2013-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi,
tibb elmləri doktoru, professor, əməkdar elm xadimi,
Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi
üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illiyi tamam olur.
Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb
elminin inkişafına mühüm töhfələr verərək
oftalmologiyanın aktual problemlərinə dair sanballı
tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun
elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni
nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya
elminin inkişafına güclü təsir göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə tibb
elminin inkişafında əvəzsiz xidmətləri olan akademik
Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsini
təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik
Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2013-cü il |