Azərbaycan Dillər Universitetində Dağlıq Qarabağ
müharibəsinin iştirakçısı, "Azərbaycan bayrağı" ordenli
İbad Hüseynovla tələbələrin görüşü keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
(ATGTİ) Qarabağ Mərkəzinin və ADU-nun Tələbə Gənclər
Təşkilatının təşkilatçılığı ilə keçirilən görüşdə İbad
Hüseynovun döyüş yoldaşları və tələbələr iştirak
ediblər. Görüşdə çıxış edən ADU-nun tərbiyə işləri üzrə
prorektoru Ələddin Əliyev igid vətən oğulları ilə
keçirilən görüşlərin gənclərdə vətənpərvərlik ruhunun
aşılanmasında önəmli rol oynadığını bildirib. Ə.Əliyev
Xocalı soyqırımının təşkilatçılarından olan, ASALA
terror təşkilatının lideri Monte Melkonyanın İbad
Hüseynovun başçılığı altında keçirilən xüsusi əməliyyat
nəticəsində şəxsən onun tərəfindən öldürüldüyünü
tələbələrin diqqətinə çatdırıb. Prorektor qeyd edib ki,
şanlı döyüş yolu keçmiş İbad Hüseynov Azərbaycanın
qəhrəmanlıq salnaməsinə öz imzasını yazıb.
Sonra İbad Hüseynovun döyüş yolunu əks etdirən videoçarx
nümayiş olunub.
İ.Hüseynovun döyüş yoldaşı Məhəmməd Qədirov gənc nəslin
vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanların
təbliğ edilməsinin əhəmiyyətindən söz açıb. Digər çıxış
edənlər də bildiriblər ki, Monte Melkonyanın məhv
edilməsi ilə insanlıq üçün törədilə biləcək ən ağır
cinayətlərin qarşısı alınıb. İ.Hüseynovun erməni
terrorçusunu məhv etməsi ilə yeni faciələrin qarşısının
alındığı qeyd edilib.
"Azərbaycan bayrağı" ordenli İbad Hüseynov çıxış edərək
ona göstərilən diqqət və qayğıya görə universitet
rəhbərliyinə minnətdarlığını bildirib. O, gəncləri
Vətəni sevməyə çağırıb.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV |