Bunu bizdən yaşadığımız cəmiyyət, qloballaşan dünyamız
tələb edir. Amma ənənəvi təlimdən uzaqlaşmaq məsələsi
hələ də birmənalı qarşılanmır. Bəziləri ənənəvi təlimdən
imtina edildiyinə cox təəssüflə yanaşır, bir qismi
ənənəvi təlimin bəzi məqamlarını saxlamağı və fəal
təlimdə yeri gəldikcə istifadə etməyi daha məqsədəuyğun
hesab edir, əksəriyyət isə haqlı olaraq (təbii ki, fəal
təlimdən mütəmadi istifadə edənlər və bu zaman əldə
olunmuş nəticələri təhlil edən, araşdıran hər kəs)
ənənəvi təlimdən tamamilə uzaqlaşmağı daha düzgün hesab
edir.
Üçüncülərin fikri, doğrudan da təqdirəlayiqdir!
Zamanında ənənəvi təlim təhsil prosesində doğrudan da
yararlı olub və cəmiyyətin təhsil qarşısında qoyduğu
tələbləri ödəyib. Amma müasir dünyamızın tələbləri və
istəkləri tamamilə başqadır. Müasir dövrün tələblərini
ödəmək üçün daha bacarıqlı çevik təfəkkürə malik, ozünə
yol açmağı bacaran şəxsiyyət tələb olunur. Bu gün
məktəbə gələn şagird bilik və bacarıqlarını inkişaf
etdirməli və təlim prosesində şəxsiyyət olaraq təzahür
etməlidir. Bu fəal təlimin bu gün məktəb qarşısında
qoyduğu ən vacib şərtlərdəndir. Bugünkü müəllimin
qarşıya qoyduğu bütün məqsədlər bu şərti reallaşdırmağa
yönəlməlidir. Bunun üçün də müəllim təlim prosesinə daha
cəsarətlə yanaşmalı, özünü müəyyən çərçivədə hiss
etməməli, bu prosesdə - mən sadəcə faslitatoram, - deyə
imkanlarını məhdudlaşdırmamalı, əksinə, təlim prosesində
bütün potensial imkanlarından istifadə edərək yaradıcı
bir şəxs kimi təzahür etməlidir. Fəal təlim müəllim
qarşısındakı bütün sədləri və çərçivələri götürsə də,
bəzi hallarda müəllim şəxsiyyətini arxa plana çəkmək
meyilləri də vardır. Əslində isə fəal təlimdə müəllimin
təşəbbüskarlığı və fərdi nümunəviliyi, müəllimin
problemə yaradıcı yanaşması xüsusi şərt hesab edilir.
Müəllim öz təşəbbüs və qənaətlərini şagirdlərin fikir və
fəaliyyətləri ilə birləşdirdikdə, tədrisi interaktiv
səmtə istiqamətləndirdikdə təlimin səmərəsi daha üstün
olar.
Göründüyü kimi, fəal təlim öz üstün keyfiyyətləri ilə
təlimdə və tərbiyədə müəyyənləşdirilmiş məqsədi ön plana
çəkməklə ənənəvi təlimdən fərqlənir. Fəal təlim məqsədin
nəticəyə istiqamətlənən yoluna da işıq saçır. Bu gün
fəal təlimin tətbiqi o baxımdan da təqdirəlayiq hesab
edilə bilər ki, burada məqsədin qoyuluşu və dəqiqliyi
mütləq nəzərə alınır və tədrisdə məqsəd ciddi şəkildə
təlimin və tərbiyənin bütün mərhələlərinə yönəldilir.
Fəal təlimdə məqsəd elə qoyulmalıdır ki, yüksək
nəticənin əldə olunmasına təminat versin və nəticə
müvafiq şəkildə qiymətləndirilsin.
Beləliklə, fəal təlim metodlarının təlim və tərbiyəyə
tətbiq edilməsi şagirdlərin fərdi qabiliyyətlərinin,
idraki inkişaflarının formalaşmasında, onların
interaktiv fəaliyyətə alışmasında müstəsna mahiyyət
daşıması danılmaz həqiqətdir. Təlim və tərbiyədə fəal
təlim metodlarından istifadə şagirdlərin bir şəxsiyyət
kimi özlərini dərk etmələrinə, doğma vətənlərinin
layiqli övladları kimi böyümələrinə imkan verir.
Yeganə İSGƏNDƏROVA,
Göygöl rayonu Şəhriyar kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |