Bakıdakı 167 nömrəli tam orta məktəbin pedaqoji
kollektivi təlim-tərbiyəni yüksək səviyyədə qurmaq,
qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün
ciddi səylə çalışır.
Məktəbin direktoru Vaqif Quliyev bildirir ki, təhsil
ocağında dərsin təkmilləşdirilməsi ilə əlaqədar
metodiki işlərə geniş yer verilir. Metodiki iş "Təlim
və tərbiyə metodlarını həyatın tələblərinə müvafiq
quraq" və "Yaradıcılıqla işləyən müəllimdən
yaradıcılıqla işləyən kollektivə" devizləri altında
aparılır. Metodiki iş dərsin təkmilləşdirilməsinə,
proqram materiallarının şagirdlər tərəfindən dərindən
mənimsənilməsinə kömək etməklə bərabər, həm də
müəllimlərin vaxtaşırı fikir mübadiləsi aparmasına,
müzakirələr şəklində şəxsi fikirlərini həmkarlarına
çatdırmaq üçün geniş meydan açılmasına şərait yaradır.
Hazırda məktəbdə ayrı-ayrı fənlər üzrə metodbirləşmə
sədrləri tərəfindən "açıq dərs"lərin təşkili, aktual
məsələlərlə bağlı qabaqcıl müəllimlərin çıxışı, seminar
və konfransların keçirilməsi planlaşdırılır. Pedaqoji
kollektiv çalışır ki, məktəbdə metodiki işin təşkili
yeni işə başlayan gənc müəllimlər üçün daha faydalı
olsun.
Şakir CƏFƏROV |