Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

"Pedaqoji fəaliyyətə həsr etdiyim illərimi həyatımın ən mənalı dövrü hesab edirəm".  Müsahibimiz xalq artisti Elmira RƏHİMOVADIR

 

Yaddaşlardan, ötən əsrin altmış-yetmişinci illərindən  Zeynəb Xanlarova, Elmira Rəhimova, Rübabə Muradova, Fatma Mehrəliyeva  kimi ünlü sənətkarlarımızın təkrarsız səsləri  bu günümüzə  süzülür. Özünəməxsus səhnə mədəniyyəti, ciddiyyəti, orijinal ifa tərzi ilə fərqlənən, hələ məktəbli ikən Azərbaycanı  dünya  səhnəsində təmsil edən, ömrünün səkkizinci onilliyindən dünəninə boylanan Elmira Rəhimova bugünkü səhifəmizin qonağıdır. 

-  Elmira xanım, ən çox hansı bəstəkarla işləmisiniz?

- Müasirlərimin, demək olar ki, əksəriyyəti ilə. Ramiz Mirişli ilə daha çox əməkdaşlıq etmişəm. Solo konsertlərimdə ən çox Canəli Əkbərov, Niyaməddin Musayev, Akif İslamzadə, Zümrüd Məmmədova anturajım  (köməkçi oxuyan-müəllif) olublar.

Tofiq Quliyevin neçə-neçə bəstəsini, dram əsərlərinə yazılmış mahnılarını, Cahangir Cahangirovun əsərlərini - "Dəli Kür"ə baxmısınız da, oradakı mahnıları, Telman Hacıyevin  silsilə əsərlərini, sonra  "Abşeron" sənədli filmində "Abşeron" adlı mahnısı var-onu,  Adil Bəbirovun əsərlərini, Ramiz Mirişlinin müxtəlif janrlı əsərləri ilə yanaşı duetlərini oxumuşam. Yeri gəlmişkən, Azərbaycanda duet oxumağın  əsas təməlini Yaşar Səfərovla biz qoymuşuq. Doğrudur, bizə qədər Xan əmiynən Şövkət Ələkbərova rəhmətliklər 50-60 il bundan əvvəl bir dəfə duet oxuyublar: "Keçən il gördüm səni..." misrasıynan başlayan xalq mahnısını. Onlardan sonra bizə qədər heç kəs müasir duet oxumayıb. Amma professional bəstəkar duetlərini Yaşarla mən ifa etmişik. Allah canına dəyməsin Ramiz müəllimin (Mirişlini nəzərdə tutur-müəllif), ilk dəfə o yazdı "Günəşi gözləyirik" mahnısını.  Sonra İslam Rzayevlə, Anatollu Qəniyevlə  - Allah hər ikisinə qəni-qəni rəhmət eləsin-, Əli Mirəliyevlə  duetlər oxuduq...

...Həyatda heç kimi ürəyimə elə də yaxın buraxmamışam. Yəni, rəfiqəm, dostum olmayıb mənim.

-  Gənclərdən  sizi özünə örnək, ustad hesab edən kimlərin adını çəkə bilərsiniz?

- Cavanlardan Lalə Məmmədovadı, sonra... ən çox mənim repertuarıma müraciət edən Nadir Qafarzadədi... operanın solisti Gülüstandı, Günay var orda, odur...zəng vururlar mənə, dəfələrlə  icazə,  xeyir-dua istəyirlər mənim ifa etdiyim mahnıları oxumaqdan ötrü...deyirəm, oxuyun, halal xoşunuz olsun...

-  Repertuarınızdakı  mahnıları nadir halda müasirləriniz oxuyardı, yadımdadı...

- Həqiqətən elə idi. Repertuarımdakı bəstəkar mahnılarını səs tembrimi, oxuma tərzimi nəzərə alıb sırf mənim  üçün  bəstələyirdilər. Öz müasirlərimdən elə bir bəstəkar olmayıb ki, mən onun mahnısını oxumayım.

-  Necə oldu ki, təhsil  almağa məhz Hindistana getdiniz?

- Mən Hindistana prezident Cavahir-Ləl Nehrunun iki dəfə şəxsi dəvəti ilə təhsil almağa getmişəm.

-  Elmira xanım, mümkünsə,  Hindistanla tanışlığınızın  tarixçəsinə bir nəzər salaq...

- Hindistanın prezidenti Cavahir-Ləl Nehru baş nazir olarkən Bakıya  gəlmişdi. Mən də Bakıdakı 18 nömrəli şəhər məktəbinin rus bölməsində təhsil alırdım, onda doqquzuncu sinif  şagirdi idim. Ölkəmizə gəlmiş qonağın şərəfinə verilən konsertdə mən də çıxış etdim. İki mahnı öz dilimizdə, bir mahnı da hind dilində oxudum. İfam hindistanlı qonağın çox xoşuna gəlmişdi.O, öz ölkəsinə qayıtdıqdan sonra, tezliklə ölkə başçısı seçildi və məni Hindistanın ən məşhur ali akademiyası  sayılan, Şantiniketan  şəhərində yerləşən Rabindranat Taqorun Universitetində təhsil almağa dəvət etdi. 1957-ci ildə mən həmin universitetin  incəsənət fakültəsinin tələbəsi kimi dərsə başladım. Təhsil dördillik idi... Çox darıxırdım: anam üçün,  evimiz üçün, Bakım üçün... 1959-cu ildə qayıtdım vətənə. Bir müddət Asəf Zeynallıda oxudum. 1961-ci ilin əvvəlində yenə də Cavahir-Ləlin  şəxsi dəvəti ilə ikinci dəfə Hindistana təhsil almağa getdim... Bu dəfə Dehlidə məşhur Katak-Şetra rəqs məktəbində rəqs öyrəndim. 1961-ci ilin dekabrında ikinci dəfə vətənə qayıtdıqdan  sonra  1965-ci ilə qədər Asəf Zeynallı adına Musiqi Məktəbinin xanəndəlik sinfində Seyid Şuşinskinin tələbəsi oldum. 1965-ci ildən Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda əyani oxudum, 1970-ci ildə təhsilimi başa vurub, ingilis dili müəllimi ixtisasına yiyələndim. Neçə illər elə həmin institutda  müəllim işlədim. Son vaxtlarda isə  "Təfəkkür" Universitetində dərs deyirdim. Məni daha çox incəsənət xadimi kimi tanısalar da,  pedaqoji fəaliyyətə həsr etdiyim illərimi  həyatımın ən mənalı dövrü hesab edirəm.

-  Soruşan olanda yaşınızı deyirsinizmi?

- Əlbəttə. 13 avqust 1941-ci ildə Bakıda doğulmuşam. Mən illərimi  ləyaqətlə, şərəflə yaşamışam. Heç vaxt özümə ad günü keçirməmişəm. Xoşum gəlmir ad günü keçirməkdən. Ancaq özüm qeyd eləməsəm də, sənətimə, şəxsiyyətimə hörmətlə yanaşanlar  ad günümdə zəng vurub təbrik edir, səhhətimlə, vəziyyətimlə  maraqlanırlar.

-  Siz gündəmdə olduğunuz hər dönəmdə dinlənilən, sevilən sənətkar olmusunuz... 

- İnanarsız, inanmazsız, bilmirəm, əgər imtina etməsəm, hər gün efirdə olaram. Bilirsiz, haralardan, neçə-neçə adamlar, kimlər zəng vururlar mənə?..Telekanallardan, mətbuat orqanlarından... Hamısına təşəkkür  və... imtina  edirəm.

-  İlk dəfə tamaşaçı auditoriyasının qarşısına hansı mahnı ilə çıxmısınız? 

- "Qaragilə",  "Azərbaycan maralı", bir dənə də hind mahnısı ilə. Elə həmin mahnı da məni məşhur elədi.

-  O vaxtlar deyirdilər ki, siz hind dilində elə qüsursuz oxuyursunuz ki, hindlilər özləri də valeh olur. Harada öyrənmişdiniz ki, o dili?

- Televiziyalarda, kino-teatrlarda tez-tez hind filmləri nümayiş etdirilirdi. O zaman bu filmlər çox populyar idi. Mən də baxırdım. Valeh olmuşdum onların musiqilərinə...

-  Bu həqiqətdirmi ki, deyilənlərə görə, hətta sizə Hindistan rəhbəri təklif edibmiş ki, Hindistanda qalıb oranın vətəndaşlığını qəbul edəsiniz?

- Doğrudur, o təklif mənə edilmişdi, Cavahir-Ləl Nehrunun  cəmi bir qız övladı vardı- İndira Qandi, başqa övladı yox idi. O, mənə də  İndiraya baxdığı gözlə baxır, doğma qızı kimi qayğı göstərirdi...Mənim 16  yaşım vardı onda...amma bütün SSRİ mətbuatı, paytaxt qəzetləri bu mövzudan yazır, Moskva televiziyasından tutmuş müttəfiq dövlətlərin televiziyalarına qədər "Son xəbərlər"də deyilirdi ki, Hindistan dövlətinin prezidenti bir məktəbli azərbaycanlı qızını istedadına, səsinə görə öz ölkəsinə təhsil almağa dəvət edib.

-  Hindistandan başqa hansı ölkələrdə olmusunuz?

- Mən  60-dan çox ölkədə qastrol səfərində olmuşam. Müslüm Maqomayevlə, Rəşid Behbudovla İsveçrədə, Azərbaycanın dekadalarında  (10 günlüklərində-müəllif) iştirak etmişəm.

-  Qastrollarda olduğunuz ölkələrdən daha çox hansında Azərbaycan üçün qəribsəmisiniz?

- Hamısında... İtaliya kimi ölkədə qalmağa iki həftə güclə səbrim çatıb. İki həftədən sonra ürəyim az qalıb partlaya ki, bircə qayıdaydım öz torpağıma -öz Bakıma... öz evimə...

-  Ailədə neçə uşaq olmusunuz?

- Üç bacıydıq. Mən ortancılam. Evimizin yükü ən çox mənim üzərimdə olub. Anam Böyükxanım  ali təhsilliydi. O vaxtkı "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində çalışıb. Makinada həm rusca,  həm  də azərbaycanca   bilirsiz, necə sürətlə yazırdı!?

Atam Allahverdi isə ixtisasca biologiya müəllimiydi, əvvəllər 25, sonra 17 nömrəli (o vaxtkı) məktəblərdə  direktor işləyib. Atam özü Əmircandan idi, çox cavan yaşında rəhmətə getdi.

-  Övladlarınız...

- Mənim cəmi bir övladım var: Anand. Çox yaxşı oğuldur. Ailəlidir. İki övladı var. 2009-cu ildə  onun toyunu  bütün kanallar  göstərmişdi.

İlk nəvəm qızdı. Oğlum mənə deməmiş adını Elmira yazdırıb. İkinci nəvəm isə Tofiqdi. Başımıza oyun açır...Allah saxlamış yaman dəcəldi.

-  Bayaq dediniz ki, evin yükü mənim üzərimdə olub...

- Əvvəl neçə müddət anam xəstə oldu...düşdü xəstəxanaya. Sağalmadı. Elə xəstəxanada da dünyasını dəyişdi. Böyuk bacım uzun illər hipertoniyadan, diabetdən əziyyət çəkdi. Sonra gözləri də tutuldu. İki oğlu vardı bacımın, biri  dənizdə batdı. Gizlətdik, bacıma bildirmədik rəhmətə gedənə kimi. Kiçik bacım da ki, körpəlikdən epileptik xəstə olub. Hamısının qayğısını öz çiyinlərimdə daşımışam. Axır illər ümumiyyətlə başım heç açılmayıb...mənə çətin olub...

-  Hamısı keçmiş olsun.

- Sağ olun.

-  Bəs, axırıncı dəfə efirdə nə vaxt oxumusunuz?

- Düzü,  o daha yadımda deyil.

-  Oxumağı daha çox sevirdiniz,yoxsa dərs deməyi?

- Mən müəlliməm, Ellada xanım. Həmişə də müəllim olmağımla fəxr etmişəm. Özü də  Xarici Dillər İnstitutuna qəbul olanda artıq ingilis dilində sərbəst danışa bilirdim. Hindistanda təhsil alanda ingilis dilini də, hind dilini də yüksək səviyyədə, mükəmməl  öyrətmişdilər mənə. Yeri gəlmişkən, mən Hindistanda qalıb dörd il təhsil almalıydım, ancaq  bir il qala bildim qürbətdə. 1961-ci ildə ikinci dəfə Hindistandan qayıdanda  mədəniyyət nazirimiz məni çağırdı ki, səni Müslüm Maqomayevin müəllimi  Milavanovun yanına, vokal dərsi almağa göndərmək  istəyirik.  İmtina etdim. Çünki onda artıq pedaqoji təhsil almaq fikrimi qətiləşdirmişdim...və buna nail oldum da...   ...Mənim anam da gözəl piano çalırdı, gözəl də səsi vardı, amma ömrünü musiqiyə bağlamamışdı.

-  Elmira xanım, əlli beş ildir ki, sənətdəsiniz. Bu illərdən sizə düşən töhfələr?

- Mən sənətdə həmişə zəhmətimin bəhrəsini görmüşəm. Mükafatlar almışam, fəxri fərmanlara layiq görülmüşəm. 26 yaşımda, yəni, 1967-ci ildə artıq əməkdar artist idim.

2000-ci ildə  ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə mən xalq artisti  fəxri adına və Prezident təqaüdünə layiq göruldüm.  

"Mən Elmira xanımın səsi üçün 30-a qədər mahnı yazmışam" 

Ramiz Mirişli - bəstəkar: Mən Elmira xanımla 1963-cü ildən əməkdaşlığa başlamışam. O  vaxt  televiziyada müsabiqə elan eləmişdilər, orta məktəbin buraxılış sinfində oxuyanlar üçün. Mən də o müsabiqəyə qatılıb bir duet yazdım. Adı beləydi: "Günəşi gözləyirik". Elmira xanımla rəhmətlik Yaşar Səfərov oxudular həmin dueti. O vaxtdan Elmira xanımla dostluğumuz başladı. Mən hələ neçə illər əvvəl demişəm ki, Elmira xanım fitri istedada malik bir insandı, çox səmimidi, dosta, qohuma çox qayğı ilə yanaşandı...Onun səs tembri çox gözəldi. Bəzi müğənnilər olur ki, səsləri gur olur, yüksək olur, amma şirinlik, məlahət olmur. Elmira xanımın səs palitrasında bir gözəllik var, diapazonu da çox genişdi, yəni, istənilən hər bir mahnının həm zilini oxuya bilir, həm də bəmini.

Mən Elmira xanımın səsi üçün otuza qədər mahnı yazmışam. Həm "Sahilsiz gecə" filmində oxuyub,  həm  bir çox pyeslərə musiqi yazmışam, onları   ifa eləyib, neçə dənə duetimi Yaşar Səfərovla oxuyub. Cəfər Cabbarlının sözlərinə yazdığım "Həyat, söylə sən kiminsən?" qısametrajlı filmdə eyni adlı mahnıya da Elmira xanım öz möhürünü vurub. Onun   səsinə yazdığım mahnıları sadalasam,  uzun bir siyahı alınar. Onu da deyim ki, Elmira xanımla bir çox yaradıcılıq gecələrimiz olub. Mənim öz yaradıcılıq gecələrimdə Elmira xanım həmişə yaxından iştirak edib. Azərbaycanın əksər rayonlarına dəvətlə getmişik, Bakının özündə dəfələrlə görüşlər keçirmişik. Mən deyərdim ki, Elmira xanım mənim yaradıcılığımda çox böyük rol oynayıb, mənim də onun yaradıcılığında məxsusi yerim var. Çünki otuzdan çox mahnıma məhz Elmira xanım əbədi həyat verib. Duetlərim, "Səadət", " Həyat, söylə sən kiminsən?", "Ulduzlar", "Xoş səhərlə yaşayaq", "Vətənimsən", "Doğma diyarım", "Nazlı qız", "Sevgi gülləri", "Bayram axşamlarında", "Bahar çiçəyi", Hüseyn Cavidin sözlərinə "Xəyala döndü", "İlk sevgi"...və sairə çox mahnılarımı ancaq Elmira xanım ifa edib. Həmçinin Elmira xanımla düz on il filarmoniyada çiyin-çiyinə çalışmışıq. O, mahnı və rəqs ansamblının solisti olub. Bir dəfə Türkiyədə, bir dəfə  Misirdə - Qahirədə, İskəndəriyyədə  qastrolda  olmuşuq. Elmira xanım qastrollarda elə mahnılar oxuyurdu ki, eşidənlərin ürəyincə olurdu, tamaşaçı onu sevir, alqışlarla qarşılayırdı.

Elmira xanım  əvvəla, heç bir konsertində fonoqramma oxumayıb, həmişə canlı oxuyub. İkincisi də o, oxuduğu mahnının obrazını düzgün yaradıb, o  mahnı ilə yaşayıb, mahnının məzmununu, mahiyyətini tamaşaçıya dəqiq çatdıra bilib. Bu, ifaçı üçün vacib məziyyətdir. 

Bilirsiz, Elmira xanım səhnəyə gəlişi ilə ona bir yaraşıq gətirdı. Xalq da onu sevdi və hələ də sevir.

Elmira xanım çox cəfakeş insandı. Axır illər anasının, bacılarının demək olar ki, bütün qayğıları Elmira xanımın üzərinə düşdü deyə, o, bütünlüklə özünü doğmalarına həsr etdi. İndi iki nəvəsi var. Yəqin ki, onlarla da ilgilənməyə vaxt ayırır. Amma bir həmkar kimi, mən o fikirdəyəm ki, əgər Elmira xanımın həyatındakı problemlər olmasaydı, onun səs imkanları hələ neçə illər bundan sonra da bu gözəl müğənnini səhnədən uzaqlaşmağa qoymayacaqdı. Bu gün də hər yeni mahnı yazanda Elmira xanımın mənim  yaradıcılığımda yerini görürəm. Bizim onunla dostluğumuzun gələn il əlli yaşı tamam olacaq. Düz yarım əsr...əlli il bir igidin ömrüdür... Hərdən zəngləşirik, dərdləşirik... Həyatdı da bu... Allah Elmira xanıma cansağlığı versin.

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov