Bu
gün Azərbaycanımızın müstəqil dövlət olaraq sürətlə
inkişaf etdiyi bir dövrdə təhsildə də böyük islahatlar
həyata keçirilir. Bu islahatlar biz müəllimlərin
qarşısında önəmli vəzifələr qoyur. Hazırda milli zəminə
və bəşəri dəyərlərə əsaslanan, yüksək insani
keyfiyyətləri özündə birləşdirən Azərbaycan dövlətinin
gələcəyi üçün savadlı, intellektli, sağlam düşüncəli,
vətənpərvər şəxsiyyətlər yetişdirilməsi əsas vəzifə
hesab olunur.
Ulu öndər Heydər Əliyev demişdir: "Müəllim dünyada
yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini -
uşaqların tərbiyəsini yalnız ona etibar edir". Odur ki,
müəllim həmişə yaradıcı və axtarışda olmalıdır.
Milli təhsilimizin Qərb təhsil sisteminə inteqrasiyasını
olduqca vacib və aktual məsələ hesab edirəm. Bu gün
müstəqil respublikamızın xarici dillərə mükəmməl
yiyələnmiş, yüksək intellektli gənclərə olduqca böyük
ehtiyacı var. Milli təhsilimizin qarşısında duran ən
başlıca məsələ də ölkəni savadlı kadrlarla təmin
etməkdir. Həmin gənclər yeni texnologiyalara yiyələnmək,
xarici ölkələrlə əməkdaşlığı dərinləşdirmək üçün mütləq
xarici dilləri öyrənməlidirlər. Mən də ingilis dili
müəllimi olaraq bu istiqamətdə çalışıram. Dərslərimdə
fəal təlim üsullarından istifadə edirəm. Yeni təlim
üsulları şagirdlərin müstəqil düşüncəsinə və nəticə
çıxarmasına kömək edir. Fəal təlim zamanı bütün
şagirdlər dərs prosesində iştirak edir və müstəqil
fikirlərini söyləyirlər. Dərs prosesində qruplarla işə
üstünlük verirəm. Belə dərslər zamanı şagirdlərin idrakı
inkişaf edir, onlar düşünür, fikir mübadiləsi aparırlar.
Dərsdə qurulan motivasiyalara şagirdlər daha böyük maraq
göstərirlər.
Şagirdlərin böyük maraq göstərdiyi amillərdən biri də
biliyin qiymətləndirilməsidir. Belə ki, mən çalışıram
ki, biliklərin qiymətləndirilməsini şagirdlər özləri
həyata keçirsinlər. Bu, şagirdlərin dərs gedişində daha
fəal müşahidə aparmasına, diqqətli olmasına və nəticə
çıxarmasına kömək edir. Aydındır ki, hər hansı bir
xarici dildə danışmaq üçün kifayət qədər söz ehtiyatı
olmalıdır. Bu məqsədlə mən müxtəlif didaktik oyunlardan,
krossvordlardan və anaqramlardan istifadə edirəm.
Şagirdlərin ingilis dilində sərbəst danışmaları üçün
dialoqların rolu böyükdür. Odur ki, mən mövzulara aid
dialoqlardan istifadə edirəm. Şagirdlərin fərdi, daxili
potensialını üzə çıxarmaq üçün dərsdə layihələr üzrə iş
aparıram. Layihələrlə işləyərkən şagirdlərin yaradıcı
təfəkkürü inkişaf edir, onlar müqayisə etmək bacarığına
yiyələnirlər, axtarışlar aparır və əldə etdikləri
nəticəni tətbiq etməyə çalışırlar.
Məsələn: "World literature" ("Dünya ədəbiyyatı")
mövzusundakı layihədə şagirdlər çox maraqla işlədilər.
Onlar İnternetdən əldə etdikləri materiallardan müxtəlif
bukletlər, divar qəzeti hazırladılar. Dünya şöhrətli
ingilis yazıçısı V.Şekspirin "Hamlet" əsərini ingilis
dilində səhnələşdirdilər.
Mən ingilis dilinin bu gün əhəmiyyətini dərk edib öz
üzərimdə daha çox çalışıram. "İnteraktiv təlim
metodları", "İKT", "İntel - Gələcək üçün təhsil",
"Mimio-İnteraktiv lövhə ilə tədris" və digər mövzularda
kurs və konfranslarda iştirak etmişəm. Bu kurslarda
öyrəndiklərimi dərslərimdə tətbiq edirəm.
Elm və texnikanın yüksək sürətlə inkişaf etdiyi bir
vaxtda İKT-dən istifadənin böyük əhəmiyyəti vardır. Bu
məqsədlə çalışıram ki, keçdiyim bütün elektron dərslər
şagirdləri texnologiya vasitəsi ilə düşünməyə, təsəvvür,
tətbiq, təhlil etməyə, fikir yürütməyə və yaradıcılığa
həvəsləndirsin. Mən İngiltərənin Kent Universitetinin
müəllimləri ilə də əməkdaşlıq edirəm. Bu da dərslərimdə
nailiyyət əldə etməyimdə rol oynayır. Hər bir müəllim
çalışmalıdır ki, həmişə axtarışda olsun, çünki
unutmamalıyıq ki, cəmiyyətin gələcəyini biz müəllimlərə
etibar edirlər.
Marifə MAHMUDOVA,
Bakıdakı 229 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi |