"Beynəlxalq Elm və Mühəndislik Sərgisində qalib gəlmək
üçün əlimizdən gələni edəcəyik"
Suad
Baxşıyev 1996-cı ildə Bakı şəhərində anadan olub. I
sinfə Bakıdakı 20 nömrəli məktəbdə qədəm qoyub. IV
sinifdən isə Qərb Universiteti nəzdində məktəbdə
təhsilini davam etdirib. IX sinifdən akademik Zərifə
Əliyeva adına liseydə oxuyur və hazırda bu liseyin XI
sinif şagirdidir. Texniki təmayül üzrə təhsil alır.
Gələcəkdə inşaatçı-mühəndis olmaq arzusundadır və
maşınqayırma ixtisası üzrə ikinci ali təhsil almağı da
qarşısına məqsəd qoyub. Onda bu arzu, istək uşaqlıqdan
yaranıb. Belə ki, atasının bu sahədə çalışması ona əlavə
stimul verib. Rəsm, çertyoj çəkməyi, üçölçülü qrafik
proqramlarda işləməyi yaxşı bacarır. Asudə vaxtlarında
atasına layihələri işləməkdə kömək edir, fikirlərində
olan layihələrin eskizlərini çəkir. Daim axtarışda olan
Suad digər istedadlı şagirdlər kimi olimpiada və
müsabiqələrdə iştirak edib. "Sabahın alimləri"
müsabiqəsinə qatılan Suad həmin müsabiqənin qalibi olub.
Suad Baxşıyevin dediklərindən: Bu müsabiqəyə mən
liseyimizin X sinif şagirdi Elnur Əliyev ilə
hazırlaşırdım. Biz mövcud layihələri nəzərdən
keçirərkən gördük ki, yaxşı layihələr olsa da, onların
praktik tətbiqi yoxdur və ya bu layihələr bu gün üçün
real deyil. Bu layihələrin həyata keçirilməsi üçün
vacib olan vəsaitlər kifayət qədər deyildi. Elnurla
birgə bu aktual problemi seçərək, onun sadə, aydın və
sərfəli həllini tapmağı qərara aldıq. Bu gün ciddi
sayılan problemlərdən biri korroziya problemidir. Biz
ayrı-ayrı avadanlıqları optimallaşdıraraq istehsalat
xəttinə yeniliklər əlavə etdik və məsələnin həllini
tapdıq. Bununla da biz korroziyaya qarşı daha davamlı
və iqtisadi cəhətdən sərfəli yeni material əldə etdik.
Yəqin ki, münsiflər heyətinin diqqətini də cəlb edən
məhz bu oldu. Müsabiqədəki çıxışımıza hazırlıq mərhələsi
olan son iki-üç həftə çox gərgin keçdi. Mən və Elnur,
elmi rəhbərimiz Aygün Əzizova layihə ilə bağlı
araşdırmalarımızı aparmaq üçün demək olar ki, bütün
günümüzü liseydə və Qafqaz Universitetində keçirirdik.
Müsabiqədəki çıxışımızdan sonra qəribə bir hal keçirdim.
Mənə elə gəldi ki, istədiyimizi münsiflər heyətinə
lazımi səviyyədə çatdıra bilmədik. Lakin təhsil naziri
Misir Mərdanov qaliblərin adını açıqlayanda məlum oldu
ki, bizim işimiz birinci yerə layiq görülüb. Daha
sonra adımızı ABŞ-a gedəcək komandaların sırasında
görəndə isə sevincimizin hədd-hüdudu yox idi. Müsabiqədə
qalib olmağımız məndə beynəlxalq miqyaslı
müsabiqələrdə təkcə iştirak etmək deyil, həmçinin
qələbə qazanmaq həvəsi oyatdı. Söz veririk ki, bu
müsabiqədə də qalib gəlməyimiz üçün əlimizdən gələni
edəcəyik. Qalib gələrək doğma vətənimiz Azərbaycana
medal gətirəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə
təşəkkürümü bildirirəm.
Onu da qeyd edim ki, təhsilimi ABŞ-da davam etdirmək
arzusundayam. Artıq sənədlərimi bir sıra universitetlərə
göndərmişəm və Kolorado Universiteti artıq mənim
məktubuma müsbət cavab göndərib.
"Arzum ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna daxil
olmaqdır"
Elnur
Əliyev 1997-ci ildə Bakıda anadan olub. Bakıdakı Tahir
Həsənov adına 23 nömrəli məktəbdə I sinfə daxil olan
Elnur IX sinifdən akademik Zərifə Əliyeva adına liseydə
təhsilini davam etdirir. Hazırda liseyin texniki
təmayül üzrə X sinif şagirdidir. Riyaziyyat və fizika
fənninə xüsusi maraq göstərir. O, riyaziyyatı yorulmadan
oynaya biləcəyi bir oyuna bənzədir. Siyasət və
iqtisadiyyat ilə yaxından maraqlanır. Bundan başqa,
idmanın müxtəlif növlərinə-xokkey, futbol, reqbiyə
rəğbəti böyükdür. Mütaliəni çox sevir və boş vaxtlarında
dünya ədəbiyyatından kitablar oxuyur. Liseyin ictimai
həyatında fəal iştirak edən Elnur bu təhsil ocağında
fəaliyyət göstərən Şagird Parlamentinin
vitse-spikeridir. Bundan başqa, ictimai fəallığı ilə
seçilən Elnur 2010-cu ildə Rusiya Federasiyasında
"Orlyonok" düşərgəsinə göndərilmişdir. Orada təşkil
olunan astronomiya olimpiadasına qatılaraq həmin
olimpiadanın qalibi olmuşdur. Onun qazandığı ən böyük
uğur isə "Sabahın alimləri" II Respublika müsabiqəsinin
qalibi olmasıdır.
Elnur Əliyev müsabiqə və layihə haqqında fikirlərini
belə izah etdi: Mən və komanda yoldaşım Suad Baxşıyev
korroziya proseslərinə qarşı daha davamlı Super Qalvanik
materialların istehsalı üçün hazırlanmış yeni istehsal
xəttini müəssisə mühəndisləri ilə birlikdə təhlil edərək
yeni əlavələr təklifi verdik. İş prosesi zamanı ABŞ-ın
"Galfan Technology Centre" və Qafqaz Universiteti ilə
əməkdaşlıq edirdik.
Bilirik ki, polad bir çox yerdə -avtomobillərdə,
gəmilərdə, neft, boru kəmərlərində istifadə olunur.
Lakin polad korroziyaya uğraya bilər. Korroziyaya qarşı
bir çox üsullar mövcuddur. Ancaq bu üsullar həm
iqtisadi, həm də ekoloji cəhətdən kifayət qədər effektiv
deyildir. Biz həm mövcud sistemləri optimallaşdırmaqla,
həm də öz yeniliklərimizi əlavə etməklə qalvanizasiya
üsulunu mükəmməlləşdirdik. Nəticədə biz
qalvanizasiyanın klassik üsuluna nisbətən hər tonda 360
manat qənaət edirik. Nəzərə alsaq ki, bizim xətt ildə 60
min ton istehsal etmək gücünə malikdir, onda ildə 20
milyon manata qənaət edə bilərik. Tədqiqatlarımız tam
başa çatmayıb, ümid edirik ki, işlərimizi ABŞ-da
tamamlayacağıq. ABŞ-dan medalla dönmək ümidindəyəm.
İstəyirəm ki, ölkəyə bu müsabiqədən birinci medalı biz
gətirək. Müsabiqəni uğurla başa vurduqdan sonra ABŞ-ın
Massaçusets Texnologiya İnstitutunun tətbiqi riyaziyyat
fakültəsinə daxil olmaqdır. Qazandığım bu uğurlara görə
Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət
Vəliyevaya, həmçinin liseyin kollektivinə, komanda
yoldaşım Suad Baxşıyevə, elmi rəhbərimiz Aygün Əzizovaya
və mütəxəssis Yusif Abdullayevə təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, onların dəstəyi və köməyi ilə biz daha
bir qələbəyə nail olacağıq.
Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, Elnur və
Suadın elmi rəhbəri Aygün Əzizovanın dediklərindən:
Artıq neçə ildir ki, şagird potensialının üzə çıxması
üçün dövlətimiz tərəfindən müxtəlif müsabiqələr
keçirilir. Biz müəllimlərin də üzərinə belə
müsabiqələrdə iştirak edəcək şagirdləri yetişdirmək
məsuliyyəti düşür. Elə buna görə də qurduğumuz dərs
prosesində şagirdlərimizi tədqiqata yönəldirik ki, bu da
onlarda yaradıcı təfəkkürün formalaşmasına səbəb olur.
Şagirdlərdə elmə olan maraq artır və onlar dərk edirlər
ki, bu gün öyrəndiklərini sabah həyatda necə tətbiq
edəcəklər. Hər iki şagird maraqla və həvəslə layihə
üzərində artıq bir ildir ki, çalışır və həmin layihə
münsiflər heyəti tərəfindən birinci yerə layiq görüldü.
Onu da qeyd edim ki, layihənin ideyası da Elnur və Suad
tərəfindən hazırlandı. Onların fikirlərinin maraqlı və
ümidverici olduğu üçün mən də bu layihəyə ürəklə
qoşuldum. Onlara bu işin təşkili üçün lazımi məsləhətlər
verdim və daima işlərini nəzarətdə saxladım.
Layihələrinə çox məsuliyyətlə yanaşan şagirdlər digər
alim və mütəxəssislərlə də əməkdaşlıq edərək maraqlı
nəticələr əldə etdilər. Bir il ərzində üzərində
işlədiyimiz bu layihə həm aktuallıq, həm də elmi
baxımdan uğur qazandı. İndi biz respublikamızı təmsil
etmək üçün ABŞ-ın Arizona ştatının Feniks şəhərində
keçiriləcək final turuna hazırlaşırıq. Qalib olmaq üçün
əlimizdən gələni edəcəyik. Layihəmizi təqdim etmək üçün
onun elmi nəticələrini ingilis dilində mükəmməl və aydın
şəkildə Amerikanın münsiflər heyətinə çatdıracağıq. Hər
ikisinə uğur arzulayıram. Düşünürəm Amerikada onlar
özlərini itirmədən, liseyin hər bir müəlliminin onlara
verdiyi biliyi doğruldacaqlar.
"ABŞ-da vətənimizi təmsil edəcəyimiz üçün çox böyük
fərəh hissi keçirirəm"
Mustafa
Hacıyev 1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü
ildə Bakıdakı M.İbrahimov adına 153 nömrəli tam orta
məktəbin birinci sinfinə gedib. 2008-ci ildə BDU
nəzdindəki "Gənc istedadlar" liseyinin VI sinfinə qəbul
imtahanları vasitəsilə daxil olub. Təhsil aldığı müddət
ərzində daha çox texniki fənlərə meyl göstərən Mustafa
riyaziyyat, fizika və kimya fənləri ilə də yaxından
maraqlanır. Hazırda "Gənc istedadlar" liseyinin X sinif
şagirdidir. Liseydə yaradılan nizam-intizam, keyfiyyətli
dərs prosesləri, lisey rəhbərliyinin ciddi nəzarəti
sayəsində öz biliklərini artırmaq və uğurlar əldə etməyi
qarşısına məqsəd qoyan Mustafa bir çox olimpiada və
bilik yarışmalarında iştirak edərək uğurlar qazanıb.
Ötən ildən respublikamızda keçirilən "Sabahın alimləri"
müsabiqəsində "Gənc istedadlar" liseyinin şagirdlərinin
qalib olması və ABŞ-da keçirilən "İntel İSEF" -
Beynəlxalq Elm və Mühəndislik Sərgisinə vəsiqə qazanaraq
respublikamızı təmsil etmələri liseyin digər
şagirdlərində də böyük maraq oyatmış, bu il Mustafanın
həmin yarışmaya həvəslə qatılmasına zəmin yaratmışdır.
Mustafa müsabiqə haqqında təəssüratlarını bizimlə
bölüşdü: - Bu yarışmada şagirdlər öz elmi kəşflərini,
özlərinə məxsus texniki yenilikləri təqdim edirlər.
Yarışmanın ilk ilində üç qalib yerdən ikisi bizim
liseyimizə nəsib oldu. Bu il də biz "Sabahın alimləri"
bilik yarışmasına qatıldıq və liseyimizin liderliyini
əldən vermədik. "Sabahın alimləri" bilik müsabiqəsində
layihəmiz bəyənildi və biz I yerə sahib olduq. İndi biz
bu layihə ilə may ayında ABŞ-ın Arizona ştatının Finiks
şəhərində çıxış edəcəyik. Mən və yoldaşım Nuru Nurdil
əvvəl araşdırmamızı azot molekulunun ətrafında apardıq.
Layihənin elmi rəhbərləri BDU-nun əməkdaşları
Məhəmmədəli Ramazanov və İsmət Əhmədovdur. Apardığımız
araşdırmalar nəticəsində nanohissəciklərin köməyi ilə ən
az enerji və təzyiq sərf edərək ammonyak alırıq. Dünya
təcrübəsində ammonyakın alınması üçün enerji, təzyiq
sərfiyyatı, eyni zamanda katalizatorlardan istifadə çox
olur. Məlumdur ki, ammonyak həyatın müxtəlif
sahələrində, sənayedə, tibdə geniş istifadə olunur.
Bunun əhəmiyyətini nəzərə alaraq bu işə daha
məsuliyyətlə yanaşdıq.
Mən arzu edirəm ki, orada da layihəmiz bəyənilsin və
uğur qazanaq. Qazandığım bu uğur mənə ikiqat sevinc bəxş
etdi. Belə ki, bir şagird, bir fərd olaraq ABŞ-da
vətənimizi təmsil edəcəyimiz üçün çox böyük fərəh hissi
keçirirəm. Fikirləşəndə ki, dünyanın çox ölkələri
arasında vətənimin də adı çəkiləcək, bayrağı görünəcək,
onda ürəkdən sevinirəm.
Sonda bu işdə bizə şərait yaradan və köməklik edən
BDU-nun rəhbərliyinə, elmi rəhbərimiz M.Ramazanov və
İ.Əhmədova, liseyimizin direktoru, professor Qasım
Hüseynova, müəllimlərimə öz dərin minnətdarlığımı
bildirirəm.
Biz də Mustafanın arzularına qoşularaq ona uğurlar
arzulayırıq.
"Sabahın
ailmləri" Respublika
müsahibəsinin birincisi
Vəfa
Tağıyeva 1997-ci ildə Bakı şəhərində ziyalı ailəsində
anadan olub. 2003-cü ildə Bakı şəhəri 82 nömrəli orta
məktəbin I sinfinə qəbul olan Vəfa 2007-2008-ci tədris
ilində təhsilini 147 nömrəli texniki-humanitar liseydə
davam etdirib. 2008-ci ildə Bakı Dövlət Universitetinin
nəzdindəki "Gənc istedadlar" liseyinin VI sinfinə qəbul
olub və hazırda həmin liseyin 10-cu sinfində təhsilini
davam etdirir. "Gənc istedadlar" liseyində təhsil aldığı
müddətdə bir çox müsabiqə və yarışlarda iştirak edən
Vəfa 2009-cu ildə biologiya fənni üzrə keçirilən fənn
olimpiadasında Yasamal rayonu üzrə I yerə layiq görülüb.
Bundan başqa, 2010-cu ildə məktəblilər arasında
keçirilən "İntellekt marafonu" yarışmasında 3-cü,
2010-cu ildə "Araz" kurslarında təşkil edilən "Bilik"
yarışmasında IV qrup üzrə II yeri, 2011-ci ildə 4-cü
"İntellekt" olimpiadasında sürət nominasiyasında III
yeri, 2012-ci ildə daha böyük uğura imza ataraq kimya
fənni üzrə Respublika olimpiadasında I yeri tutub.
2013-cü ildə "Sabahın alimləri" Respublika müsabiqəsində
biologiya nominasiyasında "Gümüş nanohissəcikləri sintez
edən göbələklər" adlı elmi işlə iştirak edən Vəfa
Tağıyeva 1-ci yeri tutmuş və ABŞ-da keçiriləcək "İntel
İSEF" yarışmasında Azərbaycan Respublikasını təmsil
etmək hüququ qazanıb. Bu layihədə Vəfanın layihə rəhbəri
BDU-nun mikrobiologiya kafedrasının müdiri, biologiya
elmləri doktoru, professor Xudaverdi Qənbərov olmuşdur.
Vəfa Tağıyeva haqqında "Gənc istedadlar" liseyinin
direktoru, professor Qasım Hüseynovun dediklərindən:
Müsabiqədə biologiya nominasiyası üzrə I yerə layiq
görülmüş və ABŞ-da keçiriləcək beynəlxalq müsabiqədə
respublikamızı təmsil etmək hüququ qazanmış liseyimizin
X sinif şagirdi Vəfa Tağıyeva dərs əlaçısıdır. Yüksək
təlim və tərbiyəsi olan Vəfa əzmkarlığı, çalışqanlığı
sayəsində elmin sirlərini dərindən öyrənməyə, kimya və
biologiya elmlərinə isə xüsusi maraq göstərir. Hazırda
Vəfa "İntel İSEF" Beynəlxalq Elm və Mühəndislik
Sərgisində qalib olmaq üçün səylə çalışır. Onu da qeyd
edim ki, liseyimizin 14 şagirdi "Sabahın alimləri" II
Respublika müsabiqəsinə 9 layihə təqdim etmişdir ki,
həmin layihələrdən 3-ü I, 4-ü isə II yerə layiq görülüb.
Müsabiqədə "Gənc istedadlar" liseyinin komandası böyük
üstünlüklə qalib gəlmişdir.
"Gənc istedadlar" liseyinin şagirdi Beynəlxalq Elm və
Mühəndislik Sərgisində iştirak edəcək
Nuru
Nurdil 1999-cu ildə ABŞ-ın Massaçusets ştatının Boston
şəhərində anadan olub. Atasının işi ilə əlaqədar
müxtəlif ölkələrdə olan Nuru 2005-ci ilə qədər Fransanın
paytaxtı Paris şəhərində yaşayıb. Məktəbəqədər təhsili
Parisdə alan Nuru elə həmin şəhərdə də I sinfə gedib. O,
2005-ci ildən Bakıda yaşayır və II sinfi Xəzər rayonu
Mərdəkan qəsəbəsi 181 nömrəli məktəbdə, III və IV
sinifləri isə Bakı şəhəri Yasamal rayonu 53 nömrəli
məktəbdə alıb. V sinifdən isə təhsilini Bakı Dövlət
Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin
rus bölməsində davam etdirir. Nuru müəllimlərinin onda
yaratdıqları həvəs sayəsində texniki elmlərə, xüsusən də
kimya, riyaziyyat və fizika elmlərinə daha çox maraq
göstərir. Bununla bağlı bir çox olimpiada və
müsabiqələrdə iştirak edib. Azərbaycan, rus, fransız və
ingilis dillərində sərbəst danışan Nuru Nurdil artıq
respublikamızda ikinci dəfə keçirilən "Sabahın alimləri"
II Respublika müsabiqəsinə kimya fənni üzrə qatılıb.
"Gənc istedadlar" liseyinin X sinif şagirdi Mustafa
Hacıyevlə birgə "Nanohissəciklər vasitəsi ilə azotun
ammonyaka fiksasiyası" mövzusunda layihə ilə müsabiqədə
iştirak edərək I yerə layiq görülüb. Münsiflər heyəti
tərəfindən maraqla qarşılanan layihə ilə bu ilin may
ayında ABŞ-da keçiriləcək "İntel İSEF" - Beynəlxalq Elm
və Mühəndislik Sərgisinə qatılacaq.
Nuru Nurdilin dediklərindən: Məktəbimizin direktoru
Qasım müəllim texniki elmlərə olan həvəsimizi görərək
bizə "Sabahın alimləri" yarışması haqqında məlumat verdi
və bu müsabiqəyə qatılmağa həvəsləndirdi. Qarşımıza
müsabiqədə qalib gəlmək məqsədi qoyaraq layihə
hazırladıq və bu layihə üzərində işləməyə başladıq.
Layihə haqqında onu deyim ki, azot molekullarının
fiksasiyası mexanizminin aydınlaşdırılması son yüz ilin
ən aktual problemlərindən biridir və indiyə qədər tam
həll edilməmişdir. Azot molekulu üçqat kimyəvi rabitə
ilə birləşmiş iki azot atomlarıdır. Bu rabitələri qırmaq
üçün böyük enerji tələb olunur. Azot molekullarında olan
rabitələrin qırılması azotun fiksasiyası adlanır. Bu
proses təbiətdə yalnız azot fiksəedici bakteriyalar
tərəfindən aparılır. Kimyəvi yolla isə ilk dəfə 1913-cü
ildə alman alimi Haber tərəfindən həyata keçirilmişdir.
Kimyəvi yolla azotun fiksasiyası üçün 450 dərəcə
temperatur, 700 atmosfer təzyiq və güclü katalizatorlar
lazımdır. Adi şəraitdə isə (otaq temperaturu və ya bir
qədər yüksək; normal atmosfer təzyiq) azotun
fiksasiyasını indiyə qədər aparmaq mümkün olmamışdır.
Nanotexnologiyanın intensiv inkişafı imkan verir ki,
nanohissəciklər molekullararası rabitəni qıra bilsin.
Verilmiş tədqiqat işində nanohissəciklərin bu
xüsusiyyətlərindən istifadə edərək onların sulu
məhlulunda azot molekullarının fiksasiyası həyata
keçirilmişdir. Bu proses normal atmosfer təzyiqi və
temperaturda baş vermişdir. Azot molekullu ammonyak adi
otaq temperaturunda 1 günə, 80oC-də isə bir
saat ərzində sintez olunmuşdur. Ammonyak sənayedə geniş
istifadə edilir. Xüsusən tibdə - naşatır spirtinin
alınmasında, boya sənayesində, plastmasların, partlayıcı
maddələrin və gübrələrin alınmasında geniş istifadə
olunur. Hər il dünyada 500 milyon ton ammonyak gübrəsi
istehsal olunur. Zavodlardan çıxan karbon qazını alıb
ammonyaka birləşdirərək ən vacib gübrələrdən biri olan
karbamid adlı gübrə almaq olar. Və nəticədə nəinki
asanlıqla gübrə almaq, həm də zavodların karbon qazı
vasitəsi ilə havanı çirkləndirməsinin qarşısını almaq
olar. Bizim bu mövzumuz münsiflər heyətinin böyük
marağına səbəb oldu və I yerin qalibi olduq. 2013-cü il
may ayında ABŞ-da bu mövzu ilə çıxış edəcəyik və orada
da qalib olacağımıza və ölkəmizə medalla qayıdacağımıza
inanırıq. Biz Azərbaycana nəinki qızıl medalla
qayıtmağa, həm də gələcəkdə ölkəmizə ilk Nobel mükafatı
gətirməyi ümid edirik. Belə böyük uğur mənim gələcəkdə
təhsil almaq istədiyim ali məktəblərə qəbul olmağıma da
kömək ola bilər. Mənim ən böyük arzularımdan biri də
ABŞ-ın Kaliforniya ştatında yerləşən Stanford
Universitetinə qəbul olmaqdır. Gələcək təhsilimi isə
Boston şəhərindəki dünyanın ən böyük universitetlərindən
biri olan Massaçusets Texnologiya İnstitutunda almaq
istəyirəm. Bu universiteti seçməyim mühəndisliyə olan
böyük həvəsimdən irəli gəlir. Bu sənəti seçməyim isə bu
işin çoxlu kreativlik tələb etdiyinə görədir. Dünyanın
ən məşhur mühəndisləri sırasına düşmək və Azərbaycanı
bütün dünyaya tanıtmaq əsas arzularımdan biridir. Mən
mühəndisliyin bütün insanlığın inkişafında böyük rol
oynadığını düşünürəm.
Biz də Nuruya bu yolda uğurlar arzulayırıq.
Səhifəni hazırladı:
Niyazi RƏHİMOV |