Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Müasir təlim metodlarından istifadə etməklə "açıq dərs"i maraqlı etdim

 

Hazırda müasir təlim metodlarından istifadə günün tələbinə çevrilmişdir. Belə dərslər şagird təfəkkürünün, idrakının inkişafına xidmət edir, şagirdi əzbərçilikdən çox tətbiqə, təcrübəyə öyrədir. Müasir təlim metodları şagirddə fəallığı artırmaqla yanaşı, onda məntiqi düşüncə yaradır. Məntiqlə bilik paralel inkişaf edərək şagirdi həyata hazırlayır.

Bütün bu proseslərin aparılmasında yenə də müəllimin böyük rolu var. Mən 261 nömrəli məktəb-liseydə 25 ilə yaxındır ki, müəllim işləyirəm. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Bu gün müasir təlim metodlarından istifadə etməklə dərslərimdə böyük uğurlara müvəffəq olduğumu açıq-aşkar hiss edirəm. Azərbaycan dili və ədəbiyyatdan keçdiyim dərslərdə müasir təlim metodlarından və İKT-dən istifadə edərək fərqli nəticələr əldə edirəm.

Bu yaxınlarda VIII sinifdə Azərbaycan dili dərsində "Xitablar. Xitabların quruluşca növləri" mövzusunda "açıq dərs" keçdim. Dərsimdə interaktiv üsulların bir çoxunu tətbiq edərək 45 dəqiqə ərzində bütün məqsədlərimə nail ola bildim.

Qruplarla iş, rollu oyun, əqli hücum, işgüzar səs-küy, müsahibə üsullarından istifadə edərək elektron lövhədə "Xitab haqqında" təqdimatla dərsə başladım. Sinif qruplara bölündü. Qruplar "Xəbər", "Mübtəda", "Təyin", "Tamamlıq", "Zərflik" adlandırıldı. Liderlər qrup üzvləri tərəfindən seçildilər və özlərini təqdim etdikdən sonra keçmiş dərsin mövzusunu soruşdum. Keçmiş dərsin mövzusu "Cümlə üzvləri ilə əlaqəsi olmayan sözlər" idi. Bu mövzu haqqında şagirdlər rollu oyun vasitəsi ilə danışdılar. Sinələrində "Mübtəda", "Xəbər", "Təyin", "Tamamlıq", "Zərflik", "Ara söz" və "Xitab" yazılmış 7 şagird lövhə qarşısına çıxdı. Divardan asılmış cibdən hərəsi öz adına uyğun söz götürərək elə düzüldülər ki, 7 şagird ara söz və xitab işlənən geniş cümlə şəklini aldı. Bu cümlə ilə rollu oyun bitdikdən sonra şagirdlərə işçi vərəqləri paylamaqla yeni mövzuya başladım. İşçi vərəqləri "Xitabın quruluşca növü"nə aid cümlələrdən ibarət idi. Şagirdlər öz qruplarına verilmiş işçi vərəqlərində yazılmış cümlədə sadə və mürəkkəb xitabları tapdılar. Hazır işçi vərəqləri elektron lövhədə slayd şəklində göstərildi. Yeni mövzunun möhkəmləndirilməsi məqsədi ilə qruplara test tapşırıqları payladım. Şagirdlər test tapşırığını həll etdikdən sonra cavablandırdılar. Testlərin hazır cavabları yenə də hər qrupun cavabından sonra bir-bir elektron lövhədə göstərildi.

Bu mərhələdən sonra şagirdlərin diqqətini divardan asılmış Venn diaqramına cəlb etdim. Venn diaqramının içərisində xitabla mübtədanın fərqli və oxşar cəhətlərini şagirdlər bir-bir yazdılar. Dolmuş Venn diaqramını elektron lövhədə göstərdim.

Şagirdlərə  bədii xitablar haqqında qısa məlumat  verdim. Sonra elektron lövhədə "Tülkü və qarğa" nağılına çəkilmiş illüstrasiyanı göstərərək bədii xitablı cümlələr qurmağı tapşırdım. Şagirdlər bu mərhələdə də fəal iştirak etdilər. Ən yaxşı cümlə quran şagird qiymətləndirildi. Elektron lövhədə "20 Yanvar" hadisələrini əks etdirən səsli bir fraqment göstərdim, yenə də fraqmentə baxaraq şifahi nitqin inkişafı və müstəqil düşünmə qabiliyyətini artırmaq məqsədi ilə bədii xitablı cümlələr qurmağı tapşırdım. Bu dəfə də ən yaxşı cümlə düzəldən şagirdi həvəsləndirərək yüksək qiymətləndirdim.

Müsabiqə üsulunu tətbiq etmək məqsədi ilə şagirdlərin diqqətini divardan asılmış boş xanalı krossvordlara yönəltdim. Krossvordun birincisində xitab sözü şaquli, ikincisində isə üfiqi vəziyyətdə yazılmışdı.

Birinci krossvord fəndaxili, ikinci krossvord isə fənlərarası əlaqə yaratmağa xidmət edirdi. Şagirdlər bütün xanalardakı sözləri tapandan sonra krossvordların doldurulmuş formasını elektron lövhədə göstərdim.

Sonda qruplara tapşırdım ki, öz aralarında bir-birlərini qiymətləndirsinlər. Qiymətləndirmə bitəndən sonra qruplar arasında narazılıq yaranmasını nəzərə alaraq münsiflərdən - dərsdə iştirak edən müxtəlif fənn müəllimlərindən şagirdlərə qiymət vermələrini xahiş etdim.

Qiymətləndirmə mərhələsi hər bir şagirdin nəyə qadir olmasının üzə çıxmasında böyük rol oynayır. Evə tapşırıq mərhələsini də 45 dəqiqənin son saniyəsinə qədər çatdıra bildim.

Beləliklə, şagirdlərin müstəqil düşünmə qabiliyyətlərini inkişaf etdirmək yolu ilə cümlə üzvləri və qrammatik cəhətdən bağlı olmayan sözlər haqqında biliklərini daha da genişləndirmək və möhkəmləndirmək məqsədimə nail oldum.  

Qənimət HƏSƏNOVA,
Bakıdakı İlham Məmmədov  adına 261 nömrəli məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov