Dilimizin
gözəlliyini duymaq, mənimsəmək, bu gözəlliyi hər zaman
təbliğ etmək, bu dildə düzgün və gözəl damşmaqla hamıya
nümunə olmaq hər şəxsin ümdə vəzifəsidir. Hazırda
təhsilimizin qarşısında duran mühüm vəzifələrdən biri də
yüksək bilik və bacarığa, müstəqil düşüncəyə və yaradıcı
təfəkkürə malik, öz vətənini böyük məhəbbətlə sevən,
milli və bəşəri dəyərlərə hörmət edən şəxsiyyət
formalaşdırmaqdır ki, bu işin də böyük ağırlığı
humanitar fənlərin, xüsusilə də Azərbaycan dili və
ədəbiyyat fənlərinin üzərinə düşür.
Şəxsiyyəti səciyyələndirən əsas amillərdən biri də
şəxsin özünü ifadə etmək bacarığı, yəni onun nitqidir
(Sokratın "Bir səsini çıxar, deyim ki, sən kimsən"
aforizmi burda lap yerinə düşür). Danılmaz faktdır ki,
hər bir insanın intellekt və bilik səviyyəsi,
mədəniyyəti onun nitqində təzahür edir. Bu nitqi
formalaşdırmaq, inkişaf etdirmək, şagirdlərə düzgün və
savadlı danışıq mədəniyyəti vərdişləri aşılamaq isə
məktəbin vəzifəsidir. Etiraf edək ki, bu gün məktəblərdə
yaşanan ən böyük problemlərdən biri məhz nitq problemi -
şagirdlərin doğma dildə səlis danışa bilməməsidir. Belə
ki, şagirdlərin əksəriyyəti fikrini sərbəst söyləyə
bilmir, dərs danışanda söz tapmağa çətinlik çəkirlər.
Az-çox danışa bilən şagird də fikrini çox sadə "uşaq
cümlələri" şəklində ifadə edir. Eyni vəziyyət inşa
yazıda da müşahidə olunmaqdadır. Şagirdlər
düşündüklərini yazıya çevirməkdə əziyyət çəkirlər,
nəticədə çoxlu sayda üslub səhvlərinə yol verirlər.
Bəs şagird nitqinin formalaşması və mədəni sferaya daxil
olması üçün nə etmək lazımdır?
İlk növbədə, mütaliə mədəniyyəti formalaşdırılmalıdır.
Öz təcrübəmə əsaslanaraq, şagirdlərdə nitq
mədəniyyətinin formalaşdırılmasında və inkişaf
etdirilməsində mütaliənin əvəzsiz rolunu və yazı
işlərindən istifadənin zəruriliyini əsaslandırmağa
çalışacağam. Danılmaz faktdır ki, mütaliə şagirdin
nitqini həm formalaşdırır, həm də zənginləşdirir.
Mütaliə zövq və təfəkkürü tərbiyə edir. Oxunan hər bir
kitab, istər elmi, istərsə də bədii olsun, şagirdin
dünyagörüşünü artırır, ona həyat hadisələrindən baş
açaraq düzgün istiqamətlənməyə, müstəqil öyrənməyə və
qərar verməyə kömək edir. Bu da nəticə etibarı ilə yenə
də şagirdin düzgün, mədəni nitqində təzahür edir. Çox
mütaliə edən uşaqların intellekti sürətlə inkişaf edir
və başqalarından fərqlənir. Bunun bariz nümunəsi
cəmiyyətdə mütaliə edən uşaqlarla mütaliə etməyən
uşaqlar arasındakı kəskin fərqdir ki, bu fərq ünsiyyət
prosesində dərhal üzə çıxır.
Mütaliə şagirdin qərarvermə qabiliyyətini püxtələşdirir,
sözü keçən bir insan olması üçün şərait yaradır.
Uşaqlarda mütaliə vərdişinin erkən yaşlardan aşılanması
olduqca vacib amildir. Bu vərdişin əsası aşağı
siniflərdə düzgün qoyularsa, ardıcıl aparılarsa və
dinamik şəkildə inkişaf etdirilərsə uğurlu nəticə əldə
etmək olar.
Bunu nəzərə alaraq mən dərs dediyim siniflərdə həftədə
bir dəfə mütaliə saatı təşkil edirəm (həmin gün dərs
ilinin əvvəlindən müəyyənləşdirilir və dəyişməz olaraq
qalır). Mütaliə olunacaq kitablarda mövzuların müxtəlif,
rəngarəng olmasına çalışıram. Məsələn, həftənin bir günü
dünya ədəbiyyatına - "Dünya ədəbiyyatından seçmələr"
mövzusuna həsr olunursa, o biri dərs həftəsi folklor
ədəbiyyatına - nağıllara, dastanlara, lətifələrə və s.
həsr olunur. Sinifdənxaric oxuya ayrılmış dərs saatında
oxunan əsərlər birgə müzakirə olunur. Bu həm qrup
şəklində, həm fərdi həyata keçirilə bilər. Əsərlərin
təhlili zamanı "Müəllif nə demək istəyir?", "Əsər sənə
nə öyrətdi?", "Siz qəhrəmanın yerinə olsaydınız nə
edərdiniz?", "Əsərin sonluğunu sən necə bitirmək
istərdin?", "Hansı fikirlə razılaşmırsan?" suallarının
ətrafında gedən müzakirələrdə müxtəlif
nöqteyi-nəzərlərin toqquşması əsərin məzmununu daha
yaxşı qavramağa imkan yaradır, nəticəçıxarma prosesinə
müsbət təsir edir. Şagird hər hansı bir mövzunun,
ideyanın, problemin həllində müəllimlə birgə
bərabərhüquqlu şəxs qismində çıxış edir. Şagirdin özünə
inamı artır, o öz fikrini çatdırmağa qorxmur, potensial
imkanlarını gerçəkləşdirir. Bütün bunlar şagirddən
müstəqil, öz fikirlərində, mühakimələrində azad olmağı,
məsuliyyətli və tənqidi düşünməyi, mövqeyini müdafiə
etmək bacarığını tələb edir. Bu tələb bugünkü
cəmiyyətin, sürətlə dəyişən dünyamızın real tələbidir.
Təlim isə bu reallıqlardan, inkişafdan kənarda mövcud
ola bilməz. Əksinə, təlim bu reallıqların birbaşa
mərkəzində dayanıb, yeni cəmiyyətə, inkişafa təkan verən
həlledici amildir. Biz daim dəyişən həyatın şəraitinə
uyğunlaşmaq üçün çevik, hər bir şəraitdən tez baş
çıxaran, təşəbbüs göstərməyi, müstəqil olaraq yeni
məsələləri qarşıya qoymağı və qərar qəbul etməyi bacaran
şagird - şəxsiyyət yetişdirməliyik. Bunun üçün həmin
şagird-şəxsiyyətə "danışmağa imkan verməliyik". Əgər biz
istəyiriksə uşaqlar dediyimizi etsinlər, ancaq onlara
özləri bildiyi kimi fikirləşməyə və fikirlərini bizimlə
bölüşməyə imkan vermiriksə, deməli, birinci maneəni
özümüz yaradırıq. Şagirdlərə ağıllı, məntiqli söz demək
azadlığı verilməlidir ki, onlar sabah "çətinləşən
dünyamızdan" baş çıxara bilsinlər. Gəlin razılaşaq ki,
"Danışmaq gümüşdürsə, susmaq qızıldır" tendensiyası
bugünkü cəmiyyətə aid edilə bilməz. Əminəm ki, mənimlə
razılaşmayanlar da olacaq. "İndiki uşaqlar ancaq
kompüterlə maraqlanır", "Əksəriyyət mütaliəyə önəm
verir". "Yaxşı əsərlər yazılmır" fikri ilə az-çox mən də
razıyam. Ancaq bütün bunların obyektiv səbəbləri olduğu
kimi subyektiv səbəbi də var. Həmin subyektiv səbəb
mütaliəni sevdirə bilməyən müəllimdir. Mütaliə
mədəniyyətinin formalaşdırılmasında ailənin də rolu
inkarolunmazdır.
Yadımdadır, dərs dediyim sinifdə şagirdlərlə birgə
Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan Alabaş"
əsərini təhlil edirdik. Əsər şagirdlərin o qədər xoşuna
gəlmişdi ki, müəllifın digər əsərlərini də sevərək
oxuyan şagirdlər tapıldı.
Nitqin inkişafı Azərbaycan dili təliminin ana xəttini
təşkil edir. Azərbaycan dili proqramında şagirdlərin
nitqini inkişaf etdirmək ön planda dayanır və bu işə
"Rabitəli nitqin inkişafı" adlı xüsusi bölmə həsr
olunur. Həmin bölmə 5-11-ci siniflərin hər birində
verilir, ona ayrıca vaxt ayrılır. Şagirdlərin düzgün
yazı və nitq vərdişlərinə yiyələnməsində rabitəli nitqin
inkişafına ayrılmış saatların mühüm əhəmiyyəti var.
Sovet təhsil sistemində müstəqil düşüncə qəbul
edilmədiyindən inşa yazılarını əzbərləyib köçürmək bir
ənənə idi. Bu, həm orta, həm də ali məktəblərdə tətbiq
olunurdu. Biz, o cümlədən, mən sovet təhsil sisteminin
yetirməsi kimi bu ənənə ilə tərbiyə alıb böyümüşük. Öz
fikrimizi deməyə imkan vermədikləri üçün düşündüyümüzü
deməkdən və yazmaqdan çəkinmişik. Bu "qorxu" bizdə
zaman-zaman bir növ kompleksə çevrilib. Ancaq az da
olsa, məktəblərdə adıçəkilən problem bu gün də
yaşanmaqdadır. Müəllim işlədiyim müddətdə daim buna
qarşı mübarizə aparmışam. Şagirdlərin müstəqil fikir
söyləmək, fikrini izah etmək və müstəqil inşa yazmaq
qabiliyyətini inkişaf etdirməyə çalışmışam. Dəfələrlə
şagirdlərimə bildirmişəm ki, onların fıkri mənim üçün
maraqlıdır. Dərsi əzbərləmək olar, fikirləri əzbərləmək
olmaz. Fikir müstəqil düşüncənin ifadəsidir. İnşa yazı
kitablarındakı şablon fikirləri əzbərləmək kimin isə
fikirlərini yamsılamaq deməkdir. "Hazır fikirlər,
düşüncələr" şagirdlərin sərbəst düşünmək qabiliyyətini
əlindən alır. Şəhidlik, vətən, torpaq haqqında boğazdan
yuxarı yazılmış, təkrarlanan sözlər şagirdləri yalançı
vətənpərvərə çevirir. Bəs çıxış yolu nədədir?
Məlum məsələdir ki, bu gün təhsilin qarşısında duran
mühüm vəzifələrdən biri şagirdlərin qazandıqları
biliklərin praktikada əhəmiyyətini dərk etməsidir. Yəni
şagird fıkirlərini nə üçün paylaşdığını, bunun nə kimi
əhəmiyyəti olduğunu dərk etməlidir. Özünüz düşünün, on
bir il inşa, esse və s. yazan şagird yazı işini nə üçün
yazdığını dərk edə bilmir. Bunun şagirdlər tərəfindən
yanlış olaraq mənasız olduğunun qəbul olunması onlarda
pis vərdişə çevrilir. Buna görə də onlar üzündən
köçürməyi adət edirlər.
Şagirdlər, o cümlədən müəllimlər bilməlidir ki, inşa
yazı işi sərbəst düşüncə tərzi formalaşdırır,
şagirdlərin rabitəli nitq vərdişini inkişaf etdirir,
lüğət ehtiyatını, ünsiyyət bacarığını, düşündüklərini
yazıya çevirə bilmək qabiliyyətini zənginləşdirir.
Şagirdlərin hər hansı bir mövzu ətrafında istək və
arzularına, fikirlərinə müəllim tərəfindən müəyyən
istiqamət verilərsə, həmin fikirlər öz ifadəsini yazı
işində mütləq tapacaq.
Sərbəst yazı işləri şagird xarakterinin açılmasında
mühüm rol oynayır. Eyni mövzuda yazılan yazı işləri
şagirdlərin müxtəlif baxışlarını ortaya qoyur. Öz
təcrübəmdən misal çəkmək istəyirəm. İş fəaliyyətimə
yenicə başladığım illərdə şagirdlərim Xocalı faciəsinin
on ikinci ildönümünə həsr olunmuş broşüra
hazırlamışdılar. Yekun olaraq, hər şagird fikrini bir
cümlə ilə bitirmişdi. Fikirlər olduqca müxtəlif
emosiyaların ifadəsi idi. Bu gün də o sözləri
xatırlamaqla anlayıram ki, hər şagirdin özünəməxsus
"dünyası" var. Bu dünyanı kəşf etmək, anlamaq isə biz
müəllimlərin borcudur. Məsələn, şagirdim Kənanın ən
böyük arzusu o idi ki, tezliklə Qarabağ müharibəsi
bitsin və biz o yerlərə qonaq gedək. Başqa bir
şagirdimin arzusu o idi ki, o gün olsun, Qarabağda
işığımız yansın. Guya Qarabağda hərbi xidmətdə olan
şagirdim Rəşadın isə anasına yazdığı məktub olduqca
təsirləndirici idi: "Ana, məktubu səndən uzaqlarda
yazsam da, ürəyim səninlədir. Ana, buralar çox soyuqdur.
Ancaq deyə bilmərəm, bəlkə sənsizliyim məni bu qədər
üşüdür?".
Göründüyü kimi, hər cümlənin arxasında sevən, nifrət
edən, arzuları olan, fikirlərini başqaları ilə paylaşmaq
istəyən bir insan xarakteri dayanır. Əsl müəllim odur
ki, şagirdin daxili dünyasına nüfuz edə, onu kəşf edə
bilsin. Əgər bunu bacarmırıqsa, günahı şagirddə yox,
özümüzdə axtarmalıyıq. Əminəm ki, tətbiq olunan
kurikulum nitq problemini zaman-zaman aradan qaldıracaq.
Natəvan MƏMMƏDOVA,
Bakıdakı E.Məmmədov adına 189 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi |