Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

"Hər yeni il gələndə gözləyirdim ki, möcüzə baş verəcək"- Xalq artisti Həmidə Ömərova ilə söhbət

 

- Həmidə xanım, söhbətimizə uşaqlıq xatirələrinizdən başlayaq.

- Mən 25 aprel 1957-ci ildə Bakıda  müəllim ailəsində doğulmuşam. Atamla anam eyni  institutu bitiriblər. Atam Qazax rayonundan, anam Bakıdan idi. Atam fransız, anamsa ingilis dilini tədris edirdi.

İlk uşaqlıq illərim dəmiryol idarəsinin uşaq bağçasında keçib. Bağça xatirələrim o qədər çoxdu ki, hətta o mövzuda silsilə hekayələrim də var. O günlərdən ən çox yadımda Şaxta baba qalıb. Anamgilin dediyinə görə bu danışdığım "Şaxta baba əhvalatı" olanda mənim təxminən 3-4 yaşım varmış. Amma, inanın ki, özümün də yadıma gəlir. Deməli, bağçada yolka şənliyidir.  Valideynlər də gəlib. Şaxta baba şənliyin sonunda uşaqlara hədiyyə paylayır. Növbə mənə çatanda, mən hədiyyədən imtina etmişəm. Hamı məəttəl qalıb ki, mən nə üçün hədiyyə istəmirəm. Şaxta baba mənə deyib ki, hədiyyəni götürüm, sonra nə desəm Şaxta baba onu da yerinə yetirəcək. Mən Şaxta babaya demişəm ki, hədiyyəni götürürəm, amma siz elə eliyin ki, atamla anam həmişə bir yerdə - mənim yanımda olsunlar. Şaxta baba söz verir ki, sabah atam gələcək. Onda atam rayonda işləyirdi. Anam isə mühitə alışa bilmədiyindən məni də götürüb Bakıya dönmüşdü.

Yadımda deyil, həmin gününmü axşamı, yoxsa ertəsi günümü, atam gəldi, yəni, bir körpə uşağın möcüzəsi baş verdi. Atam gəldi, anamla məni götürüb şəhərə gəzməyə apardı. İndi də xatırlayıram, mənim üçün qara rəngdə oyuncaq royal da gətirmişdi. Mən onun dillərini taqqıldadanda elə bilirdim məndən bəxtəvər uşaq yoxdur. Atam dünyadan cavan köçüb. Sonralar hər yeni il gələndə, gözləyirdim ki, möcüzə baş verəcək. Atalı-analı günlərim qayıdacaq. Çox sonralar anladım ki, möcüzələr yalnız bircə dəfə ola bilir.

- Ailənizdə incəsənətlə bağlı kimsə olubmu?

- Anamın çox gözəl səsi vardı. Hətta bir müddət - institutdan əvvəl - konservatoriyada - Xan Şuşinskinin sinfində oxuyub. Sonra dayılarım anamın oxumağına icazə verməyiblər. O da konservatoriyadan çıxıb Xarici Dillər İnstitutuna daxil olub.

Anam ömrünün son illərində, ağır xəstə olanda belə, həzin-həzin "Qaragilə"ni züm-zümə edərdi. Səsi də dəyişilib eləməmişdi, elə cavanlığındakı kimi məlahətliydi.

- Məktəb illəri hamı üçün həqiqətən də unudulmazdı...

- Elədir. Dördüncü sinfə qədər 199 nömrəli, yuxarı siniflərdə isə 240 nömrəli orta məktəbdə təhsil almışam. Fəal şagird idim, bütün dərslərimi "əla" oxuyurdum. Hətta məktəbi bitirən ərəfədə qızıl medala namizəd idim. Anam hey arzulayırdı ki, mən həkim olum. O da çox hökmlu qadın idi.

15 yaşım olardı. Səkkizinci sinifdə oxuyurdum. Anam müalicəyə gedirdi, təbii ki, məni də özü ilə aparardı. Bir dəfə orada bir nəfər orta yaşlı bir kişi, məndən soruşdu ki, qızım teatra gedirsən, yoxsa yox? Dedim, getmirəm, dərslərimi oxuyuram, amma televizorda baxıram. Sonra o kişi başladı oynadığı rolları sadalamağa. Heç demə, o məşhur aktyor Rza Əfqanlı imiş. Mən rolların çoxunu tanıdım, ekranda izləmişdim. Axırda mənə dedi ki, qızım, səndən gözəl aktrisa olar. Sənin gözəl, mənalı, iri gözlərin var. Bu söz elə hey fikrimdə dolaşdı uzun müddət. Ancaq orta məktəbi bitirib həvəsim olmadan ADU-nun (indiki BDU) filologiya fakültəsinin tələbəsi oldum. I kursu yaxşı qiymətlərlə başa vurdum. Ancaq o fakültə məni darıxdırırdı. Bilmirəm niyə? Hiss edirdim ki, yerimdə deyiləm, düzgün seçim etməmişəm. Sənədlərimi geri alıb yenidən qəbul komissiyasına təqdim etdim. Həmin dövrdə mən rəssamlıqla da məşğul idim. Müxtəlif rəsmlər, portretlər çəkirdim. Elə həmin vaxt eşitdik ki, Moskvadan müəllimlər gəlib, kinematoqrafiya institutuna tələbə yığırlar. Anam təbii ki, "yox" dedi. Onu da qınamaq olmazdı. Təsəvvür edin, ilk iki övladını (biri oğlan, biri qız) itirib, yeganə ümidi mənəm. İndi məni - 17 yaşlı gənc qızı necə təkbaşına yad yerə buraxsın?!

Amma dediyimdən dönmədim, Moskva Kinematoqrafiya İnstitutuna daxil oldum. Anam məni Moskvada yerbəyer edib Bakıya qayıtdı. Dərs deyirdi, maaşının çox hissəsini mənə göndərirdi. 1975-1979-cu illərdə Moskvada ali təhsil alanda, hər gün anamdan məktub almışam. Bakıya qayıdanda düz bir çamadan anamın məktubunu gətirdim. 1980-ci ildə 14 nəfər azərbaycanlı tələbə təyinatla gəldik Azərbaycan Kinostudiyasına.

- Həmin 14 nəfərdən indi tanınanları var?

- Əlbəttə, demək olar ki, hamısı. "Yeddi oğul istərəm"də Qəqəni - Fərhad İsmayılov, "Yuğ" teatrından Sona Mikayılova  - indi əməkdar artistdi, Fərqanə Quliyeva - indi ADMİU-da kinematoqrafiyadan dərs deyir. Züleyxa Zülfüqarova - Oqtay Zülfüqarovun qızı, Ötkəm İsgəndərov - aktyorluq fakültəsinin dekanıdı, həm də əməkdar artistdi. Ömür Nağıyev - Rus Dram Teatrının aktyorudu - o da əməkdar artistdi, Əliqulu Səmədov - əməkdar artistdi, kinostudiyada rejissordu. Vəliəhd Vəliyev 10 ildi Amerikada yaşayır.

- İlk rolunuz?

- Dördüncü kursda oxuyanda "Lenfilm"in çəkdiyi "Diş həkimi" filmində balaca qız rolunu oynadım. Kiçik, qısametrajlı film idi. Müəllimimiz - SSRİ xalq artisti Matveyev bizə qarşı çox tələbkar idi. O, tələbələrinə filmə çəkilməyə icazə vermir, deyirdi ki, tələbə bütün tədris kursunu keçməlidir, sonra filmə çəkilə bilər.

Amma mən onda da, indi də o fikirlə razı deyiləm. Təcrübə ayrı şeydir. Məncə, tələbə elə oxuya-oxuya, təhsil ala-ala çəkilməlidir. Çünki, işləməkdən böyük təcrübə yoxdur. Ən böyük müəllim də elə iş prosesidi, təcrübədi.

- Sizə doğma rol hansıdır?

- Nəbi Xəzrinin "Əks-səda" pyesi əsasında Oqtay Mirqasımovun çəkdiyi "Ağlamaq istəyirəm" filmində professorun qızı Çinarə - ərköyün, şıltaq, saf, eyni zamanda özünün xarakteri olan bir qız. Bir də "Nizami" filmindəki Afaq...

- Heç həsəd apardığınız rol olub?

- Yox, heç vaxt olmayıb. Çünki elə rollarımın da həyatı öz həyatım kimi olub... Çətin, keşməkeşli, zəhmətli...

- Sənətdə ilk addımlarınız yadımdadır. Gözəl, cazibədar, yaddaqalan. Bəs nədən ailə həyatı gec qurdunuz?

- Gənc idim, enerjili idim. Dalbadal filmlərə çəkilirdim. Heç başımı qaldırmağa vaxtım olurdu ki, bir ətrafıma da baxım?! İşim o qədər çox idi ki, şəxsi həyatıma vaxt qalmırdı.

- Bəs sonra?

- 1992-ci ildə İranda səfərdəydik. İlk müştərək Azərbaycan-İran filmiydi. Filmin rejissoru Həsən Məmmədzadə əslən Urmiyadan olan azərbaycanlıydı. Baş rolda Rasim Balayev çəkilirdi. Mənim də rolum vardı. Bakıdan 13 nəfər getmişdik çəkilişə. Lətifə Əliyeva, gənc aktrisa Bahar da bizimlə idi. Film Urmiyada çəkilirdi. Qaldığımız yerdə bizə xidmət göstərən, yır-yığış, təmizlik işlərinə baxan bir qadın məndən soruşdu ki, neçə uşağın var. Dedim hələ ailə qurmamışam. Xidmətçi qadın başını tutdu: Mən də sənin yaşdayam, amma 4 uşağım var, bəs sən haçan uşaq sahibi olacaqsan?

Açığı Bakıda mənə belə sərt söz deyən olmamışdı. Hamı deyirdi, sənə yaradıcılıq uğurları arzulayırıq və s.

O xidmətçi qadının sözü məni tutdu. Bir neçə ay sonra özümdən bir yaş böyük bir nəfər mənə evlənmə təklifi etdi. Qəbul etdim. 1993-cü ildə evləndik. Bir il sonra - 1994-cü ildə Rəhim balam dünyaya gəldi. İndi Aviasiya Akademiyasının tələbəsidir.

- O illər "Retro" da baxımlı veriliş idi.

- 1986-cı ildə "Bayramda yağış"a çəkilirdik. Martın ilk günləriydi. Soyuq hava, amma yağış yox. Yanğınsöndürən maşınlar süni yağış səhnəsi düzəltmişdilər. Çəkiliş Dağüstü parkda idi.

Bu vaxt telestudiyadan Mübariz mənə yaxınlaşıb rus dilində soruşdu ki, azərbaycanca yaxşı danışa bilirsən? Dedim, əlbəttə, bilirəm. Dedi, bizdə bir yeni veriliş var, gələrsən, sınaqdan keçərsən. Mən də çəkilişdən sonra getdim telestudiyaya, rəhmətlik Əhməd Aşurbəyov məni qarşıladı, bəyəndi, dedi ki, həftədə bir dəfə gəlib verilişi apararsan. 1986-cı il 8 martda ilk verilişim efirə getdi.

- Bəs pedaqoji fəaliyyətə nə vaxtdan başladınız?

- 1990-cı ildə, incəsənət (ADMİU) universitetinin rektoru Timuçin Əfəndiyev mənə təklif etdi ki, yeni kafedra açılır, istəyirəm ki, orada kinoşünaslıqdan dərsi sən deyəsən.

Ata-anam müəllim olduğundan bilirdim ki, bu iş çox məsuliyyətli, böyük səbr, zəhmət tələb edən işdi. Evə o qədər yorğun gəlirdim ki, dərs deməyə artıq gücüm yetməz deyə düşünürdüm. Fikrimi Timuçin müəllimə bildirdim. Dedi, eybi yox, onda saat hesabı dərs deyərsən. Razılaşdıq.

Amma müəllimlik elə bir sahədir ki, başladın, ayrıla bilmirsən. Bir müddət saat hesabı işlədim, sonra yarım ştat oldum, sonra ştata keçdim, 6 il də kafedra müdiri işlədim. Hazırda incəsənət universitetinin dosentiyəm.

Öz ixtisasım üzrə iki tədris kitabının müəllifiyəm. İndi də dünya kino tarixi üzrə təzə proqramın tərtibi üzərində işləyirəm, bitirmək üzrəyəm.

1986-cı ildə ekranda müasir qadın obrazlarına görə Lenin komsomolu mükafatı aldım. 1987-ci ildə əməkdar artist, 18 il sonra 2005-ci ildə isə xalq artisti adını aldım.

Bir də yenidən dünyaya gəlsəm sənətimi dəyişməzdim, yenə müəllimlik edər, yenə veriliş hazırlayar, yenə də aktyorluq sənəti ilə məşğul olardım. 

Söhbəti yazdı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov