Oktyabrın 11-12-də Olimpiya İdman Kompleksində 19-cu
Bakı çempionatı keçirilmişdir. Azərbaycan Gimnastika
Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki,
medallar uğrunda ən maraqlı yarış gənc gimnastlar
arasında olmuşdur. "Avro-2011" çempionatlarında birlikdə
bürünc medal qazanmış Lalə Yusifova və Ayşə Mustafayeva
çoxnövçülük yarışlarında mübarizə aparmışlar. Nəticədə
L.Yusifova A.Mustafayevanı 3 bal qabaqlamış, üçüncü
yeri tutmuş Rəhimə Abdullayevanı 19 bal geridə
qoymuşdur.
Yeniyetmələr arasında yarışlar gərgin olmuşdur. 15 yaşlı
Marina Durunda Mənsurə Bağıyevaya gürz ilə
hərəkətlərdə məğlub olsa da, birinci yeri əldən
verməmişdir. Bürünc medala isə Yekaterina Prokopenko
sahib olmuşdur. Jalə Piriyeva 2000-2001-ci illər
təvəllüdlü gimnastlar arasında inamlı qələbə qazanmış,
şəxsi birincilikdə ən yaxın rəqibi Züleyxa İsmayılovaya
üstün gəlmişdir. Üçüncü yeri Ruhiyyə Səttarova
tutmuşdur.
2000-ci il təvəllüdlü idmançılar arasında birinci yeri
Vəfa Həsənzadə tutmuşdur. 9 yaşlı gimnastların
yarışında Məryəm Səfərova liderlik etmişdir. Ləman
Hüseynova turnirin gümüş, Aydan Ağayeva isə bürünc
mükafatçısı olmuşlar. Nəhayət, 2004-cü il təvəllüdlü ən
kiçik gimnastların yarışında Lalə Kramarenko birinci
yeri tutmuşdur. Arzu Cəlilova gümüş, Zərniyar Əliyeva
bürünc mükafatçı olmuşdur. Turnir Azərbaycan
gimnastikasının bu il 80 yaşını qeyd edən veteranı Ülkər
Qasımovanın ünvanına təbriklər söyləməklə başa
çatmışdır.
Ədalət DAŞDƏMİRLİ,
Rəşad RAMAZANOĞLU |