Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Moskvada RAGT-nin illik forumu keçirilib

 

Moskvada, "Holidey İnn Moskva Sokolniki" otelində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) illik forumu keçirilmişdir. Forumun açılış mərasimində RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq ekologiya kampaniyasının təsisçisi Leyla Əliyeva, habelə Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər.

Forum başlanmazdan əvvəl Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu (WWF-Rossiya) və IDEA Beynəlxalq kampaniyası arasında əməkdaşlıq haqqında sazişin təntənəli imzalanma mərasimi olmuşdur. Sənədi IDEA kampaniyasının təsisçisi Leyla Əliyeva və Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondunun sədri İqor Çestin imzalamışlar. Əməkdaşlıq haqqında sazişdə Rusiyanın və Azərbaycanın təbiətinin qorunması sahəsində qabaqcıl ekoloji praktika, texnologiya və standartların tətbiqi, populyarlaşması, əhalinin ekoloji şüurunun formalaşması istiqamətlərində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, habelə Avropa zubrunun və Orta Asiya bəbirinin populyasiyasının bərpası proqramlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

RAGT-nin sədri Leyla Əliyeva "Azərbaycan" sərgisi ilə tanış olmuşdur.

İmzalanma mərasimindən sonra RAGT-nin illik forumu açılmışdır.

Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.  Təntənəli tədbiri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açmışdır. Səfir ötən beş ildə bu təşkilatın böyük uğurlar qazandığını qeyd etmişdir. Onun fikrincə, bu gün RAGT inamla təşkilatlanır, ölkəmizin hüdudlarından kənarda, o cümlədən Rusiyada Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, savadlı, proqram mövqeyindən yanaşır. Səfir demişdir: "Sizin daha yaxşı gələcəyə istiqamətlənməyiniz, qeyri-standart qərarlar qəbul etmək bacarığınız azərbaycanlıların keyfiyyətcə yeni, kreativ təfəkkürlü nəslinin yetişməsinə dəlalət edir. Bu gün RAGT Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilmişdir".

Sonra RAGT-nin fəaliyyəti haqqında sənədli film nümayiş etdirilmişdir.

Tədbirin moderatoru, Rusiyanın məşhur teleaparıcısı Andrey Malaxov RAGT-nin fəaliyyəti barədə səmimi söhbət açmış, sonra isə çıxış üçün bu gün yenidən RAGT-nin sədri seçilmiş Leyla xanım Əliyevaya söz vermişdir.

Leyla Əliyevanın çıxışı 

- RAGT artıq beş ildir ki, mövcuddur. Bu gün kifayət qədər inamla demək olar ki, biz gənclərin həyatında yüksək nəticələrə nail olmuşuq. Təşkilatımız ilbəil qüvvə toplayır və mən ümid edirəm ki, bugünkü konfrans ən geniş miqyaslı, maraqlı və mühüm tədbir olacaqdır. Zalda çoxlu tanış simalar, gənclər görürəm, bunlar bizim RAGT-nin fəallarıdır. Zalda regionlardan gəlmiş tələbələr də çoxdur. Bu gün RAGT-nin 70-dən artıq regional bölməsi vardır və mən sizə təşəkkür etmək istəyirəm ki, bu qədər uzun yol qət edərək konfransda iştirak etmək üçün buraya gəlmisiniz. Bu gün zalda birinci kurs tələbələri də çoxdur. Onlar üçün tədris ili yenicə başlanmışdır. Mən sizi dərs ilinin başlanması münasibətilə təbrik etmək, bütün təşəbbüslərinizdə və təhsilinizdə sizə uğur diləmək istəyirəm. Əminəm ki, RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verəcəkdir. Axı Azərbaycan ilə Rusiyanı tarixən bir-birinə bağlayan tellər çoxdur - mədəni əlaqələrdən, ortaq bayramlardan, adət və ənənələrdən başlamış, sadə, səmimi insani münasibətlərə qədər. Mənim fikrimcə, insanlar arasında bu cür canlı əlaqələr, səmimi münasibətlər hər şeydən üstündür. Azərbaycan həmişə müxtəlif dinlərin, müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığı ölkə olmuşdur. Bizim üçün tolerantlıq nailiyyət deyildir, bu, həyat tərzidir, normadır. Azərbaycan həmişə açıq və sülhsevər ölkə olmuşdur. Az adam bunu bilir ki, Azərbaycanda qadınlara hələ 1918-ci ildə, müsəlman Şərqində Azərbaycanda ilk demokratik Parlament Respublikası elan ediləndə səsvermə hüququ verilmişdi. Müsəlman qızlar üçün ilk məktəb də Azərbaycanda tikilmiş, Şərqdə ilk opera da Azərbaycanda yaradılmışdır. Böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə bizim ölkədə həmişə hörmət və məhəbbət bəslənmişdir. Azərbaycan bu gün də postsovet məkanında yeganə dövlətdir ki, onun məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanmışdır. Azərbaycanda Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, Rus Mədəniyyəti Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bu gün Azərbaycanda 16 mindən çox tələbə rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu da bizim ölkədədir. Mənim fikrimcə, bu, hər iki tərəf üçün çox dəyərlidir, çünki heç bir başqa amil xalqları mədəni müxtəliflik amili qədər yaxınlaşdırmır, dostluğu onun qədər möhkəmlətmir. Ümid edirəm ki, RAGT bu dostluğa öz töhfəsini verə biləcək və Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək, gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasına, onların Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və bənzərsiz incəsənətini təmsil etməsinə kömək göstərəcəkdir. Sözün düzü, biz RAGT-ni yaratmağa yenicə başlayanda mən bilirdim ki, hər şey yaxşı olacaqdır. Lakin bizim gənclərin intellekti, istedadı, təşəbbüskarlığı, Vətənimizə məhəbbəti mənim gözlədiklərimdən də üstün oldu. Buna görə çox sağ olun.

Bu gün Rusiyada altı minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclik qrupları yaradılmışdır və bizim gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində fəal iştirak edir, öz təşəbbüsləri ilə uşaq evlərinə baş çəkir, "Qanın milləti yoxdur" devizi altında pulsuz qanvermə aksiyalarında iştirak edirlər.

RAGT bizim gənclərin idmanla bağlı bütün təşəbbüslərini dəstəkləyir, klublar və ali məktəblər arasında müxtəlif müsabiqələr və yarışlar təşkil edir. RAGT ətraf mühitin qorunması məsələsinə də böyük diqqət yetirir və beynəlxalq IDEA hərəkatının bütün layihələrini dəstəkləyir. Buraya ağac əkmək, quşlar üçün yuvalar düzəldilməsi, müsabiqələr, seminarlar təşkil edilməsi kimi tədbirlər aiddir. Zənnimizcə, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların müdafiə edilməsi çox vacibdir.

Bu günlərdə biz "Neyşnl ceoqrafik"in fotoqrafı Rza Diqqəti ilə birlikdə IDEA-nın növbəti müştərək layihəsini uğurla başa çatdırmışıq. Bu layihə sayəsində dünyanın 90 ölkəsindən olan uşaq və gənclər ətraf mühitin qorunması barədə öz təsəvvürlərini bölüşmək imkanı əldə etmişlər. Mən sevinc hissi ilə elan etmək istəyirəm ki, həmin layihədə birinci yeri səkkiz yaşlı rusiyalı Anastasiya Vorobko tutmuşdur. Anastasiya bu gün bu zaldadır. Onun cəmi səkkiz yaşı var. Bu yaşında, həqiqətən, çox gözəl şəkillər çəkməyə nail olmuşdur. Əlbəttə, bütün ekoloji layihələrin dövlət sərhədləri çərçivəsində qapanıb qalmaması çox vacibdir. Cəmi bir saat bundan əvvəl biz Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu ilə əməkdaşlıq haqqında saziş imzalamışıq və güman edirəm ki, qarşıda bizi çox maraqlı işlər gözləyir.

Bizim maraqlı planlarımız, layihələrimiz və ideyalarımız çoxdur. Bu beş ildə çox iş gördüyümüzə baxmayaraq, əldə edilmiş nailiyyətlə kifayətlənmək fikrində deyiliksə, qarşıda çox mühüm vəzifələrimiz vardır. Bu gün Azərbaycan çox böyük sürətlə inkişaf edən müasir, müstəqil dövlətdir: yeni yollar çəkilir, binalar tikilir, parklar, körpülər salınır, memarlıq abidələri, muzeylər, teatrlar bərpa olunur. Hətta mən özüm də hər dəfə şəhərimizə gələndə onun necə sürətlə dəyişməsinə və gözəlləşməsinə heyrətlənirəm. Dövlətimiz mədəniyyətin, elmin, texnologiyaların və təhsilin inkişafına çox böyük diqqət yetirir. Ərazilərimizin iyirmi faizinin işğal altında olmasına, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq və bütün qaçqınlar öz doğma yurdlarına, evlərinə qayıdacaqlar.

Biz, xaricdə yaşayan Azərbaycan gəncləri bu münaqişə haqqında həqiqəti dünya birliyinə çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç vaxt unutmamalıyıq. Mən inanıram ki, əgər biz, Rusiyada yaşayan Azərbaycan gəncləri həmişə əlbir olsaq, bir-birimizi eşitsək, bir-birimizə kömək etsək, bir-birimizə məhəbbətlə yanaşsaq, onda istənilən çətinlikləri dəf edə biləcəyik və həmişə üzüağ, alnıaçıq olacağıq. RAGT-nin qapıları isə həmişə açıqdır. Biz sizin ideyalarınızı, təşəbbüslərinizi dəstəkləməyə həmişə hazırıq. Biz Rusiyanın digər gənclər təşkilatları ilə də əməkdaşlıq etməyə hazırıq. İnanıram ki, biz bir-birimizdən çox şey öyrənə bilərik. Beş il ərzində görülmüş bütün işlərə görə sizə bir daha təşəkkür edirəm və əminliklə deyə bilərəm ki, RAGT bir təşkilat kimi özünü təsdiq etmişdir. Son olaraq, Azərbaycana və Rusiyaya sülh və firavanlıq arzulamaq istərdim.

***

Gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, bu gün RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. O, xüsusi vurğulamışdır ki, artıq bu gün Rusiyanın 70-dən çox regionunda RAGT-nin bölmələri fəaliyyət göstərir. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olmuşdur və bunu davam etdirir.

RF Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Rusiya Sülh Fondunun idarə heyətinin sədri Leonid Slutski RAGT-nin çoxşaxəli fəaliyyətini və onun rəhbəri Leyla Əliyevanın şəxsi töhfəsini yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir ki, görkəmli filosoflar dünyanı dəyişdirməyə, novator ideyalar irəli sürməyə və heç vaxt, xüsusən öz ideyalarının müdafiəsi məsələsində heç kəsə güzəştə getməməyə çağırmışlar.

RF Təhsil və Elm Nazirliyinin uşaqların əlavə təhsili, tərbiyəsi və gənclər siyasəti departamentinin direktoru Aleksandr Stradze, "Yedinaya Rossiya" Partiyasının "Molodaya qvardiya" Rusiya Gənclər Təşkilatının sədri Alla Buçkova, RF Federal Məclisinin Federasiya Şurasının üzvü Ruslan Qattarov Leyla Əliyevanı RAGT-nin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etmiş və gənclər hərəkatının lideri Leyla Əliyevanın Rusiyanın gənclər təşkilatları ilə əməkdaşlığa, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirmişlər.

ÜAK-nın prezidenti Məmməd Əliyev, "Böyük İpək Yolu" Beynəlxalq gənclər təşkilatının sədri Fuad Muradov qeyd etmişlər ki, RAGT-nin genişmiqyaslı fəaliyyəti xalqlarımız arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycan gənclərinin birləşməsinə və cəmiyyətə inteqrasiyasına şərait yaradır.

Tədbirdə RF Dövlət Dumasının sədri Sergey Narışkinin forum iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur.

Tədbirin sonunda əlaçı birinci kurs tələbələrinin təltif edilməsi mərasimi keçirilmişdir. Leyla Əliyeva Rusiyanın ali məktəblərində əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə "RAGT əlaçısı" diplomlarını təqdim etmişdir.

Konfransdan sonra Leyla Əliyeva və forumun bütün iştirakçıları Rusiya və Azərbaycan incəsənət ulduzlarının möhtəşəm konsertinə tamaşa etmişlər. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov