Müasir
dövrdə informasiya-kommunikasiya texnologiyalarının
(İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual
və elmi potensialının vacib göstəricilərindən biridir və
bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha
çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı
və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar
yaradır. Respublikamızda informasiyalaşdırma sahəsində
ciddi, uğurlu addımlar atılmışdır. Ümummilli lider
Heydər Əliyev 17 fevral 2003-cü il tarixli 1146 nömrəli
Sərəncamı ilə respublikamızda informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiq olunması və inkişaf
etdirilməsi haqqında "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya(2003-2012-ci
illər)"nı təsdiq etmişdir.
Milli Strategiyanın qəbulundan keçən dövr ərzində
Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra
kompleks tədbirlər həyata keçirilmiş və keçirilməkdədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev həm ölkəmizdə, həm də xarici ölkələrdə
səfərlərdə olarkən dövlətin bu sahəyə olan diqqətini,
görülən və gələcəkdə görüləcək işlər haqqında dəfələrlə
söyləmiş, İKT-ni inkişaf etdirməkdə maraqlı olduğunu
bəyan etmişdir. Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci
illər)"nın həyata keçirilməsi nəticəsində ölkəmizin
ümumtəhsil məktəblərində informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi sahəsində böyük işlər
görülmüşdür. Prezidentin 2008-ci il 10 iyun tarixli
Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" ölkəmizdə
müasir İKT-ni geniş tətbiq etməklə vahid ümummilli
təhsil mühitinin yaradılması və əhalinin bütün
təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının
təmin edilməsi məqsədi güdür.
Bu
istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biri də
yeni informasiya texnologiyalarının təhsilə vaxtında və
səmərəli tətbiqidir. Məlumdur ki, ilk addımlar məktəb
səviyyəsində atılmalıdır. Düzdür, respublikamızda
fəaliyyət göstərən bəzi özəl məktəbəqədər müəssisələrdə
kiçikyaşlı uşaqlar kompüterlə tanışlığa başlayır,
onların təlimində kompüter vasitəsilə aparılan məntiqi
oyun və tapşırıqlarla rastlaşırıq. Amma fikrimizcə,
kompüter biliklərinin əsası məhz orta məktəbdə
qoyulmalıdır. Ümumiyyətlə, məktəbəqədər yaşlı uşaqların
kompüterdən istifadəsi onların sağlamlığı üçün çox
təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə
haqqında geniş məlumat verilməli, onların sərbəst
şəkildə kompüterlərdə işləmələrinə şərait
yaradılmalıdır. Əgər əvvəllər kompüterdə işləməyi
bacarmaq kompüter savadı hesab olunurdusa, artıq bu indi
ümumi savad hesab olunur. Kompüteri bilməyən üçün təhsil
almaq, elmi yaradıcılıqla məşğul olmaq çətindir.
İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil.
İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin
etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq
müəllimin rolu da dəyişir: o, təhsil prosesinin
konsultantı, koordinatoru olur. Onun məqsədi
məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək və
inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq
və mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji
tapşırıqlardır - onların mənasını qiymətləndirməmək
olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar
uşaqları yeni biliklərə sövq etməyə kömək edir. Əgər
şagirdə bu və ya digər mövzunun məzmunu aydındırsa, onun
sualı yarana bilər: məhz nə və nə üçün öyrənmək
lazımdır. Biliyə həvəsin kökündə həyati maraq dayanır:
hansı biliklər mənə daha çox lazımdır, hansı metodların
köməyi ilə mən bu bilikləri əldə edə bilərəm. Beləliklə,
İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin
qərarı arasında bənd rolunu oynayır. Şagird təhsilin
onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o,
təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.
Şagirdlərin fasiləsiz təhsilə yolu müəllimlərin
fasiləsiz təhsilindən keçir. İKT-nin məktəb
praktikasında istifadəsi ilə bağlı olaraq müəllimin
rolu dəyişməlidir. Belə dəyişikliklərin əsas səbəbləri
bunlardır:
* Müəllimin rolu şagirdlərə informasiyanın ötürülməsi
ilə məhdudlaşmamalıdır. O, uşaqlarda tənqidi və yaradıcı
təfəkkürü dəstəkləməli və stimullaşdırmalı, kompüter
savadının inkişafına kömək etməli, birgə fəaliyyət
bacarığı tərbiyə etməli, onlara effektiv ünsiyyət
qurmağı və müxtəlif vəziyyətlərdə uğurla hərəkət etməyi
öyrətməlidir.
* Müəllimlərin, şagirdlərin öyrənmə tələbatlarını ödəmək
üçün təlim metodları, müasir dövrün tələblərinə
uyğunluğu nöqteyi-nəzərindən tədris proqramlarını
yenidən nəzərdən keçirmələri zəruridir.
* Onlayn test sistemi müəllimə şagirdlərin bilik
səviyyəsini adekvat qiymətləndirməyə kömək edir.
* İKT-nin tədris prosesinə cəlb olunması ilə ənənəvi
tədris resurslarının bir hissəsinə artıq ehtiyac
olmayacaq və onlar dövriyyədən çıxacaq.
Şagirdlərlə aparılan sorğular da tədrisdə İKT-nin
istifadənin onlarda özünə inamı və fənnə marağı
artırdığını sübut edir. Bildiyimiz kimi, sinifdəki
şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər
var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu
düşünür, həmyaşıdlarından və müəllimdən utanaraq cavab
verməkdən imtina edir və bununla da daha passiv
vəziyyətə düşürlər. Fərdi kompüter qarşısında əyləşən
şagird isə artıq maşından çəkinmir, onunla kompüter
arasında əks-əlaqə yaranır, özünün fikirləşdiyi
cavabları kompüterə daxil edir, səhvlərini görür, onları
kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq
olur və nəticədə özünə inamı artır. Fərdi kompüterdən
istifadə etdikdə hər bir şagird verilən mövzunu başa
düşmədikdə izahatı təkrar izləmə imkanı əldə edir və onu
dərk edənə qədər təkrarlayır.
İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını
artırır, belə ki, gözlə görünməyən, rəng və formasını
dəyişən əşyaların təsvirini reallaşdırır. Video və ya
animasiyalar formasında olan tapşırıqların yaxşı mətn
və gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü
təsir edərək, onun bədii zövqünün inkişafına, materialı
daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT
nəinki insanın əqli imkanlarını inkişaf etdirir,
həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal
mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin
yüksəldilməsi üçün maraqlı imkanlar açır. İKT-nin
təlimdə istifadəsi və təhsil şəbəkələrinin yaradılması
təhsilin gələcək inkişafı üçün vacib şərtdir. Əvvəla,
İKT-nin geniş tətbiqi müəllimin məqsəd və vəzifəsini
daşıyır. İkincisi, məktəbdə təhsil mühitinin yaradılması
təhsil biliklərində iştirak imkanı yaradır. Son nəticə
olaraq müəllim və şagirdlər bilavasitə sinifdə dərs
zamanı və virtual rejimdə birgə işləyə və ünsiyyətdə
ola bilərlər.
Onu qeyd etmək lazımdır ki, fənlərarası əlaqələrin bütün
imkanları tam aşkar edilməmişdir. Məhz buna görə də
fənlərarası əlaqə prosesini öyrənmək, fənlərin əlaqəli
tədrisinin metodikasını təkmilləşdirmək və həyata
keçirmək vacib məsələlərdən biri hesab edilir. Orta
məktəbdən başlayaraq şagirdlərin müxtəlif fənlərə olan
maraqlarını artırmaq, məlumatı tez və effektiv
mənimsəmələri üçün informatika və digər fənn müəllimləri
hər hansı ümumi mövzunu iki və bəzi hallarda üç fənni
birgə - inteqrativ dərs formasında keçmələri
məsləhətdir. Məsələn, müasir özəl məktəblərin ibtidai
siniflərində tədris olunan əyləncəli riyaziyyat,
həndəsənin elementləri və s. fənlərindəki bəzi mövzuları
həmin fənləri tədris edən müəllim və informatika
müəllimi birgə tədris edə bilərlər. Şagirdlərin
biliklərinin dərinləşdirilməsində informatika və
informasiya texnologiyaları fənninin digər fənlərlə
əlaqəli tədrisi çox böyük imkanlara malikdir. Bunun üçün
ayrı-ayrı siniflərin fənlər üzrə proqram və dərslikləri
hazırlanarkən həmin sinfin informatika və informasiya
texnologiyaları fənni nəzərə alınmalı, bu proqramlarda
inteqrativ dərslər üçün saatlar ayrılmalıdır. Bir sıra
fənn müəllimləri fənlərarası əlaqə probleminə lazımi
qədər əhəmiyyət vermirlər. Təcrübədən məlumdur ki, öz
fənni ilə yanaşı, digər yaxın fənləri də müəyyən
səviyyədə bilən müəllimlərin təlim nailiyyətləri daha
yüksək olur. Bunun əsas səbəbi isə həmin müəllimlərin öz
dərslərini sanki bir neçə fənn müəllimi kimi tədris
etməsidir.
İnformasiya və kommunikasiya texnologiyaları orta məktəb
kursunda bütün fənlərin tədrisində geniş tətbiq olunur.
İKT-nin kimya fənninin tədrisində tətbiq olunmasına da
xüsusi maraq vardır. Orta məktəblərdə kimyanın tədrisi
zamanı kompüter texnologiyalarından istifadə olunması
belə bir nəticəyə gəlməyə əsas verir ki, yüksək təlim
keyfiyyətinin əldə olunması üçün bu texnologiyadan həm
materialın öyrədilməsi, həm də şagird nailiyyətlərinin
qiymətləndirilməsi mərhələsində sistematik istifadə
olunsun.
Müxtəlif maddə molekullarının enerjisinin hesablanması,
onların quruluşlarının nəzəri olaraq təyini üçün çoxlu
sayda kompüter proqramları mövcuddur. Artıq müasir kimya
laboratoriyalarını kompütersiz təsəvvür etmək mümkün
deyil. İndiki dövrdə demək olar ki, bütün analiz
üsulları kompüterlərin köməyi ilə həyata keçirilir.
Kompüter və proyektordan istifadə edilərək sinfin
fəallaşdırma mərhələsində əvvəlki mövzular viktorina,
müxtəlif oyunlar, frontal sorğular və s. şəkildə
soruşula, problemin nədən ibarət olması, onun ətrafında
tədqiqatların aparılması, hər bir şagirdin problem
ətrafındakı mülahizələri, müəllimin hər bir fikrə
münasibəti, ümumiləşdirmə və izahat isə slaydlar
vasitəsilə həyata keçirilə bilər.
Müasir kompüterlər orta məktəbdə xüsusi öyrədici
proqramların hazırlanmasında, şagirdlərin bilik və
bacarıqlarının yoxlanılması prosesində, kimyəvi
proseslərin mahiyyətini başa düşmək üçün kompüter
modellərinin hazırlanmasında, tədris prosesinin
təşkilində, tətbiqi məsələlərin həll olunmasında, dərs
vəsaitlərinin hazırlanmasında, ev tapşırıqlarının
verilməsində (məsələn, İnternetdən istifadə edib
müxtəlif nəzəri məlumatların, referatların
hazırlanmasında və s.), interaktiv elektron dərsliklərin
hazırlanmasında istifadə oluna bilər.
Əvvəllər müxtəlif kimyəvi proseslərin yazıldığı
videokasetlərin, sonralar isə kompüter proqramlarının
yaranması ona gətirib çıxarıb ki, bəzi müəllimlər
laboratoriyalarda artıq real prosesləri nümayiş
etdirmirlər. Aparılan analiz isə onu göstərir ki, real
laboratoriya işlərinin informasiya texnologiyaları ilə
tam əvəz olunması mənfi nəticələrə səbəb olur. Amma bu o
demək deyil ki, informasiya texnologiyaları ilə kimyəvi
təcrübələr nümayiş olunmasın. Yaxşı olar ki, belə
əvəzləmələr yalnız praktik mümkün olmayan və ya orta
məktəb laboratoriyaları şəraitində təhlükəsizlik
texnikasının tələblərinə görə aparıla bilməyən
reaksiyalar halında olsun. Bəzi hallarda isə eyni bir
kimyəvi prosesin həm real aparılması, həm də kompüterdən
istifadə olunaraq nümayiş olunması daha effektli olur.
Şagirdlərdə hansı qabiliyyətin inkişaf və
yoxlanılmasından asılı olaraq, bir-birini tamamlayan bu
iki prosesi müxtəlif ardıcıllıqla və vaxtlarda aparmaq
olar. VIII-X sinif şagirdləri üçün hazırlanmış
interaktiv kimya dərsliyində (www.derslik.az) kimyəvi
oyunlar, animasiyalarla yanaşı, çoxlu sayda laboratoriya
işlərinin videoyazısı verilmişdir. Bu laboratoriya
işlərinin bəziləri sinifdə real nümayiş etdirilir və ev
tapşırığı kimi bu proseslərə evdə diskdə yenidən
baxılması, oxşar və fərqli anları tapmaq tapşırılır. Bu
halda şagirdlərdə yeni məlumatın qavranılması, onlarda
müqayisə, diqqət və uzunmüddətli yaddaşın inkişaf
etdirilməsi məqsəd kimi qarşıya qoyulur. Dərs prosesi
zamanı müəllim interaktiv dərslikdən, fərqli kimyəvi
reaktivlərdən də istifadə edə bilər.
Laboratoriya işlərinin kompüter vasitəsi ilə nümayiş
olunmasının bir sıra üstünlükləri vardır. İlk növbədə
adi məktəb laboratoriyalarında aparılması təhlükəli
olan, qiymətli maddələrin istifadəsini tələb edən,
aparılmasına uzun müddət tələb olunan, yəni kiçik
sürətlə gedən reaksiyaların kompüterlə nümayişi
əvəzsizdir. Vaxt baxımından və reaktivlərin sərf
olunmasına görə real təcrübə bir dəfə aparılır.
Kompüterdə isə təcrübələri dəfələrlə təkrar etmək,
istənilən anda saxlamaq və evdə də təkrar baxmaq olar.
Kimyanın tədrisi zamanı müxtəlif proqramlardan istifadə
etmək olar. Microsoft Word proqramından dərs prosesi
üçün müxtəlif paylayıcı materiallar (yoxlama işi,
cədvəllər, müəxtəlif məlumatlar və s.), tematik planlar
hazırlamaq olar. Müxtəlif kimyəvi məsələlərin həllində
Chemical Formula Tutor, Table kimyəvi kalkulyatoru,
Molecular Weight Calculator, Chemical Equation Expert,
Chemical Thesaurus, ChemDraw Pro, ChemPen3D, Microsoft
Office Excell proqramından istifadə etmək olar. Bununla
yanaşı, Microsoft Office Excell proqramından məlumat
bazalarının yaradılmasında, qrafik və diaqramların
çəkilməsində, ChemDraw Pro, ChemPen3D proqramlarından
müxtəlif mürəkkəb quruluşlu kimyəvi maddə molekullarının
elektron və quruluş formullarının, elektron buludların,
kimyəvi reaksiyaların təsvir olunmasında istifadə etmək
olar.
Dərslərin tədrisi zamanı Power Point proqramından
istifadə edərək müxtəlif proqramlarla hazırlanmış
mövzular mətn, şəkil, sxem və ya videofayllar şəklində
slaydlar vasitəsi ilə sinifdəki şagirdləri fəallaşdırmaq
olar.
Digər fənlərdə olduğu kimi kimya fənninin tədrisində də
İnternet saytlardan istifadə etmək olar:
chem.msu.su,
ekimya.com,
chem.asu.ru,
chemistry.about.com,
chimia100.chat.ru,
kimyaevi.org,
alhimik.ru,
chemport.ru,
greenchemistry.ru,
himikat.ru,
himiya.megadoski.ru,
chemistryenc.h11.ru,
chemistry.ucla.edu,
kimya.net, repetitors.info/repetitor/chemistry,
him.1september.ru,
chem.isu.ru,
kimyadershanesi.com,
chem.tut.ru,
chemistry.com,
chemistry.24.com, chem4kids.com,
americanchemistry.com,
chemistry.org
və s.
Orta məktəb şagirdlərində kimya fənninə olan marağı
artırmaq məqsədilə Azərbaycan dilində
www.chemistry.az və
www.kimya.imtahan.net saytları yaradılmışdır.
Hazırda
www.chemistry.az saytında kimya fənni üzrə 300-dək
müxtəlif xəbərlər var. Saytdakı xəbərlərə 800-dək rəy
yazılmış, təxminən 3000 nəfər qeydiyyatdan keçmişdir.
Saytdan istifadə edilərək bir neçə dəfə viktorinalar,
yarışlar və onlayn imtahanlar keçirilmışdir. Şagirdlər
sayt vasitəsilə interaktiv dərslikdən istifadə edir,
onlara verilən ev tapşırıqları onlayn yerinə yetirilir
və onların nəticələri bazaya yazılır. Bu isə şagird və
müəllimin yeni ünsiyyət vasitəsinin üstünlüyünü
göstərir.
Nasim ABIŞOV,
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin
məktəbinin
direktoru, kimya üzrə fəlsəfə doktoru,
Zahir RUFULLAYEV,
Yardımlı şəhər 2 nömrəli tam orta məktəbin kimya
müəllimi |