Azərbaycan Mətbuat Şurasında "Media və Azərbaycan
ədəbi dilinin qorunması" mövzusunda "dəyirmi masa"
keçirilib. Tədbirdə KİV-lərin rəhbərləri, dilçi alimlər
və media ekspertləri iştirak ediblər. Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək
layihəni zəruriləşdirən məqamlardan söz açıb. Qeyd edib
ki, rəhbərlik etdiyi qurum tərəfindən ötən il də
KİVDF-nin maliyyə dəstəyi ilə mediada ana dilimizin
normalarına əməl edilməsi ilə bağlı layihə
reallaşdırılıb.
Sonra layihə üzrə yaradılmış monitorinq qrupunun
rəhbəri, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov
monitorinq zamanı aşkarlanmış konkret meyillərdən
danışıb. Ümumi nəzərəçarpan cəhət kimi rəsmi qəzetlərdə
dil və üslub səhvlərinin nisbətən azlığına diqqəti cəlb
edən İ.Abbasov səbəb kimi peşəkarlıq amilini deyil,
ümumən qəzetçilik texnologiyasına yanaşmanı göstərərək
aşkara çıxarılmış nöqsanların bir çoxunun həmin
texnologiyanın işləməməsi ilə əlaqəli olduğunu deyib.
Milli Məclisin deputatı, Mətbuat Şurasının dil
komissiyasının sədri Bəxtiyar Sadıqov, MŞ idarə
heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakültəsinin
professoru Nəsir Əhmədov və başqaları çıxışlarında
Azərbaycan ədəbi dilinin qorunması məsələsinin daim
gündəmdə saxlanılmasının vacibliyini vurğulayıblar.
Sifai SƏFƏROVA |