Gənclər
və İdman Nazirliyi və "Təbiətin dostları" İctimai
Birliyinin dəstəyi ilə həyata keçirilən "Bakı
məktəblərarası Debat Forumu-2012" layihəsinin bağlanış
və mükafatlandırma mərasiminə həsr olunmuş tədbir
noyabrın 3-də 20 nömrəli məktəbdə təşkil edildi. Oktyabr
və noyabr aylarında keçirilən forumun məqsədi gənclərin
"Yaşıl düşüncə" mövzusunda maarifləndirilməsidir. Forum
ümumilikdə Bakı şəhərinin 16 orta təhsil müəssisəsini
təmsil edən 300 gənci əhatə edib. İştirakçılar öncə
"Yaşıl düşüncə" debat təlimlərində, sonra "Velosipeddən
istifadə yanacaqla işləyən nəqliyyat vasitələrinin
istifadəsindən daha səmərəlidir" mövzusunda forumun
yekun mərhələsində iştirak ediblər.
"Bakı məktəblərarası Debat Forumu - 2012"-də ən yüksək
nəticə göstərən Yasamal rayonu 20 nömrəli tam orta
məktəbin komandası ilə Nizami rayonu 220 nömrəli təhsil
müəssisəsinin yetirmələri finalda forumun qalibini
müəyyən etmək üçün yarışıb. Maraqlı və intellektual
müzakirələrlə müşayiət olunan final qarşılaşmasında 20
nömrəli tam orta məktəbi təmsil edən komanda forumun
kubokunu əldə edərək qızıl medallara sahib çıxıb. Bu
məqsədlə təhsil müəssisəsində keçirilən tədbirdə 20
nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim
Sabir Məmişov çıxış etdi. Öncə son dövrlərdə məktəbdə
görülən işlər, qazanılan uğurlar və perspektiv
planlardan danışdı. Sonra ümummilli lider Heydər
Əliyevin davamçısı olan Prezident İlham Əliyevin bütün
sahələrə, o cümlədən təhsilə göstərdiyi qayğını xüsusilə
diqqətə çəkdi. Qeyd etdi ki, qayğının nəticəsi kimi biz
daha məsuliyyətlə çalışmalıyıq ki, beynəlxalq
səviyyələrdə də uğurlarımız davam etsin. Sonra
Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim
Nəbiyev çıxış edərək təəssüratlarını iştirakçılarla
bölüşdü.
Tədbirin sonunda direktor 7-ci sinif şagirdlərindən
ibarət olan qalib komandanın üzvlərinə və xüsusilə
onları yetişdirən müəllim Züleyxa Əliyevaya
minnətdarlığını bildirdi və onlara diplom və medallar
təqdim etdi.
Fazil İDRİSOĞLU,
foto müəllifindir |