Oktyabrın
29-da Təhsil Nazirliyində "Yerli hakimiyyət orqanları
ilə qeyri-hökumət təşkilatları arasında himayədar
(foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq
modelinin işlənib hazırlanması" layihəsinin icrasına
dair tədbir keçirildi. Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov,
Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Silvia Mayer-Kaybiç, Nazirlər Kabinetinin Elm,
mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir
müavini Qurban Əmirov, "Hilfsverk Avstriya" beynəlxalq
təşkilatının məsul əməkdaşları, Təhsil və Maliyyə
nazirliklərinin müvafiq struktur-bölmə rəhbərləri və
əməkdaşlarının, KİV təmsilçilərinin iştirak etdikləri
tədbirdə layihə çərçivəsində yaradılması nəzərdə tutulan
alternativ xidmətlərin maliyyələşdirmə mexanizmləri ilə
bağlı müzakirələr aparıldı.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə
açaraq bu layihənin "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)" çərçivəsində Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə "Hilfsverk Avstriya"
beynəlxalq təşkilatı tərəfindən həyata keçirildiyini
bildirdi.
Öncə Dövlət Proqramının icrası istiqamətində görülmüş
işlərdən danışan təhsil naziri qeyd etdi ki, Proqramın
icrasında aparıcı qurum olan Təhsil Nazirliyi bu
istiqamətdə öz işini Maliyyə, Səhiyyə, Daxili İşlər,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli
icra hakimiyyətləri ilə sıx əməkdaşlıq əsasında
qurmuşdur. Bununla yanaşı, müxtəlif beynəlxalq və
qeyri-hökumət təşkilatları da Proqramın icra olunmasında
Azərbaycan hökumətinə dəstək verirlər.
Nazir bildirdi ki, Proqramın icrası ilə bağlı qarşıda
duran vəzifələrdən biri uşaq evləri və internat tipli
müəssisələrin tədricən ailə əsaslı sosial xidmətlər
sistemi ilə əvəz olunmasıdır. Hazırda ölkədə uşaqlara
qayğı sahəsində paralel olaraq iki istiqamətdə iş
aparılır. Bunlardan biri dövlət uşaq müəssisələri
sistemidir ki, həyata keçirilən tədbirlərin nəticəsində
onların tədricən sıradan çıxması gözlənilir. Digəri isə
yeni yaranmaqda olan alternativ qayğı və alternativ
xidmətlər istiqamətidir.
Diqqətə çatdırıldı ki, Proqramın icrası istiqamətində
indiyədək bir sıra işlər görülmüşdür. Belə ki, Təhsil
Nazirliyində hər üç aydan bir yenilənən məlumat bazası
yaradılmışdır. Bazaya hər bir uşaq barədə, həmçinin hər
bir müəssisənin texniki göstəriciləri, uşaqlara
göstərilən xidmətlər, illik xərcləri və pedaqoji heyət
üzrə məlumatlar toplanmışdır. Məlumatların təhlili
əsasında dövlət uşaq müəssisələrinin transformasiyası
üzrə Baş plan hazırlanmış və o, 2009-cu ilin aprel
ayında hökumət tərəfindən təsdiq edilərək icra üçün
Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və
Maliyyə nazirliklərinə göndərilmişdir. Baş planın icrası
olaraq 9 ümumtəhsil internat məktəbi gimnaziya və
ümumtəhsil məktəblərinə çevrilmişdir. Bununla yanaşı,
müəssisələrdə təlim-tərbiyə alan 309 nəfər uşağın və
onların ailələrinin fərdi qiymətləndirilməsi həyata
keçirilmişdir. Uşaqların ailələrinin himayəsinə
qaytarılması üçün onların ailələri və ya qohumlarının
yaşadıqları rayonlara səfərlər edilmişdir. Görülən
tədbirlər nəticəsində 149 nəfər uşaq bioloji ailələrinə
qaytarılmışdır.
Dövlət Proqramının Tədbirlər Planına və Baş plana
əsasən, uşaq evləri və internat tipli dövlət uşaq
müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı
xidmətlər ilə əvəz olunması işinə başlanılmışdır.
Bu məqsədlə artıq Bakının Sabunçu, Xəzər, Suraxanı
rayonlarında günərzi qayğı və reabilitasiya
mərkəzlərinin yaradıldığını qeyd edən nazir nəticədə 298
uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının
alındığını bildirdi.
Alternativ qayğı xidmətlərinə günərzi qayğı və
reabilitasiya mərkəzləri ilə yanaşı ailə tipli kiçik
qrup evi və himayədar (foster) qayğı xidmətlərinin də
daxil olduğunu qeyd edən nazir bu xidmətlərin
yaradılması istiqamətində görülmüş işləri də diqqətə
çatdırdı. Bildirdi ki, bu xidmətlərin yaradılmısı
məqsədilə Təhsil Nazirliyi ilə "Hilfsverk Avstriya"
beynəlxalq təşkilatı arasında "Himayədar (foster) qayğı
və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin
işlənib hazırlanması" layihəsinin həyata keçirilməsi
üçün birgə əməkdaşlıq barədə Qrant Sazişi imzalanmışdır.
Layihə Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və
"Hilfsverk Avstriya" beynəlxalq təşkilatının maliyyə
dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində 10 nəfər uşaq üçün ailə tipli kiçik
qrup evinin tikilərək istifadəyə verildiyini, himayədar
ailələrə veriləcək 50 nəfər uşağın seçildiyini, Xəzər
rayonunda yaradılmış Ailə təlim və məsləhət mərkəzində
himayədar ailə olmaq istəyən şəxslərə müvafiq proqramlar
üzrə təlimlərin keçirildiyini nəzərə çatdıran təhsil
naziri, eyni zamanda yaradılmaqda olan yeni himayədar
(foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən
"Ailə tipli kiçik qrup evi haqqında Nümunəvi Nizamnamə"
və "Himayədar (foster) ailə haqqında Əsasnamə"nin
hazırlandığını və təsdiq üçün Nazirlər Kabinetinə təqdim
olunduğunu söylədi.
Beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə həyata
keçirilən layihənin müddətinin cari ilin sonunda başa
çatdığına diqqət çəkən nazir bundan sonra yeni
yaradılmış xidmətlərin dövlət büdcəsindən ayrılmış
vəsait hesabına maliyyələşdirilməsinin nəzərdə
tutulduğunu bildirdi və tədbirdə məqsədin yaradılmaqda
olan alternativ xidmətlərin maliyyə və hüquqi
əsaslarının təmin edilməsi ilə bağlı müzakirələr aparmaq
olduğunu vurğuladı.
Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Silvia Mayer-Kaybiç, Nazirlər Kabinetinin şöbə
müdirinin müavini Qurban Əmirov tədbirdə çıxış edərək
layihənin əhəmiyyətini yüksək qiymətləndirdilər və onun
davam etdiriləcəyinə əmin olduğunu bildirdilər.
Sonra Təhsil Nazirliyi De-İnstitutlaşma və Uşaqların
Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva və
"Hilfsverk Avstriya" beynəlxalq təşkilatının maliyyə
üzrə meneceri Ştefan Fritz layihə, maliyyə məsələləri
üzrə beynəlxalq ekspert Yelena Andreyeva isə xidmətlərin
maliyyə təhlili ilə bağlı təqdimatlar etdilər.
Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov "Yerli
hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları
arasında himayədar (foster) qayğı və ailə əsaslı
xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib
hazırlanması" layihəsinin reallaşdırılması istiqamətində
görülmüş işləri yüksək dəyərləndirdi. Layihənin davam
etdirilməsi və layihə çərçivəsində fəaliyyət göstərən
kiçik qrup evinin saxlanması xərclərinin dövlət
büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi barədə
fikirlərini bildirən nazir bu məsələnin həlli üçün
müvafiq normativ-hüquqi əsasların hazırlanmasının vacib
olduğunu diqqətə çatdırdı.
Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən təhsil
naziri Misir Mərdanov "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı(2006-2015-ci illər)"nın icrası istiqamətində
həyata keçirilən bu layihənin davam etdirilməsi üçün
bundan sonra da qabaqcıl dünya təcrübəsinin əsas
götürülməsinin zəruriliyini vurğuladı.
Yusif ƏLİYEV |