NDU-da
dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin altıncı sessiyasının yekunları və Naxçıvan
Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr
olunmuş yığıncaq keçirildi. Yığıncaqda universitetin
rektoru, akademik İsa Həbibbəyli mövzu ilə bağlı ətraflı
məruzə edərək sessiyada müzakirə olunmuş məsələlər
barədə məlumat verdi. Qeyd olundu ki, sessiyada Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
məruzə edərək ötən il regionda digər sahələrlə yanaşı
elm və təhsilin inkişafından da bəhs etmiş, bu sahədəki
prioritet məsələlərə toxunmuşdur. 2012-ci ilin Naxçıvan
Dövlət Universiteti üçün də uğurlu olduğunu vurğulayan
rektor bildirdi ki, ardıcıl və hərtərəfli dövlət qayğısı
sayəsində təlim-tərbiyə və elmi tədqiqat işlərinin
səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki
bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən
qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata
keçirilib. Hesabat dövründə universitetdə quruculuq,
abadlıq, yaşıllaşdırma tədbirləri davam etdirilib.
Təbiətşünaslıq və kənd təsərrüfatı və pedaqoji
fakültələr üçün 5 mərtəbəli müasir tipli tədris korpusu
istifadəyə verilib. 2012-ci ildə həyata keçirilən
yeniləşmə tədbirlərinin mühüm bir istiqaməti
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
əhatə dairəsinin daha da genişləndirilməsi, elektron
universitet layihəsinin həyata keçirilməsi, elektron
test üsulu ilə imtahanların təşkili ilə bağlıdır.
Universitetin beynəlxalq əlaqələri də genişlənib, yeni
əməkdaşlıq müqavilələri imzalanıb, Cənubi Koreyanın
Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə "Naxçıvan Dövlət
Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia infrastrukturunun yaradılması" adlı layihənin
ilkin razılaşma protokolu imzalanıb, universitet Avropa
Birliyi ölkələrinin TEMPUS proqramının beş layihəsində
uğurla iştirak edib. Xarici ölkələrdə keçirilən elmi
tədbirlərdə universitet əməkdaşlarının fəal iştirakı da
diqqətəlayiqdir. Bir sıra xarici ölkələrin
Azərbaycandakı səfirlərinin universitetə gəlişi,
keçirilən görüşlər də beynəlxalq əməkdaşlığın mühüm
göstəriciləri sırasındadır. Həyata keçirilən tədbirlər,
görülən işlər elmin, təhsilin tərəqqisi, muxtar
respublikanın intellekt potensialının artırılması
istiqamətində öz bəhrələrini verməkdədir. Rektor,
akademik İsa Həbibbəyli universitetin beynəlxalq reytinq
cədvəllərində iştirakının təmin olunması, elektron
imtahanların əhatə dairəsinin genişləndirilməsi, distant
və online təhsilin həyata keçirilməsi, dəqiq elmlərin
inkişafı sahəsində qarşıda duran mühüm vəzifələrdən bəhs
etdi.
Tədris
işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru,
dosent Surə Seyid 2012-ci ildə universitetin tədris
sahəsində qazandığı uğurlarla bağlı məruzə etdi. Məlumat
verildi ki, Naxçıvan Dövlət Universitetində bakalavr,
magistratura, rezidentura və doktorantura səviyyələri
üzrə kadr hazırlığı həyata keçirilir, bakalavr
səviyyəsində 56, magistratura səviyyəsində isə 41
ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır.
Türkiyə, İran, Rusiya, Qazaxıstan, Banqladeş, Nigeriya,
Cənubi Koreya, Türkmənistan respublikalarından 300-dən
artıq xarici vətəndaş da daxil olmaqla universitetdə
4851 nəfər təhsil alır. 2012-ci ildə universiteti 951
nəfər məzun bitirmiş, 1104 nəfər bu ali məktəbə qəbul
olunmuşdur. Ötən il universitetdə bir sıra yeni
ixtisaslar açılmış, müasir texnologiyalarla təchiz
olunmuş yeni laboratoriyalar və fənn kabinetləri
yaradılmışdır. Universitetdə bakalavr səviyyəsində
tədrisin kredit sistemi ilə təşkili məqsədilə islahatlar
aparılmış, tədrisin dünya standartları səviyyəsində
inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüş,
tədrisdə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin
artırılmasına nail olunmuşdur. Tədris işləri üzrə
prorekror universitetdə tədrisdə
informasiya-kommunikasiya vasitələrinin daha geniş
tətbiqi, elektron idarəetmənin yaradılması, tələbə və
müəllimlərin mobilliyinin təmin olunması məqsədilə
həyata keçiriləcək perspektiv planlardan da danışdı.
Yığıncaqda kimya kafedrasının müdiri, kimya elmləri
doktoru Tofiq Əliyev, fizika-riyaziyyat fakültəsinin
dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Tofiq Nəcəfov, iqtisadiyyat kafedrasının dosenti, kənd
təsərrüfatı üzrə fəlsəfə doktoru Dilsuz Qasımov,
universitet YAP gənclər təşkilatının sədri, fransız dili
ixtisası üzrə II kurs tələbəsi Aytən İsmayılova çıxış
edərək sessiyanın qarşıya qoyduğu vəzifələrdən
danışdılar.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |