Müsahibim İctimai televiziyada "Carçı" film
Yaradıcılıq Birliyinin baş direktoru, yazıçı, publisist
Rafiq Səməndərdir
- Rafiq müəllim, 1990-cı ilin 20 Yanvar gününü necə
xatırlayırsınız?
- Yanvarın əvvəlindən başlayaraq respublikada
vəziyyət artıq nəzarətdən çıxmışdı. Bakı bir xaos
içində idi. Ayın 19-da axşam saat 6-da işdən çıxdım.
Marşrut gözləməyə, taksi axtarmağa dəyməzdi. Piyada,
yavaş-yavaş "Gənclik"dəki evimizə sarı gəlməyə
başladım. Havadan elə bil qəribə bir vahimə, qan
qoxusu, ölüm qoxusu yağırdı. Evə çatana qədər bir
neçə dəfə ara-sıra silah səsləri də eşitdim. Ən çox
atışma səsi Salyan kazarması tərəfdən gəlirdi.
Gəlib evə çatdım. Televizor işləmirdi. Bir-iki tanışa
zəng vurdum. Öyrəndim ki, mən yolda olanda çalışdığım
Dövlət Televiziyasının enerji bloku partladılıb.
- 1990-cı ilin 20 Yanvar gününün rəngi gözlərimizin
önündən, vahimə saçan səsi- sədası qulaqlarımızdan
getməmiş "Şəhidlər" kitabını əlimizdə gördük. 20 Yanvar
yaralarının ağrıları səngiməmişdi hələ onda...İndi
aradan 23 il ötsə də, o acılı günlər hələ də
yaddaşlarda təzədir. İlk şəhid qapısını necə döydünüz?
- Mən o vaxt Az.TV-də Ədəbi Dram Baş
redaksiyasının baş redaktoru işləyirdim. Az.TV
Şəhidlər xiyabanına bitişikdi. Evimiz də, "Gənclik"
tərəfdə, İnqilab küçəsində yerləşirdi. O yanvar
günlərində evdən işə, işdən də evə çox vaxt piyada gedib
gəlirdim. Yol boyu İnqilab küçəsi başdan-başa böyük bir
yas mağarını xatırladırdı. İnqilab küçəsinin "Gənclik"
metrosu tərəfdəki başından bu biri başına- taksimotor
parkına qədər piyada gələndə, bəlkə bir qırx yerdə
mağar sayırdım, yanvarın 20-sindən sonrakı
günlərində...hər mağara girib başsağlığı verib çıxmaq
azı 20 dəqiqə çəkirdi. O mağarlarda oturanların hamısı
dərd içində idi, hərə öz dərdini, öz faciəsini
danışırdı. Orada şahidlərin öz dilindən elə hadisələr,
elə epizodlar eşidirdim ki, nəinki mən, hətta yazı
yazmağı bacarmayan adam da əlinə qələm götürmək
istəyirdi. O günlərdə sanki həyat dayanmışdı. Hamı
çaşqınlıq içindəydi. Küçələr tanklarla dolu, güllə
səslərindən qulaq tutulur, yer-yurd, məzarlar al-
qırmızı qərənfillərə bələnib... dövlət yox, hökumət
yox... Yadımdadır, qırğının ilk üç-dörd günü kim başını
evdən bayıra çıxarırdısa, əcəl onu yaxalayırdı.
Təsəvvür edin, o boyda yolu, o boyda mağarları... və
Şəhidlər xiyabanını keçib çatırdım iş yerimə. Şəhidlər
xiyabanının yanından keçməyin özü elə o ağrının, acının,
o fəryadların, ah-nalələrin içindən keçmək demək idi...
Keçirdim ağlaşmanın içindən, gəlirdim iş otağıma...
Əlimə qələm götürüb başqa nə yaza bilərdim mən o halda?
Təbii ki, ilk növbədə yol boyu gələ-gələ gördüklərimi,
eşitdiklərimi yazırdım və yazdıqca bir növ ürəyim
boşalırdı. Ancaq bundan sonra televiziya üçün yazmalı
olduğum materialları hazırlaya bilirdim. Belə-belə, bir
də gördüm ki, bir xeyli faktlar yazıb toplamışam.Təbii
ki, o vəziyyətdə kitab yazmaq, kitab çap etdirmək barədə
düşünmürdüm.
Dövlət televiziyasında Ovçinnikov oturmuşdu, eşitmiş
olardınız, efirə gedən hər bir cümləmizi tərcümə eləyib
verməliydik ona, o da baxıb icazə verəndən sonra
materialımız efirə gedə bilərdi.
Şəhidlər xiyabanından ucalan ah-nalələr, vay səsləri
televiziyanın bütün otaqlarında açıq-aydın eşidilirdi.
Bir yanda o səslər, bir yandan Ovçinnikovun "senzura"sı.
Adam qalırdı çarəsiz, bilmirdi ki, neynəsin?! Bu tində
rus əsgəri, o tində rus əsgəri, orda güllə səsi, burda
güllə səsi... Nəsə etmək istəyirdik, amma nə edə
bilərdik ki... bax mənim gücüm o günlərdə qələmə çatdı.
Gördüklərimi, eşitdiklərimi əvvəlcə özüm üçün yazdım.
Amma bir müddət keçdi, az da olsa ara səngidi, havadan
barıt qoxusu bir balaca çəkildi... Mən "Gənclik"
nəşriyyatına əlimdə olan materiallarla bağlı müraciət
etdim. Dedilər, yazdıqlarını gətir, çap edək.
Həmin dövrdə Azərbaycan televiziyasında yayımlanan
"Dalğa" verilişi vasitəsi ilə Azərbaycan xalqına
müraciət etdim ki, kimin əlində nə fakt var, kim hansı
epizodu bilir... mənə çatdırsın. Ertəsi gündən
başlayaraq, camaatın axını başladı Az.TV-yə. Bəzən elə
olurdu ki, bir adam haqqında 10-15 fakt gətirirdilər.
Şəhid olanların bacı- qardaşı da gəlirdi, valideyni,
nişanlısı da... amma ən çox gələnlər şahidlərdi, yəni,
öldürülənlərin faciəsini son anda öz gözləri ilə
görənlər...
O günlərdə 20 Yanvar hadisələrini araşdırmaq üçün
xüsusi Dövlət komissiyası da yaradılmışdı, o
komissiyanın üzvləri adətən, qurşaqdan aşağı vurulan
güllələri sayırdılar, qurşaqdan yuxarı vurulan gullələr
barədə danışmırdılar.
- Səbəb?
- Çünki, aşağı ətrafa vurulan güllələr o demək idi ki,
guya üsyançılar hərbiçilərə tabe olmadıqlarına görə
onları güllələyiblər. Təbii ki, aşağı ətrafa atılan
güllələr xəbərdarlıq və ya qorxutmaq, "Dayan!", "Dur!"
əmrinə tabe etdirmək məqsədi ilə atılır. Amma əslində
faktlar ayrı şeyləri sübut edirdi. Qətlə yetirilən dinc
əhalinin əksəriyyəti 5, 6, bəzən də daha çox güllə ilə
başından, sinəsindən vurulanlardı. Bu güllələr məhz
öldürmək məqsədi ilə atılmış güllələr idi. Bir adama
güllənin 5-i qurşaqdan yuxarı, 2-si qurşaqdan aşağı
dəymişdisə, komissiya sənədləşmədə aşağıdan dəyən iki
gülləni göstərirdi. Amma şahidlər hadisələri necə
görmüşdülərsə, mənə necə danışmışdılarsa, mən də olduğu
kimi, təhrif etmədən yazırdım. Mənə fakt lazım idi.
Məsələn, bir şəhidin ailə üzvü deyirdi ki, həyat
yoldaşım gəldi evə, dedi bir çay dəmlə, içim. Çayı
dəmlədim. O çöldən gələn hay-küyü eşidib qapıya çıxdı
və güllə öz mənzilimizin astanasındaca ərimi yaxaladı.
- Fəridə adlı bir qadını evinin balkonunda yaş
paltarları asarkən güllələmişdilər. Sizin kitabınızda o
qadın haqqında da yazı var.
- Mənim yazılarımdakı faktlar sübut etdi ki, şəhid
olanlar heç də o vaxt Qorbaçovun dediyi kimi, "bir qrup
ekstremist" yox, dinc sakinlər - körpələr, qocalar,
qadınlar, məktəblilər, tələbələrdi... O gün evindən
bayıra çıxan hər bir kəs çöldə günahsız yerə güllələrə
tuş gəlib...
O günlərdən nəinki 23 il, yüz illər ötsə belə bu
faktları heç kim, heç vaxt təkzib edə bilməz. Gecə
növbəsindən çıxan vətəndaşı işdən evinə qayıdanda yolda
vurublar. Otaqda siqaret çəkmək istəməyən adam
eyvana çıxıb ki, siqaretini çəksin - başını nişan
alıblar. Dörd nəfər alimimiz səhər işə gedəndə tankı
sürüblər onların maşınının üstünə...
Bax, bunları yazmaq vacib idi. Öldürülənlərin heç biri
əlinə silah alıb tankların üstünə yeriməmişdi. Ölümündən
qorxmayıb tankın qabağından qaçmayanlar da əliyalın,
mülki şəxslər idi. Sadə vətəndaşları, dinc əhalini
qırmaq, qanını axıtmaq vəhşilikdi... Bunun ayrı adı
yoxdu.
- 1990-cı ildə biz hələ xalqımızı qanına qəltan edən
dövlətin tərkibində idik. "Şəhidlər" kitabı həmişə
yalandan "sülh, sülh" deyən ikiüzlü imperiyanın iç
üzünü göstərir. Bu kitab həm də müəllifin ürəyindən
qələminə süzülən vətəndaş harayı idi.
- Onda yazdığım bədii nekroloqlar ürəyimi kinlə,
nifrətlə doldurmuşdu. Mən özüm gənclik illərimdə rus
ordusunda xidmət eləmişəm. Hərbi hissəmiz meşənin içində
idi. Əsgərliyin çətinliklərini də görmüşəm, bütün
dava-dalaşlardan da keçmişəm. Evdə o guşəni ki, mən
işləmək üçün düzəltmişdim, uşaqlar qorxusundan ora girə
bilmirdilər. Şəhidlərin qanlı şəkillərinə baxmağa
ürəkləri dözmürdü. Mənsə elə bil bir növ daşa dönmüş,
sərtləşmişdim.
Televiziyadakı çıxışımdan sonra rəhmətlik Bəxtiyar
Vahabzadə mənə zəng vurdu,(tanıyırdı məni) dedi ki,
kitabın əlyazması hazır olan kimi gətirərsən mənə, ön
sözü özüm yazacam. Bəxtiyar müəllim o çətin günlərdə
bizim ən öndə gedən, ən fəal ziyalılarımızdandı...
Dövlət Televiziyasının həyətində bir dəfə Ovçinnikovun
üzünə tüpürmüşdü... O hadisədən sonra hətta Bəxtiyar
müəllimi az qala güllələmək istəyirdilər.
Yanvar ayının soyuğu adamı kəsirdi... şəhid evlərinə
getdikcə az qala əlimdəki kağız-qələm də donurdu. Hər
dəfə Bəxtiyar müəllimlə görüşüb, materialları ona
verəndə Bəxtiyar müəllim kövrəlir, bəzən də
ağlayırdı. Gətirdiyim şəkillərə isə ümumiyyətlə, baxa
bilmirdi. Şəhidlərin başdaşılarının üstündəki şəkilləri
mən toplamışam.
Arada bir dəfə məni Azərbaycanın komendantı Dubinyakın
yanına da apardılar. Orada təklif etdilər ki, 20 Yanvar
hadisələrində ölən rus hərbiçiləri haqqında da bir
şey yazım. Qəbul etmədim. Bəhanə gətirdim ki, rus
dilini bilmirəm. Məndən soruşdu ki, bəs bu yazdıqların
nədi? Cavab verdim ki, dünyasını dəyişmiş adama sizdə
nekroloqlar, elegiyalar yazılmır? Bu da bizim
nekroloqumuzdu... Sadəcə, bunlar janrca bədii
nekroloqlardı...
Orada komendanta dedim ki, mənim xalqıma əl qaldıran
bir ordunun həlak olmuş zabiti və ya əsgəri barədə heç
nə yazmaram.
- 20 Yanvar faciəsini əks etdirən materiallara
dərsliklərdə təsadüf etmisiniz?
- Bəli. Məktəbli İlqarın hekayəsi ibtidai sinifdə tədris
edilən dərsliyə daxil olunub. Gənc nəsil dünənki
tariximizi bilməlidir.
- 20 Yanvarla bağlı yazıları bitirdikdən sonra o
auradan necə çıxa bildiniz?
- Adam hirslənəndə hirsini necə soyuda bilər? Mən o
kitabdakı yazıları yazdıqca elə bil hirsimi, qəhərimi
içimdən atırdım. O kitabı yazıb son nöqtəsini qoyanda
özümdə bir təsəlli də tapdım ki, bu qədər ailələr
şəhid verib, sarsıntı keçirib, heç olmasa mən bu
kitabımla zərrə qədər də olsun onların yarasına məlhəm
ola bilərəm.
Hazırladı: Ellada UMUDLU |