"Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın
var-dövlətinə, dilimizin bir sözünü ləl-cavahirata
dəyişməyin".
Ş.İ.XƏTAİ
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin
qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili
Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək,
onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək
hüququ olduğunu bir daha xatırladır. Dil hər bir
millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil
mövcuddur. Doğma Azərbaycan dilimiz isə bu dillərin
sırasında ən möhtəşəmidir. Əlbəttə, hər bir dilin
özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar
edə bilməz. Amma vətəndaş olaraq bizim üçün Azərbaycan
dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə
tapmaq olmaz.
Dilimizin yad təsirlərdən qorunması, mənəvi dirilik
atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar
göstərmiş M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif,
C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Sabir, B.Vahabzadə,
X.Ulutürk özlərini bu dilin ən layiqli daşıyıcıları və
qoruyucuları kimi təsdiqləmişlər.
Bu gün dilimizin dövlət statuslu dillər arasında
olmasına görə, millətin öz taleyinə sahibliyinə,
millətin millət olaraq təsdiqinə görə "Dilimiz çox
zəngin və ahəngdar dildir, dərin tarixi köklərə
malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm" deyən ümummilli lider Heydər
Əliyevə minnətdar olmalıyıq.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə
çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol
tapması ana dilinin gözəl bilicisi, mahir natiq, ulu
öndər Heydər Əliyevin dilin qorunmasına yönələn
düşünülmüş siyasətinin nəticəsidir. Bu gün hər bir
azərbaycanlının, xüsusilə də biz müəllimlərin üzərinə
böyük bir missiya düşür: Dilimizi sevmək və sevdirmək!
Dilimizi göz bəbəyimiztək qoruyaraq gələcək nəsillərə
ötürmək!
Çalışdığım Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər
təmayüllü məktəb-liseydə də bu məqsədlə rəngarəng
tədbirlər - "Ana dilimiz mənəvi diriliyimizdir" devizi
altında ədəbi-bədii gecələr, "dəyirmi masa"lar,
diskussiyalar, şeir və inşa müsabiqələri və s.
keçirilir. Bu tədbirlərdə bütün məktəb kollektivi həvəs
və məhəbbətlə iştirak edir, dilimizə olan böyük
sevgilərini nümayış etdirməyə çalışırlar. Başqa cür ola
da bilməz, çünki dilimiz mənəviyyatımızdır.
Məktəbimiz Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən
bütün rayon və respublika miqyaslı tədbir və
müsabiqələrdə həmişə yaxından iştirak etmiş və yüksək
nəticələr göstərmişdir. 2011-2012-ci dərs ilində ana
dili aylığı ilə bağlı keçirilən ədəbi-bədii gecə rayon
müsabiqəsində I yerə layiq görülmüşdür. Məktəbimizin
şagirdləri inşa müsabiqələrində də yüksək nəticə əldə
edərək I və II yerləri tutmuş, qaliblər sırasına
yüksəlmişlər.
2012-2013-cü tədris ilində "M.F.Axundzadə Azərbaycan
dramaturgiyasının banisidir" respublika inşa
müsabiqəsində X sinif şagirdi Haqverdiyeva Fidan
İltizam qızı II yerə layiq görülmüşdür. Məktəbin
şagirdləri Azərbaycan dili və ədəbiyyat fənləri üzrə
keçirilən bilik yarışlarında, olimpiadalarda da yüksək
bilik nümayiş etdirirlər. Builki tədris ilində məktəbin
şagirdi Azərbaycan dili və ədəbiyyat fənni üzrə
olimpiadanın rayon turunun qalibi olmuş və olimpiadanın
respublika turunda iştirak etmək hüququ qazanmışdır.
Məktəbdə tez-tez İKT-nin tətbiqi ilə açıq və nümunəvi
dərslər keçirilir. Bu dərslərdə rayonun digər
məktəblərindən gələn nümayəndələr də iştirak edir.
Şagirdlər dilimizi, ədəbiyyatımızı, ənənələrimizi necə
həvəslə və böyük məhəbbətlə öyrəndiklərini və
sevdiklərini nümayiş etdirirlər. Məktəbimizdə "Bizi
millət kimi qoruyub saxlayan məhz dilimiz,
ədəbiyyatımız, ənənələrimizdir" (H.Ə.Əliyev) mövzusunda
"dəyirmi masa", "Öz ana dilini bilməyən adamlar şikəst
adamlardır" mövzusunda diskussiya, "Dilimiz
mənəviyyatımızdır" adlı şeir müsabiqəsi doğma dilimizə
sonsuz məhəbbət və qayğının təzahürü kimi meydana çıxır.
Bir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi öz
fəaliyyətimdə şagirdlərimi milli mənəvi dəyərlərimizi,
xüsusilə milli varlığımızın daşıyıcısı, mənəvi pasportu
sayılan dilimizi sevməyi və sevərək qorumağı təlqin
etməyə çalışıram. Böyük demokrat C.Məmmədquluzadənin
aşağıdakı sözləri bu gün bu dili sevənlər üçün əsl
nümunədir: "Məndən soruşsalar ki, dövlətdən,
naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: bütün
kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir
sözüm, ana dilim var".
Yasəmən MƏMMƏDOVA,
Hacıqabul şəhər 8 nömrəli humanitar
fənlər təmayüllü məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi |