Azərbaycan
Respublikasının təhsil naziri, professor Misir
Mərdanovun rəhbərliyi ilə hazırlanmış "Təhsil
qanunvericiliyinə dair normativ-hüquqi sənədlər toplusu"
ikicildliyi cari ilin oktyabrında Bakı "Şərq-Qərb"
Nəşriyyat Evi tərəfindən çap edilmişdir.
Müstəqilliyimizin iyirmi ili ərzində təhsil
qanunvericiliyinin yaradılması, təkmilləşdirilməsi
istiqamətində çox mühüm addımlar atılmış, 400-ə yaxın
normativ-hüquqi akt, 16 Dövlət Proqramı və inkişafyönlü
layihə qəbul edilmişdir.
Son iyirmi ildə təhsil sahəsində fəaliyyətin hüquqi
tənzimlənməsi, təhsilin keyfiyyətcə müasir səviyyəyə
yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi,
məzmun islahatları, yeni dərslik və qiymətləndirmə
siyasəti, əmək bazarının tələblərinə uyğun kadr
hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil
sisteminin informasiyalaşdırılması, məktəbəqədər, ümumi,
ilk peşə-ixtisas, orta ixtisas, ali təhsil, xüsusi
təhsil, xaricdə təhsil, istedadlı uşaqlarla iş,
de-institutlaşdırma və s. sahələrdə fəaliyyətin
tənzimlənməsini təmin edən mükəmməl normativ-hüquqi baza
yaradılmışdır.
Bu sənədlər təhsil tariximizin tərkib hissəsi olmaqla
bərabər, eyni zamanda müstəqillik illərində təhsilimizin
inkişafını əks etdirir. Əminik ki, toplu təhsil
müəssisələrinin, təhsili idarəetmə orqanlarının
rəhbərləri, eləcə də təhsil qanunvericiliyi ilə bağlı
istənilən məlumatı əldə etmək istəyən hər bir vətəndaş
üçün faydalı bir mənbə olacaqdır.
Birinci cildə təhsil sisteminə aid ümumi xarakterli, ali
və orta ixtisas təhsili sahəsində fəaliyyətin
tənzimlənməsini təmin edən normativ-hüquqi sənədlər
daxil edilmişdir. İkinci cilddə toplanmış sənədlər isə
məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və
məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı
normativ-hüquqi sənədlərdir.
Topluya Azərbaycan Respublikasının Konstitusiyasından,
Əmək Məcəlləsindən və "Azərbaycan Respublikasında dövlət
dili haqqında" Azərbaycan Respublikasının Qanunundan
çıxarışlar, "Təhsil haqqında", "Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının
qanunları isə tam həcmdə daxil edilmişdir.
Burada həmçinin Azərbaycan Respublikası Prezidentinin 12
fərmanı, 21 sərəncamı, Nazirlər Kabinetinin 100 qərarı,
11 sərəncamı və Təhsil Nazirliyinin 21 əmri öz əksini
tapmışdır. |