Ziyalı!
Qürurla səslənən bu məfhumun dərin hikməti var. Ziyalı
dedikdə, yüksək intellektə malik kamil insan obrazı
gözlərimiz önündə canlanır. Onun nail olduğu hər bir
uğur, qazandığı hər bir ad gərgin əməyinin bəhrəsidir.
Bu əməyin bəhrəsindən faydalananlar həmin ziyalıya dərin
hörmətlə yanaşır, onunla fəxr edirlər. Belə
ziyalılardan biri də Şamaxı rayonunda sayılıb-seçilən
pedaqoq, qabaqcıl təhsil işçisi, tədqiqatçı-filoloq,
Azərbaycan Universitetinin dissertantı, ali kateqoriyalı
müəllim Ədalət Ağagül oğlu Məmmədovdur.
Ədalət Məmmədov 1952-ci ildə Şamaxı rayonunun bərəkətli
Adnalı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır.
1969-cu ildə C.Cəbrayılbəyli adına şəhər 5 nömrəli tam
orta məktəbini bitirmişdir. Məktəb illərində bütün
fənlərə, xüsusilə dil-ədəbiyyat fənninə böyük maraq
göstərən Ədalət Məmmədov gələcək həyat yolunu ali məktəb
auditoriyasında davam etdirmək qərarına gəlir. Bu
məqsədlə o, qəbul imtahanlarını müvəffəqiyyətlə verib
Bakı Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olur və 1974-cü ildə oranı bitirərək işləmək üçün
öz doğma rayonuna təyinat alır. Qısa müddət ərzində
özünü yaradıcı gənc bir müəllim kimi göstərir, şagird
və valideynlərin hörmətini qazanır və bunun nəticəsində
12 il ərzində rayonun qabaqcıl təhsil müəssisəsi sayılan
Adnalı kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə
direktor müavini vəzifəsində çalışır. Bu vəzifədə o,
özünü mahir bir təşkilatçı kimi göstərir, pedaqoji
kollektivi şagirdlərə dərin və əsaslı bilik verməyə
səfərbər edir. Rayon təhsil şöbəsində onun qabaqcıl iş
təcrübəsi öyrənilərək digər məktəblərdə yayılması
tövsiyə olunur.
Bu keyfiyyətinə görə Ədalət müəllim irəli çəkilərək
1986-cı ildə rayon təhsil şöbəsinə inspektor (aparıcı
məsləhətçi) təyin olunur. Bu vəzifədə o, rayonun
ümumtəhsil məktəblərində təlim-tərbiyyənin
keyfiyyətinin yüksədilməsi, təhsil qanunvericiliyinin
həyata keçirilməsinə böyük səy göstərir.
Ədalət
Məmmədov 25 ildir ki, rayon Təhsil Şurasının fəal üzvü,
onun katibidir. O, Azərbaycan müəllimlərinin VII
qurultayının nümayəndəsi olmuşdur.
Təhsil işçiləri və pedaqoji ictimaiyyət Ədalət
Məmmədovu həm də yazıçı-publisist, yorulmaz tədqiqatçı
kimi tanıyırlar. O, 1979-cu ildən Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü kimi respublika
mətbuatında müntəzəm olaraq çıxış edir.
Ə.Məmmədovun 200-dən çox elmi-metodiki, pedaqoji,
ədəbi-bədii, tarixi araşdırmaları dövri mətbuatda
geniş işıqlandırılmış və o, bu səmərəli fəaliyyətinə
görə rayonda böyük nüfuz qazanmışdır.
Beş kitab müəllifi Ədalət Ağagüloğlunun dissertasiya
işi olan Azərbaycanın xalq şairi Qabilin
yaradıcılığına həsr olunmuş "Qabilin sənət dünyası"
(Bakı, "Şur" nəş. 2007, 176 səh.) və "Şamaxı-təhsil
tarixi" (Bakı, 2009. Zərdabi LTD MMC, 528 səh.) iri
həcmli monoqrafiyaları çox qiymətli tədqiqat işi
kimi yüksək qiymətləndirilmiş, geniş oxucu kütləsinin
rəğbətini qazanmışdır. Eyni zamanda həmin kitablara
20-dən çox qəzet və dərgilərdə müsbət rəy və
resenziyalar verilmişdir.
Bununla bərabər Azərbaycan Televiziyasında Ədalət
Məmmədovun elmi rəhbəri professor Əmirxan Xəlilovla
dissertasiyanın uğurlu nəticələri barədə birbaşa birgə
çıxışları da onun mənalı ziyalı ömrünün ən parlaq
səhifələrindən biri hesab oluna bilər.
Bu kitablar Azərbaycan ədəbiyyatı, təhsil tarixi ilə
maraqlananlara böyük töhfədir.
"Suliddin
Mirzəliyev-yeri görünən insan" (esse), "Qobusnamə-böyük
tərbiyə məktəbi", "Qabil: Ümid sənədir ancaq Azərbaycan
əsgəri"
kitabları da Ə.Məmmədovun gərgin yaradıcılığının
məhsuludur.
Ə.Məmmədov fəal bir ictimaiyyətçi kimi rayonun bütün
tədbirlərində yaxından iştirak edir, təşəbbüskarlığı,
təşkilatçılığı, əməli xeyirxah işləri ilə ictimai-siyasi
həyatda fəal vətəndaş mövqeyi tutmaqla rayonda böyük
nüfuza malikdir.
Elə bu kimi keyfiyyətlərinə görə Ədalət müəllim
Təhsil Nazirliyinin Fəxri fərmanına və digər mükafatlara
layiq görülmüşdür.
Ədalət Məmmədov həm də gözəl ailə başçısıdır. Layiqli,
tərbiyəli övladlar yetişdirib boya-başa çatdırmışdır.
Ədalət müəllimin elmi axtarışlarının, tədqiqatçılıq
işlərinin ən məhsuldar dövrüdür.
Mən bu gün kiçikhəcmli yazımda şəxsiyyətinə,
səmimiliyinə, insanlarla ünsiyyətinə yaxından bələd
olduğum gözəl bir ziyalı həmkarım barədə sevimli
oxucularımıza qısa bir məlumat verməyə çalışdım.
Sözsüz ki, bu gün hər kəs, xüsusən iş yoldaşları -
dostları Əmirpaşa Ələkbərov, Əhliman Qəhrəmanov,
Əliağa Abdullayev, Hidayət Mehrəliyev, Baba Nəsirov,
Eldar Məmmədov, Ağakərim Ömərov, Rumşah Göyçəyev və
neçə-neçə məktəb direktorları, həmkar müəllim yoldaşları
da yubilyara səmimi təbriklərini çatdıracaqdır.
Buna Ədalət müəllimin böyük haqqı vardır.
Şamaxı rayonun çoxsaylı təhsil işçiləri adından
Ədalət Məmmədovu 60 illik yubileyi münasibətilə səmimi
qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür,
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
İbad RƏHİMOV,
Şamaxı Rayon Təhsil Şöbəsi Metodmərkəzinin
direktoru |