Hazırda ən aktual problemlərdən biri orta məktəb
dərslikləridir. Maraqlı və sevindirici bir haldır ki,
bu gün hamı - alim də, şagird də, valideyn də, müəllim
də dərslikdən danışır. Ancaq qəribədir ki, danışanların
bir qismi dərsliklərdə ancaq nöqsan və səhv axtarır. Bu
səhvi isə az qala "cinayət tərkibli nöqsan" kimi qələmə
verir, məsələnin mahiyyətinə varmadan hər yerdə qınaq
obyekti axtarırlar. Bu məqalə, bəlkə də, yazılmayacaqdı.
Ancaq dərsliklərin heç də təsadüfi deyil, hansısa bir
mənbədən qaynaqlanaraq məqsədyönlü şəkildə tənqid
obyektinə çevrilməsi məni bir müəllim kimi narahat etdi
və öz fikirlərimi bölüşməyi məqsədəuyğun hesab etdim.
Haqqı çatan da, çatmayan da, kurikulumu mənimsəyən də,
mənimsəməyən də yeni proqramlar əsasında yazılmış V
sinif dərslikləri haqqında yüksək tribunalarda, KİV-də,
İnternet səhifələrində öz fikirlərini "süzgəcdən
keçirməmiş", qərəzli şəkildə cəmiyyətin müzakirə
obyektinə çevirməyə, bu yolla dərsliklər, onları
qiymətləndirən ekspertlər, məsul şəxslər və təşkilatlar
haqqında mənfi rəy formalaşdırmağa çalışır.
Bu gün müzakirə obyektinə çevrilən dərsliklərə misal
olaraq V sinif "Azərbaycan dili" və "Ədəbiyyat"
dərsliklərini göstərmək olar. Bu dərsliklər ilk dəfə
olaraq yeni proqramlara əsasən tərtib edilib. Ədəbiyyat
dərsliyi variativdir. Bu isə bəzilərinin nə üçünsə
narazılığına səbəb olub. Əslində bu, sivil cəmiyyət
üçün normal bir haldır. Dünyanın bir çox ölkələrində bu
qəbulediləndir: standart əsas amil, dərslik isə
standartların reallaşmasında vasitələrdən biri hesab
edilir. Amma nə üçünsə bizdə buna qısqanclıqla yanaşır
və dərsliklərin variativliyini tənqid edirlər. Bu,
mətbuatda, televiziyada da qabarıq şəkildə özünü büruzə
verir, cəmiyyətdə dərsliklər haqqında istər-istəməz
mənfi rəyin formalaşmasına gətirib çıxarır. "Variativ
dərsliklər varsa, testlər yazılanda bəs hansı kitabdan
istifadə ediləcək" - ən çox rast gəlinən və
səsləndirilən sualdır. Amma bu sualı verib cəmiyyətlə
cavabdeh şəxslər arasında süni şəkildə dilemma
yaradanlar unudurlar ki, orta məktəbdə fənlərin, o
cümlədən də ədəbiyyatın tədrisinin məqsədi şagirdə test
yazmağı və testə cavab verməyi öyrətmək deyil.
Ədəbiyyatın əsas məqsədi şagirdə estetik zövq aşılamaqla
onda insani keyfiyyətlərin formalaşdırılması,
öyrəndiyini həyatda tətbiq etmək bacarığı, gözəl nitqlə
danışmaq, özünü təqdimetmə bacarığı və s.
formalaşdırmaqdır.
Bir müəllim, eyni zamanda kurikulum təlimçisi kimi deyə
bilərəm ki, standartın mahiyyətini başa düşüb onu
alqışlayan və təlim prosesində uğurla tətbiq edən
müəllimlər, təlim nəticələrinə görə nailiyyət əldə edən
şagirdlər, bacarıqlı, peşəkar müəllimlər tərəfindən
təlim prosesinə cəlb edilən valideynlərimiz də az
deyildir.
Əlbəttə ki, bu prosesin icra edilməsində, dərsliyin
məzmununun düzgün qavranılmasında və cəmiyyətə təqdim
edilməsində müəllimin aparıcı rolu və funksiyası
danılmazdır.
Mən V sinifdə dərs deyirəm. Azərbaycan dili və
ədəbiyyat fənnini tədris edirəm. Hesab edirəm ki, V
sinif üçün nəzərdə tutulmuş "Azərbaycan dili" və
"Ədəbiyyat" dərslikləri fənn kurikulumları əsasında
yazılmış ilk dərslik olsa da, bu sahədə atılmış uğurlu
addımlardır.
"Azərbaycan dili" dərsliyində verilən mətnlər aktualdır,
didaktik xarakterlidir, şagirdlərin marağına səbəb
olur, onları düşünməyə sövq edir, tədqiqata yönəldir.
Şagirdlər müstəqil fikir söyləməklə yanaşı,
yoldaşlarının fikrinə münasibət bildirir, onlarda
tolerantlıq, ədalətlilik kimi müsbət keyfiyyətlər
formalaşır və müəllimin yönəltməsi addım-addım şagirdini
təlim nəticələrinə doğru istiqamətləndirir.
Mövzu əsasında şagirdlərin yazılı və şifahi təqdimatları
problemin həllinə zəmin yaradır. Problem sinifdəcə həll
olunur.
Bəzən müəllimlər tərəfindən dərslikdə qrammatik
qaydaların az olmasına dair iradlar eşidirəm. Bu gün
müəllimlərin əksəriyyəti şagirdlərə qayda dəftəri
tutdurur, yüklənmiş dilçilik qaydalarını bütün
istisnaları ilə yazdırırlar. Ancaq həmin müəllimlərin
nəzərinə çatdırmaq istərdim ki, standart dövlətin
müəllim və şagird qarşısında qoyduğu tələbdir. Standart
isə şagirdin yüklənməsinin əleyhinədir. Bu gün biz
məktəblərdə dilçi alimlər yox, düzgün yazmağı və oxumağı
bacaran, öz fikirlərini aydın şəkildə şərh etməyi və
dinləyənə çatdırmağı bacaran şagirdlər yetişdirməliyik.
Bu, dövrün tələbidir. Kurikulumun mahiyyətini bilməyən
bəzi müəllimlərin standartın tələbindən kənara çıxması
dərsliklərə və aparılan təhsil islahatına zərbə vura
bilər.
Dərslikdə zəruri dil qaydalarını öyrətmək və tətbiq
etmək üçün kifayət qədər tapşırıqlar vardır. Əsas və
vacib olan odur ki, bu tapşırıqlar yerinə yetirilərkən
məqsədyönlü iş aparılsın, şagirdlərdə yaradıcı və
məntiqi təfəkkür formalaşdırılsın. Bir metodist müəllim
kimi tam əminliklə deyərdim ki, dərslikdəki tapşırıqlar,
araşdırma xarakterli çalışmalar bunun üçün əlverişli
zəmin yaradır.
Mən "Ədəbiyyat" dərsliklərinə də münasibət bildirmək
istərdim. Bir metodist müəllim kimi hər iki "Ədəbiyyat"
dərsliyi ilə tanışam və deyərdim ki, hər iki dərslik
standartların reallaşması baxımından əhəmiyyətlidir.
Düzdür, ilk olduğu üçün hər iki dərslikdə müəyyən
çatışmazlıqlar var. Ancaq bu çatışmazlıqlar, bəzilərinin
dediyi kimi, o qədər də ciddi problemlər yaratmır. Mən
dərsliklərin daha çox mütərəqqi cəhətlərindən danışmaq
istəyirəm.
Dərs dediyim V sinifdə "Təhsil" nəşriyyatı tərəfindən
çap olunmuş "Ədəbiyyat"dan istifadə edirəm. Bu dərsliyi
yeniliklərə əsaslanan dərslik hesab etmək olar.
Dərslikdə oxu və yazı paralel şəkildə öyrədilərək bir
vəhdət yaradır. Standartlar verilmiş mətnlər və
tapşırıqlarda reallaşaraq şagirdlərdə nəzərdə tutulan
bacarıqları formalaşdırmağa imkan verir. Şagirdlər bu
tapşırıqlar əsasında düşünür, ifadəli oxu bacarığına
yiyələnir, öz fikirlərini şərh edərək mətndəki
hadisələri həyatla əlaqələndirirlər. Bədii nümunələrin
tədrisi zamanı müəlliflər tərəfindən təqdim olunan
suallar və yaradılan problemli situasiya şagirdləri
müstəqil olaraq öz düşüncələrini, bir-birindən
maraqlı fikirlərini söyləməyə, eyni zamanda təhlil
bacarığına təhrik edir. Bununla yanaşı, şagirdlər
hadisələri fərqli sonluqla bitirməyə də can atırlar ki,
bu da onlarda ibtidai siniflərdə formalaşdırılan bir
bacarıqdır. Bu bacarıq şagirdlərdə yazılı və şifahi
nitqin inkişafına təkan verən amil kimi
qiymətləndirilməlidir.
Dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən məlumatlar
və bu məlumatların əməli tətbiqinə imkan verən
tapşırıqlar şagirdlər tərəfindən asanlıqla mənimsənilir
və onların yaradıcı işində öz müsbət həllini tapır.
Şagird təsviri xarakterli mətnlərin, təsvir
vasitələrinin nə olduğunu dərslikdəki məlumat və
müəllimin düzgün istiqamətləndirməsi nəticəsində şüurlu
surətdə dərk edir, bədii nümunələr üzərində iş apararaq
öz fikirlərini müstəqil şərh edir. Bu da şagird nitqinin
zənginləşməsinə, nitqin düzgün formalaşmasına və
qurulmasına, fənn üzrə tələb olunan bacarıqların
formalaşmasına xidmət edir.
Ənənəvi dərsliklərdən fərqli olaraq yeni dərsliklərlə
təmasda olan şagirdlər onlara təkcə "öyrən, danış"
prinsipindən deyil, "münasibət bildir, müqayisə et,
nəticə çıxar" prizmasından yanaşırlar.
Ulu öndər Heydər Əliyev demişdir: "Təhsil millətin
gələcəyidir". Bu gün biz təhsil islahatına və onun
aparılmasına düzgün münasibət bəsləməklə gələcəyimizin
bünövrəsinin möhkəm olmasına xidmət etməliyik. Bu
istiqamətdə görülən işləri düzgün qiymətləndirmək üçün
qərəzli fikir və münasibətlərdən uzaq olmaq, xırda
nöqsanları məqsədyönlü şəkildə böyüdüb təbliğat
aparmaqla problemə çevirmək və onu cəmiyyətə təqdim
etmək təhsildəki inkişafımıza arxadan vurulan zərbədir.
Gəlin birləşək, əgər nöqsan varsa, araşdıraq, müzakirə
edək, aradan qaldıraq. İnkişafa doğru gedən yol bunu
tələb edir.
Yeganə HÜSEYNOVA,
əməkdar müəllim |