Bakıdakı
150 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət
planının müddəalarına uyğun olaraq orta ümumtəhsil
məktəblərində uşaq hüquqlarının tədrisi mövzusu ilə
bağlı növbəti tədbir keçirildi. Mərasimi açan məktəbin
direktoru Mirdamət Sadıqov öncə son dövrlərdə təhsil
müəssisəsində görülən işlər, qazanılmış nailiyyətlər və
perspektiv planlardan danışdı, sonra uşaq hüquqlarının
qorunması ilə bağlı fikirlərini diqqətə çatdırdı.
Məktəbin müəllimi Yeganə Məmmədova uşaq hüquqlarının
tarixi haqqında məlumat verdi. Uşaq hüquqlarının
qorunması ilə bağlı təqdim olunan videoçarx, şeirlər və
səhnəçiklər maraqla qarşılandı.
Sonra insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira
Süleymanova tədbirdə çıxış edərək mövzunun əhəmiyyətini,
uşaq haqlarının qorunmasında maarifləndirmə işinin daha
da inkişaf etdirilməsini vacib hesab etdi. Ulu öndər
Heydər Əliyevin və onun siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin bütün sahələrə, o
cümlədən təhsilə göstərdikləri qayğını önə çəkən
müvəkkil insan hüquqları ilə bağlı dövlət başçısının
xüsusi diqqətini iştirakçıların nəzərinə çatdırdı. Bu
sahədə respublikanın digər təhsil müəssisələrində də
görülən işlərə toxunan E.Süleymanova lazımi
tövsiyələrini verdi.
Sonda
"Uşaq hüquqları üzrə pilləli tədris" kursunu
müvəffəqiyyətlə başa vurmuş şagirdlərə və kursun uğurla
həyata keçirilməsində göstərdiyi fəaliyyətə görə
məktəbin direktoru Mirdamət Sadıqova sertifikat təqdim
olundu.
Fazil İDRİSOĞLU |