Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA)
Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə "Təhsil
informasiya sisteminin yaradılması layihəsi
(2011-2013-cü illər)" çərçivəsində qrant layihəsini
həyata keçirir.
AzərTAc xəbər verir ki, bu qrant layihəsi AzTU-da
akademik təhsilin səmərəsini artırmaq məqsədilə
universitetin idarə olunmasının elektronlaşdırılmasını
və akademik təhsil sisteminin idarə edilməsi üçün lazımi
texniki yardımın göstərilməsini əhatə edir.
Sistemin təhlili, layihələndirilməsi, avadanlıqla
əlaqədar müzakirələrin aparılması və layihənin icra
edilməsi məqsədilə dörd koreyalı mütəxəssis Azərbaycana
ezam olunmuşdur. Onlar işləri sentyabrın 14-dək başa
çatdıracaqlar.
Sistemin yaradılması ilə bağlı işlər tamamlandıqdan
sonra artıq tələbələrin qeydiyyatdan keçmək üçün
universitetə gəlmələrinə ehtiyac qalmayacaqdır. Bundan
başqa, gələcəkdə onların online yolla ev şəraitində
universitetin akademik fəaliyyətində iştirakları mümkün
olacaqdır. Layihənin ilin sonunadək tamamlanması
nəzərdə tutulmuşdur. |