Sentyabrın
14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonu Zirə
qəsəbəsində yeni inşa edilən 1404 şagird yerlik Nüsrət
Yaqubov adına 120 nömrəli tam orta məktəbin açılışında
iştirak etmişdir.
Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.
Mehriban xanım Əliyeva məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitlə
yaxından tanış oldu.
Məlumat verildi ki, məktəbin foyesində ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin
inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə
yaradılmışdır. 1960-cı ildə tikilən iki korpusdan ibarət
məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin
avqustunda sökülərək yerində 5 korpuslu yeni təhsil
ocağı inşa edilmişdir. Hazırda məktəbdə 1404 şagirdin
təhsil almaq imkanı vardır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
sinif otaqlarına və fənn kabinetlərinə baş çəkdi.
Məktəbdə 54 sinif otağı, fənn kabinetləri, zəngin kitab
fonduna malik kitabxana, elektron kitabxana, kompüter və
linqafon otaqları, akt və konfrans, şagirdlər üçün
istirahət zalları, yeməkxana, bufet, müəllim otaqları
yaradılmışdır. Təhsil ocağında məktəblilərin fiziki
hazırlığının təşkilinə də diqqət yetirilmişdir.
Bütün bunlar göstərir ki, Heydər Əliyev Fondu ölkədə
təhsil sektorunun inkişafı, məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən
dövlət siyasətinə öz töhfələrini verməkdə davam edir.
Məktəblərin əyani vəsaitlərlə, şagirdlərin dərs
ləvazimatı ilə təmin olunması diqqət mərkəzində
saxlanılmışdır.
Diqqətə çatdırıldı ki, təhsil ocağının həyəti
abadlaşdırılmış, bəzək kolları və dekorativ ağaclar
əkilmişdir. Burada şagirdlər üçün istirahət guşələri
yaradılmışdır.
Azərbaycanın birinci xanımı yeni inşa edilən idman
meydançası ilə də tanış oldu. 52 tamaşaçı yeri olan
meydançaya süni ot örtüyü döşənmişdir. Burada qaçış
zolağı, basketbol, voleybol, tennis və mini-futbol
meydançaları da vardır. Meydançada, həmçinin hərbi
hazırlıq təlimlərinin keçirilməsi də mümkündür.
AzərTAc |