Bu günlərdə Çexiya Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri cənab Radek Matula
BSU-nun qonağı olmuşdur. Cənab Radek Matulanın budəfəki
gəlişinin səbəbi BSU-da fəaliyyət göstərən "Heydər
Əliyev məktəbi" tələbə teleradiostudiyası və Çex dili və
Mədəniyyəti Mərkəzinə müxtəlif texniki avadanlıqlar -
kompüter, multi-funksional printer, skayner, proyektor
və s. hədiyyə etmək idi. Bu hədiyyələr Çexiya
Respublikasının Xarici İşlər Nazirliyinin həyata
keçirdiyi əməkdaşlığın inkişafı ilə bağlı proqram
çərçivəsində təqdim edilmişdir. Layihənin əsas məqsədi
jurnalistika və digər ixtisaslara yiyələnən, radio
verilişlərinin hazırlanmasında iştirak edən BSU
tələbələrinin bilik və praktik bacarıqlarının
artırılmasına yardım etməkdir.
Xatırladaq ki, BSU-da 2008-ci ildən fəaliyyət göstərən
tele-radiostudiyanın əsas məqsədi Heydər Əliyev irsinin
öyrənilməsi və təbliğinə geniş tələbə auditoriyasını
cəlb, universitetdə təhsil alan tələbə-jurnalistlərin,
tərcüməçilərin, filoloqların, regionşünasların,
beynəlxalq münasibətlər üzrə mütəxəssislərin yüksək peşə
hazırlığını təmin etməkdən, onlara müvafiq ixtisaslar
üzrə əmək fəaliyyətində zəruri ola biləcək bilik və
bacarıqlar aşılamaqdan, təcrübə qazandırmaqdan
ibarətdir.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal
Abdullayev cənab Radek Matulanı BSU-da qarşılamaqdan
məmnun olduğunu bildirdi: "Bu gün biz əlamətdar bir
hadisəyə görə bura toplaşmışıq. Cənab səfirin təşəbbüsü
ilə Çexiya Respublikası universitetimizə çox qiymətli
hədiyyələr təqdim edir. Bu hədiyyələr iki istiqamətə
yönələcək. Verilən hədiyyələrin bir qismi radioqovşağın
güclənməsinə xidmət edəcək, digər qismi isə Çex dili və
Mədəniyyəti Mərkəzinə veriləcək. İnanıram ki, bizim
çexiyaşünas tələbələr təqdim edilən hədiyyələrin
vasitəsilə Çexiya Respublikası, çex dili, ədəbiyyatı,
mədəniyyəti və tarixi barədə məlumatlarını daha da
təkmilləşdirəcəklər". Rektor K.Abdullayev BSU-da
fəaliyyət göstərən Çex Dili və Mədəniyyəti Mərkəzinə,
bütövlükdə BSU-ya göstərdiyi diqqət və qayğıya, həmçinin
Çexiya universitetləri ilə əlaqələrin genişlənməsində
böyük xidmətlərinə görə cənab Radek Matulaya dərin
təşəkkürünü bildirdi.
Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri cənab Radek Matula bir daha BSU-da
olduğundan məmnunluğunu bildirdi. Səfir qeyd etdi ki,
Çex dili və Mədəniyyəti Mərkəzinin genişlənməsi prosesi
gedir və yaxın zamanlarda Çexiyanın Ostrava
Universitetinin bir qrup müəllimi BSU-da çexiyaşünas
tələbələrə dərs deməyə gələcək. Sonda səfir Radek Matula
BSU-nun rektoru Kamal Abdullayevə rəhbərlik etdiyi
universitetdə çex dili və mədəniyyətinin təbliğinə
göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını
bildirdi.
Şakir CƏFƏROV |