Azərbaycan
Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsini
anma mərasimində iştirak edib
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət
tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı
törətmişlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı
soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma
mərasimində iştirak etmək üçün fevralın 26-da səhər
tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə
ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma
mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə
qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş
nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri
qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli
Məclisin deputatları, nazirlər, komitə və şirkət
rəhbərləri, dini konfessiyaların başçıları, habelə
qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak
edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər
qızılgüllər, qərənfillər düzdülər.
Sonra dövlət başçısına abidənin yerləşdiyi parkda və
onun ətrafında görülmüş abadlıq və yenidənqurma işləri
barədə məlumat verildi.
***
Xocalı soyqırımının 21-ci ildönümünün qeyd olunması bir
daha sübut edir ki, həmin qanlı gecədə erməni
təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin
dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki
Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı
soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə
törədilmiş qanlı cinayətdir. "Böyük Ermənistan" dövləti
yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni
millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti
kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63
uşağın, 70 qocanın həyatına son qoymuşdur. Bir gecədə 8
ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini
itirmişdir. Faciə zamanı 487 nəfər yaralanmış, 1275 dinc
sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də
məlum deyildir. Soyqırımı zamanı 56 nəfər xüsusi
qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış,
başlarının dərisi soyulmuş, bədən əzaları və başları
kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı
süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan
düşünülmüş qaydada, milli əlamətinə görə insanların
tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə
törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən
məhz soyqırımı olduğunu təsdiq edir.
Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu
beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı
həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət
öz hüquqi qiymətini almalıdır. Buna baxmayaraq, o
zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə
siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv
məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç
bir iş görməmişdir.
Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə
olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul
etmişdir.
Məhz o dövrdən başlayaraq dünya azərbaycanlıları və
Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza
qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi
haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılması, onun soyqırımı kimi tanınması üçün
məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı
şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq
borcumuzdur.
Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın
müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost
xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə qeyd
olunur. Bu il dünyanın müxtəlif ölkələrində Xocalı
faciəsi qurbanlarının əziz xatirəsi anılır, mitinqlər,
piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks
etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya
ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş
məqalələr çap olunur, televiziya və radio kanallarında
verilişlər hazırlanır.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi
xidmətləri vardır. Xocalı faciəsinin 21-ci ildönümü ilə
bağlı Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin
birgə layihəsi çərçivəsində Azərbaycan həqiqətlərini,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl
mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq
istiqamətində mühüm işlər görülmüşdür. Xocalı
soyqırımının ildönümü ərəfəsində dünyanın 25 ölkəsində
keçiriləcək aksiyalara dəstək məqsədi ilə xüsusi
hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər
göndərilmişdir. Azərbaycanın xaricdəki diplomatik
nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika
Respublikası, Koreya Respublikası, Belarus, Çexiya,
Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail,
İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və
Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə
yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya,
İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə
və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı cinayət və
vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Qarabağ
həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə
mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis
dilində nəşr olunan kitab və bukletlər də xaricdə
yayımlanmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya
ədalət" beynəlxalq kampaniyası çərçivəsində dünya
ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil
olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının
insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi
beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat
maşınının iç üzü artıq ifşa olunur. Artıq dünya
ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır.
Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir
çox ölkələrinin və beynəlxalq təşkilatların
qərarlarında, qətnamələrində əksini tapır. Artıq
Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya
parlamentləri, eləcə də ABŞ-ın altı ştatı Xocalı
soyqırımını tanımışdır.
Xalqımız, o cümlədən Azərbaycanın 48 rayonunda
məskunlaşan xocalılılar Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad
edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə
yaşayır və bu günün uzaqda olmadığına inanırlar.
Xalqımız inanır ki, Xocalı soyqırımının günahkarları
layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət
cəzasız qala bilməz.
AzərTAc |