Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Dekabrın 1-də Təhsil Nazirliyində ali məktəb rektorları ilə müşavirə keçirildi.

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbiri açaraq iştirakçıları salamladı. Nazir Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovu 65 yaşının tamam olması və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovu İSESKO-nun mükafatına layiq görülməsi münasibətilə təbrik edərək onlara şəxsi həyatlarında və gələcək elmi fəaliyyətlərində böyük uğurlar arzuladı.

Başa çatmaqda olan təqvim ilinin Azərbaycan üçün çox uğurlu olduğunu vurğulayan nazir giriş sözündə bu il ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən çox əhəmiyyətli beynəlxalq layihələrdən söz açdı. Belə əhəmiyyətli tədbirlərdən biri olan İkinci Bakı Beynəlxalq Humanitar Forumunda ali təhsil müəssisələrimizin yüksək səviyyədə iştirak etdiyini deyən nazir ölkə başçısı cənab İlham Əliyevin onların bu mötəbər tədbirdəki fəaliyyətindən çox məmnun qaldığını vurğuladı.

Sonra təhsil naziri ali təhsil sahəsi ilə bağlı təqdimatı tədbir istirakçılarının diqqətinə çatdırdı. Təqdimatda öncə son illərdə  bu sahədə görülmüş işlərdən bəhs olundu. Qeyd edildi ki, ali təhsil müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilmiş, yeni kampuslar yaradılmış, ali təhsil müəssisələrinin akkreditasiyası mexanizmi daha da təkmilləşdirilmiş, 2010-2012-ci illərdə 20 universitet akkreditasiyadan keçmiş, tədrisin kredit sistemi ilə təşkili istiqamətində mühüm işlər görülmüş, "Azərbaycan Respublikasının Milli İxtisas Dərəcələri Çərçivəsi" hazırlanaraq təsdiq üçün hökumətə təqdim edilmişdir. Ali təhsilin səviyyələri üzrə (bakalavriat, magistratura), o cümlədən rezidentura həkim-mütəxəssis hazırlığını təmin edən yeni ixtisas siyahısı təsdiq olunmuş və tətbiq edilmişdir. Ali təhsilin standartı, bakalavriat və magistratura səviyyələri üzrə təhsilin məzmununa verilən tələblər və təhsilin təşkili qaydaları təsdiq edilmiş, buna müvafiq olaraq təhsil proqramları (kurikulumlar) hazırlanmışdır və s.

Növbəti slaydlarda ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləri, bu sahədə əldə edilmiş nailiyyətlər, Nazirlər Kabinetinin bununla bağlı qərarlarının icrası istiqamətində atılan addımlar və qarşıya çıxan çətinliklər haqqında ətraflı məlumat verildi.

Misir Mərdanov ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin yeni təsdiq olunmuş və əvvəlki miqdarı barədə məlumatı müşavirə iştirakçılarının diqqətinə çatdırdı.

Sonra dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbulun tənzimlənməsi, ali təhsilin məzmununun və müəllim hazırlığının təkmilləşdirilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılması ilə əlaqədar məsələlərdən bəhs olundu. Ali məktəblərdə təhsilalanların yekun attestasiyası haqqında fikrini bildirən nazir qeyd etdi ki, dünyanın aparıcı universitetlərinə qəbul olunan tələbələrin təxminən 60 faizi təhsil müəssisəsini müvəffəqiyyətlə bitirir, qalan 40 faizi isə müvafiq kompetensiyalara yiyələnmədiyi üçün təhsil sənədi ala bilmir. Ölkəmizdə də keyfiyyətli və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin etmək məqsədilə ali təhsil müəssisələrində məzunların buraxılışının ciddi nəzarətə götürülməsi ən mühüm vəzifələrdəndir. Bununla əlaqədar ali təhsil müəssisələrində təhsilalanların attestasiyası, xüsusilə yekun attestasiyası qaydaları təkmilləşdirilməli, dövlət standartlarına uyğun təhsilalanların kompetensiyalarını qiymətləndirməyə imkan verən yeni mexanizmlər hazırlanmalıdır.

Təhsil naziri təqdimatında daha sonra Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində görülmüş işlərdən söz açdı. Qeyd olundu ki, 1995-2012-ci illərdə Azərbaycan universitetləri bu qurumun 32 TEMPUS layihəsinin iştirakçısı, 2012-ci ildə 5 layihənin qalibi olmuşdur. 2007-2012-ci illərdə universitetlərimiz Aİ-nin 11 Erasmus-Mundus layihəsinin qalibi olmuşdur. Cari ildə bu proqram çərçivəsində 8 layihə qazanılmışdır.

2009-2012-ci illərdə Təhsil Nazirliyi  tərəfindən Avropa İttifaqına 10-dan artıq TAİEX və tvinninq layihəsi təqdim olunmuş, 2 tvinninq və 4 TAİEX layihəsi qazanılmışdır. Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verən nazir perspektivdə nəzərdə tutulan tədbirləri iştirakçıların diqqətinə çatdırdı.

Təhsil nazirinin təqdimatından sonra geniş müzakirələr aparıldı. Müzakirələrdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, ADU-nun rektoru, professor Səməd Seyidov, BSU-nun rektoru, professor Kamal Abdullayev, AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı, AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, AzTU-nun rektoru, professor Havar Məmmədov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov və digərləri ali təhsillə bağlı bir sıra məsələlərə toxunaraq fikirlərini bildirdilər və təkliflərini verdilər.

Sonda ali təhsil sahəsində həlli vacib olan müəyyən məsələlərin müvafiq qurumların nümayəndələrinin iştirakı ilə yenidən müzakirə olunması qərara alındı.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov