Xəbər verdiyimiz kimi, Romada Xaricdə Təhsil Alan və
Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun
(ASAİF) növbəti forumu işə başlamışdır.
Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə
heyətinin üzvü Emin Hacıyev AzərTAc-a bildirmişdir ki,
tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya
Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla xanım
Əliyevanın forum iştirakçılarına müraciəti oxunmuşdur.
Müraciətdə bildirilir ki, Azərbaycan hökumətinin dəstəyi
ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı çərçivəsində həyata keçirilən bu forum
miqyasına görə ASAİF tədbirlərinin ən böyüyüdür. Əgər
Strasburq, Budapeşt və Vyana forumlarında əsasən
Avropada təhsil alan tələbələrə üstünlük verilirdisə,
indi ASAİF dünyanın müxtəlif şəhərlərində təhsil alan
azərbaycanlı gəncləri Romaya gətirərək Azərbaycan
həqiqətlərinin beynəlxalq təşkilatlarda müzakirəyə
çıxarılmasına, Azərbaycanın gələcəyi ilə bağlı fikir
mübadiləsinin aparılmasına müvəffəq olmuşdur. Bu
baxımdan, forum iştirakçıları arasında Amerika və Uzaq
Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikasında
təhsil alan tələbələri görmək təqdirəlayiq haldır.
Müraciətdə deyilir: "Ölkəmizin son illər ərzində dinamik
sosial-iqtisadi inkişafı, həmçinin əldə etdiyi uğurlarda
siz gənclərin rolu vardır. Prezident İlham Əliyevin
gənclər siyasətində müəyyən etdiyi prinsiplər, dövlət
başçısının Azərbaycan gəncliyinin biliyinə, bacarığına,
gələcəyinə böyük inamı biz gənclərin önəmli rolunu,
dövlətin gələcəyinə məsuliyyətini önə çəkməklə qarşımıza
mühüm vəzifələr qoyur. Azərbaycan gəncliyi özünün aktiv
fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar,
sosial tədbirlərin həyata keçirilməsində önəmli rol
oynayır və bugünkü cəmiyyətimizin avanqard qüvvəsinə
çevrilməkdədir".
Azərbaycanın gələcəyinin gənclərimizin təhsilindən,
yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və
milli mənəvi dəyərlərə sədaqətindən asılı olduğunu
vurğulayan Leyla xanım Əliyeva Azərbaycanda uğurla
həyata keçirilən gənclər siyasətinin bu gün təkcə
ölkəmizin ərazisi ilə məhdudlaşmadığını, onun
hüdudlarından kənarda da geniş yayıldığını diqqətə
çatdırmışdır.
Müraciətdə vurğulanır ki, budəfəki forumda müzakirə
olunacaq mövzular da təsadüfi seçilməmişdir. ASAİF
onların daha səmərəli istiqamətlərini təyin edərək,
konkret və məqsədyönlü fəaliyyətini davam etdirə
biləcəkdir. Sevindirici haldır ki, harada yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı gənc öz doğma
Vətəni ilə qürur duyur, milli maraqların qorunması
naminə səyini əsirgəmir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyeva ASAİF-in Roma forumunun iştirakçılarına uğurlar
arzulamış və görüşün nəticələrinin gənclərin ictimai
fəaliyyətində onlara uğur gətirəcəyinə əminlik ifadə
etmişdir. |