Bakıdakı Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadə
adına 164 nömrəli məktəb paytaxtımızın qabaqcıl təhsil
ocaqlarından biridir. Məktəbin direktoru Kəmalə
Qədirova yüksək təşkilatçılıq qabiliyyətinə malikdir.
Onun rəhbərliyi ilə pedaqoji kollektiv şagirdlərin
biliklərə yiyələnməsi, onların milli, vətənpərvərlik
ruhda böyüməsi üçün bütün imkanlardan səmərəli istifadə
edir. Tarixi - əlamətdar günlər, bayramlar, görkəmli
tarixi şəxsiyyətlərin, ölməz sənətkarlarımızın
yubileyləri qeyd olunur. Hər şənbə günü məktəbdə
tədbirlərin keçirilməsi bir ənənə halını alıb. Fevralın
21-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Təranə Bağırovanın təşkilatçılığı ilə Ana Dili Gününə
həsr olunmuş "Doğma dilim - Qibləgahım" adlı tədbir
keçirildi. Tədbirdən əvvəl iştirakçılar məktəbin
foyesində Ana dilinə həsr olunmuş fotostendlərə,
şagirdlərin hazırladıqları əl işlərinə tamaşa etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə
başladı. Aparıcılar Nigar, Aytac, Validə tədbirin
məqsəd və məramından danışdılar. Məktəbin direktoru
Kəmalə Qədirova çıxışına bu sözlərlə başladı. Heydər
Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında
Azərbaycanın bugünkü və gələcək nəsillərinin müqəddəs
borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətini
qoruyub saxlamaqdır. Məktəbdə vətənpərvərlik mövzusuna
geniş yer verildiyi, şagirdlərə milli mənəvi
dəyərlərimizin aşılandığı qeyd edildi. Kəmalə müəllim
çıxışını ulu öndər Heydər Əliyevin "Ana dilimiz müstəqil
Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli
sərvətidir! Biz indi müstəqil dövlət kimi, azad xalq
kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik"
kəlamı ilə başa çatdırdı. Söz şeirə, musiqiyə verildi.
6-ci sinif şagirdləri Aytac, Aytən, Xanım, Ülvira,
Validə, Ləman, Aytac, Fatimə "Ana dilim", "Oğlum",
"Dilim", "Dilim-Qibləgahım", "Azərbaycan deyəndə"
şeirlərini söylədilər. IX sinif şagirdi Ağabəy "Şah
İsmayıl Xətai və Azərbaycan dili" mövzusunda çıxış etdi.
IX sinif şagirdi Nigar Quliyeva "Qurban olum
Azərbaycan", VI "b" sinif şagirdi Rəvan Novruzov "Sarı
gəlin" mahnısını ifa etdi. Tədbirdə XI sinif
şagirdləri Emin, Səriyyə, Jalə vətən, dil mövzusunda
şeirlər, Nihad, Xasay, Rəvan söz ustadlarının dil
haqqında kəlamlarını söylədilər. Tədbir böyük ruh
yüksəkliyi ilə başa çatdı.
Sifai SƏFƏROVA |