Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Üçqat Azərbaycan çempionu

 

Oxucularımıza haqqında söhbət açmaq istədiyimiz Elmar Bədəlli 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Moskvadakı 1100 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub. Beş il burada oxuduqdan sonra 2007-ci ildə Bakıdakı 141 nömrəli tam orta məktəbdə təhsilini davam etdirməyə başlayıb. Hazırda həmin məktəbin XI sinfində oxuyur. İdmanla da Moskva şəhərində 1-ci sinifdə oxuduğu zamandan məşğul olur. Elmar 2007-ci ildən isə Bakıdakı "Qafqaz" İdman Klubuna taekvando idman növündə məşğul olmaq üçün üzv yazılıb.  

Burada onun məşqçi-müəllimi 3-cü dan qara kəmər ustası Sənan Həşimovdur.

E.Bədəllinin özündən böyük bacısı Nənəxanım da idmanın taekvando növü ilə 8 il məşğul olub. O, ikiqat Moskva və  Azərbaycan çempionu olub. Hazırda Xəzər Universitetinin I kursunda oxuyur.

Elmar 2007-ci ildə yeniyetmələr arasında keçirilən respublika çempionatında ilk dəfə Azərbaycan çempionu olub. 2010-cu ildə Qubada məktəblilər, Gürcüstanın Tbilisi şəhərində gənclər arasında keçirilən "Open-Tbilisi" yarışlarında I yeri tutub. Elə həmin il Dağıstan və Azərbaycan gəncləri arasında keçirilən komanda yarışında da I yerin qalibi və qızıl medalların sahibi olub.

Bundan başqa o, 2011-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş taekvando üzrə yeniyetmə və gənclər arasında ümumrespublika turnirində 45 kiloqram çəki dərəcəsində I yerə layiq görülüb. Həmin il Hollandiyada keçirilən "Douçn-Open" beynəlxalq yarışında isə III yeri tutub.

E.Bədəlli 2012-ci ildə taekvando üzrə XXII respublika birinciliyində 52 kiloqram çəki dərəcəsində I yerə layiq görülərək qızıl medalın sahibi olub.

O, taekvando idman növü üzrə gənclərin yığma komandasının üzvüdür.

Elmarın əsas arzusu isə dünya, Avropa, olimpiya çempionu olmaqdır.

Onun məşqçi-müəllimi Sənan Həşimov deyir ki, Elmar Bədəlli bizim cəmiyyətin taekvando üzrə ən perspektivli və istedadlı idmançılarından biridir. O, beynəlxalq turnirlər qalibi, üçqat Azərbaycan çempionu, dünya və Avropa çempionatlarının iştirakçısıdır. Qara kəmər sahibidir. Elmarın cəmi 17 yaşı var. Amma gənc olmasına baxmayaraq, çox istedadlı taekvandoçudur. Onu digər həmyaşıdlarından fərqləndirən əsas cəhətlərdən biri Elmarın əsl döyüşçü ruhuna malik olmasıdır. Elmarı həmişə digər idmançılara nümunə gətirmişəm. O, uzun illərdir ki, mənim yanımda məşq edir, amma hələ bu günə kimi bir dəfə də olsun məşqlərdən qalmayıb, hər hansı bir çətinlikdən gileylənməyib. Bizim məşqlərimiz çox çətindir. Elə gün olur ki, 3 dəfə, hətta bəzən 4 dəfə məşq etməli oluruq. Hətta bir dəfə o, ağır zədəli olub, amma mənə heç nə demədən məşqlərini davam etdirib. Mən bundan sonralar xəbər tutdum. Bəli, Elmar əsl döyüşçüdür. Mən inanıram ki, Elmara xas olan bu keyfiyyətlər ona gələcəkdə böyük uğurlar gətirəcək. Mən qəti şəkildə əminəm ki, Elmar bizim gələcək Olimpiya çempionumuz olacaq. Azərbaycanımızın bayrağını ən yüksək zirvələrə qaldıracaq, hamımızı sevindirəcək. Bu gün o, bizim cəmiyyətimizin fəxridir, tez bir zamanda isə xalqımızın fəxr edəcəyi bir idmançıya çevriləcəkdir.

Bəli, biz də Elmarın məşqçisinin söylədikləri arzuların həqiqətə çevriləcəyinə inanır, ona yeni-yeni qələbələr arzulayırıq. 

Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov