Sentyabrın
13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və
yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat
məktəbi istifadəyə verilmişdir.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər
rayonundan deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını
bildirən lenti kəsdi.
Məktəbdə yaradılan şəraitlə tanış olan birinci xanıma
məlumat verildi ki, bu təhsil ocağı 1962-ci ildən
fəaliyyət göstərir. İndiyədək məktəbin binasında əsaslı
təmir işləri aparılmamışdı. Heydər Əliyev Fondunun "Uşaq
evləri və internat məktəblərinin inkişafı proqramı"
çərçivəsində internat məktəbinin binasının təmirinə bu
ilin martında başlanılmışdır. Ümumi sahəsi dörd hektar
olan və 290 şagird yerlik sanatoriya tipli internat
məktəbi iki hissədən - tədris korpusu və yataqxanadan
ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi
avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya,
hərbi vətənpərvərlik, əmək, kompüter otaqları və
müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada
həmçinin idman zalı, kitabxana, həkim otağı, 160
nəfərlik akt zalı vardır.
Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da
inşa edilmişdir. Stadionda uşaqlar idmanın müxtəlif
növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul
ola biləcəklər.
Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik
kameraları quraşdırılmışdır.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də
tanış oldu. Üçmərtəbəli binada geniş və işıqlı
yeməkxana, yuxarı mərtəbələrdə isə 10 yataq, 18
istirahət, kompüter otaqları, həmçinin həkim kabineti
vardır. Bu təhsil ocağında valideynlər üçün də xüsusi
guşə ayrılmışdır. Həmin guşədə onların istirahəti və
gecələməsi üçün də şərait yaradılmışdır.
Azərbaycanın birinci xanımı görülmüş işlərdən
razılığını bildirdi.
AzərTAc |