilməsi şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin edir, eyni zamanda "məktəb - ali təhsil müəssisəsi - doktorantura" triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsinə səbəb olur. Müxtəlif ölkələrdə müsabiqələrin keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.

Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 500-ə yaxın müsabiqənin qaliblərinin qatıldığını söyləyən Misir Mərdanov son illər Intel ISEF Beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayının xeyli artdığını, bunun da onların arasında elmtutumlu tədqiqatlara marağın yüksəlməsinin təzahürü olduğunu bildirdi. Nazir diqqətə çatdırdı ki, müsabiqədə iştirak edən ölkələrin də sayı getdikcə artır, coğrafiyası genişlənir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdisə, 2011-ci ildə ölkələrin sayı 67-yə, 2012-ci ildə isə 70-ə çatmışdır.

Nazir onu da vurğuladı ki, bu yarışmada şagirdlər üçün əsas iş yalnız mükafat qazanmaq deyil, Intel ISEF müsabiqəsində şagirdlər onları maraqlandıran sahələrdə çalışan dünya şöhrətli alim və görkəmli mühəndislərlə ünsiyyətdə ola bilir, onlara sual vermək və apardıqları tədqiqatların perspektivləri barədə daha çox məlumat əldə etmək kimi unikal bir fürsət qazanırlar. ISEF-də qazanılmış kiçik elmi nailiyyətlər isə sonralar bir çoxlarını böyük elmə gətirib çıxarır. Buna misal olaraq  nazir Intel ISEF-in 20-dən çox qalibinin sonralar Nobel mükafatı laureatı, 3 qalibinin isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olduğunu söylədi.

Diqqətə çatdırıldı ki, müxtəlif ölkələrdə Intel ISEF müsabiqəsinə seçim turunun düzgün təşkil edilməsi və bu işin səmərəliliyinin artırılması məqsədilə hər il müsabiqə ilə eyni vaxtda Intel Təlim Akademiyası fəaliyyət göstərir. Akademiyanın dinləyiciləri milli müsabiqələrin keçirilməsi barədə müxtəlif ölkələrin təcrübəsi ilə tanış olur, fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Burada müxtəlif elm adamları, ISEF-in keçmiş qalibləri və digər maraqlı şəxslərlə görüşlər təşkil olunur. Akademiyaya ilk dəfə dəvət olunan ölkələrin nümayəndələrinə milli müsabiqələrin hazırlanması və keçirilməsinə dair tövsiyələr verilir, bu sahədə fəaliyyət planının tərtib olunmasına yardım göstərilir.

Ötən il Intel ISEF müsabiqəsinin keçirilmə qaydalarını öyrənmək və müsabiqəyə qoşulmaq üçün hazırlıq işləri görmək məqsədi ilə 3 nəfərdən - G.Hüseynova (TN), R.Mahmudzadə (BDU) və Ü.Babayeva ("Mədəd") - ibarət nümayəndə heyətinin Intel Təlim Akademiyasına göndərildiyini deyən Misir Mərdanov  sonra qısa bir müddətdə  hazırlıq işləri görüldüyünü, həmin işlərin nəticəsi olaraq bu il 23-24 fevral tarixlərində ölkəmizdə Intel ISEF-ə milli seçim turu olan "Sabahın alimləri" müsabiqəsinin keçirildiyini və qaliblərin müəyyənləşdirildiyini qeyd etdi. Bildirdi ki, həmin qaliblər sırasından seçilmiş 5 nəfər şagird və onları müşayiət edən nümayəndə heyəti ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilən Intel ISEF müsabiqəsində iştirak etmişlər. Azərbaycan məktəblilərinin bu nifuzlu beynəlxalq müsabiqədə iştirakını mühüm hadisə adlandıran nazir bu işdə əməyi olanlara təşəkkür edərək gələcəkdə müsabiqəyə daha yaxşı hazırlaşmaq üçün bir sıra tövsiyə və tapşırıqlarını verdi. Yarışlara xüsusi hazırlaşmaq lazım gəldiyini vurğulayan nazir  bu məqsədlə hazırlıq mərkəzlərinin yaradılmasını, müsabiqəyə daxil olan elm sahələri üzrə tanınmış alimlərin bu işə cəlb olunmasını, hazırlıq işlərinə daha tez başlanılmasını, bu sahədə xarici təcrübənin öyrənilib nəzərə alınmasını zəruri saydı.

Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova seminarda Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinin keçirilməsi və Azərbaycan şagirdlərinin bu müsabiqədə iştirakı barədə geniş təqdimatla çıxış etdi. Təqdimatında öncə ABŞ-a gedən şagirdlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri barədə məlumat verən G.Hüseynova bildirdi ki, ilk dəfə iştirak etdiyimiz bu mötəbər yarışmada ölkəmizi Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərin 5 şagirdi təmsil etmişdir. Onlardan 4-ü 3 layihə (2 nəfəri qrup, 2 nəfəri isə fərdi layihələrlə), 1 nəfər isə müşahidəçi kimi sərgiyə qatılmışdır.

G.Hüseynova daha sonra təqdimatında Intel ISEF-in şərtləri, kateqoriyaları, yəni əhatə etdiyi elm sahələri, ölkəmizdə həmin kateqoriyalardan hansılar üzrə milli müsabiqənin keçirilməsi, 5 gün davam etmiş beynəlxalq sərginin hər günündə təşkil olunan tədbirlər, keçirilən görüşlər, müsabiqənin nəticələri, təqdim olunan mükafatlar və əsas qaliblər barədə müfəssəl məlumat verdi. Diqqətə çatdırdı ki, builki Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində 70 ölkə və regiondan gəlmiş 1500 nümayəndə iştirak edirdi. Layihələri qiymətləndirmək üçün dünyanın müxtəlif ölkələrində elm və təhsil sahəsində çalışan nüfuzlu alimlər, o cümlədən 8 Nobel mükafatı laureatı dəvət olunmuşdu. Müsabiqənin mükafat fondu 3 milyon ABŞ dolları təşkil edirdi.

G.Hüseynova çıxışının sonunda milli müsabiqənin keçirilməsində, beynəlxalq sərgiyə hazırlıqda və ABŞ-a səfərin təşkilində əməyi olan təşkilatlara, şagirdlərin layihə rəhbərlərinə öz minnətdarlığını bildirdi, bu nüfuzlu yarışmada ölkəmizdən daha çox məktəblinin iştirakını arzu etdi.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, BDU-nun professoru Rövşən Xəlilov, SDU-nun informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professoru Cavanşir Məmmədov, akademik Z.Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, BDU-nun dosenti İsmət Əhmədov və b. çıxış edərək Azərbaycan məktəblilərinin Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirakını yüksək qiymətləndirdilər, həmin müsabiqəyə hazırlıqla bağlı öz mülahizə və təkliflərini  bildirdilər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov