Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsilin ölkəmizdə gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

 

Fevralın 21-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerney ilə görüşüb.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının 1968-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradıldığını bildirib. Nazir hazırda dünyanın 144 ölkəsinin 3529 ümumi təhsil müəssisəsində Beynəlxalq Bakalavriat Proqramı üzrə iş aparıldığını qeyd edərək bu proqramın əsas məqsədinin şagirdlərin intellektual, sosial, emosional, tədqiqat, müstəqil öyrənmə və mədəniyyətlərarası anlaşma bacarıqlarının inkişaf etdirilməsi olduğunu nəzərə çatdırıb.

Beynəlxalq Bakalavriat Proqramının ölkəmizdə 15 ildir tətbiq olunduğu haqqında məlumat verən Misir Mərdanov 2010-cu ildən Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseydə də bu proqramın tətbiqi istiqamətində iş getdiyini, hazırda müvafiq proqram üzrə I, X və XI siniflərdə tədris aparıldığını söyləyib. Nazir Beynəlxalq Bakalavriat Proqramı üzrə orta təhsilini başa vuran məzunların müvafiq təhsil sənədlərinin Azərbaycanda tanınacağını bildirərək bu proqramın tətbiq edildiyi məktəblərin həm maddi-texniki, həm də pedaqoji heyətin hazırlığı baxımından yüksək tələblərə cavab verməli olduğunu vurğulayıb.

Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerney səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Qonaq Beynəlxalq Bakalavriat Proqramı haqqında ətraflı məlumat verib və bu proqram üzrə orta təhsilini başa vuran məzunların dünyanın nüfuzlu universitetlərinə imtahansız qəbul olunmaq imkanı qazandıqlarını bildirib.

Beynəlxalq Bakalavriat Proqramının peşə təhsili və müəllim hazırlığı sahələrində də tətbiqinin mümkünlüyünə diqqət çəkən A.Kerney bu proqramın üstün cəhətlərini sadalayıb. Regional direktor Beynəlxalq Bakalavriat Proqramının dünya üzrə 1 milyondan artıq təhsil alanı əhatə etdiyini nəzərə çatdırıb və müvafiq proqramın ilk növbədə tədrisin keyfiyyətli təşkilinə zəmin yaratdığını vurğulayıb.

Daha sonra görüşdə Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsilin Azərbaycanda gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov