Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi portalının təqdimatı

 

Aprelin 1-də Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavini Qulu Novruzov, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, "Edumedia-Azərbaycan" və Türkiyənin "Kavrakoğlu" şirkətlərinin mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq Peşə Seçiminə Dəstək Sistemi portalının əhəmiyyətindən danışdı. Qeyd olundu ki, Peşə Seçiminə Dəstək  Sistemi portalının əsas məqsədi orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, onları maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək və məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdir.              

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan söz açan təhsil naziri Misir Mərdanov respublikamızda bununla bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışdı. Yeni yaradılan Peşə Seçiminə Dəstək Sistemi portalının bu istiqamətdə atılan növbəti addımlardan biri olduğunu söyləyən nazir onun mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının vacibliyini önə çəkdi.  Peşə Seçiminə Dəstək Sistemi portalının Türkiyənin "Kavrakoğlu" şirkəti və "Edumedia-Azərbaycan" şirkəti tərəfindən birgə hazırlandığını qeyd edən təhsil naziri onların fəaliyyətini yüksək dəyərləndirdi. 

Çıxış üçün söz alan Türkiyənin "Kavrakoğlu" şirkətinin baş menecerinin köməkçisi İncilay Kesik PSDS portalının texniki imkanları, məqsəd və məramı barədə məlumat verdi. Portalda "Özünü tanı", "Peşə ixtisasları", "Peşə təhsili müəssisələri", "Şagird qəbulu", "CV yüklə" və "CV siyahısı" bölmələrinin yer aldığını deyən İ.Kesik isifadəçilərə təklif olunan xidmətlərin üstünlüklərini qeyd etdi. Bildirildi ki, istifadəçilər "Özünü tanı" bölməsindəki 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra bilərlər. Bu bölmədə həmçinin əldə olunan nəticələrə görə sistem tərəfindən təklif olunan peşə seçimlərinə çıxış əldə etmək imkanı yaradılıb. "Peşə ixtisasları" bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etməyin mümkün olduğunu bildirən qonaq növbəti "Peşə təhsili müəssisələri" bölməsində isə istifadəçilərə seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu barədə informasiya almaq və həmin peşə təhsili müəssisələrinə dair məlumat əldə etmək imkanı verildiyini vurğuladı. O, daha sonra "Şagird qəbulu" bölməsinə daxil olan istifadəçilərin müvafiq peşə ixtisasına uyğun peşə təhsili müəssisələrinə ərizə ilə müraciət edə biləcəklərini deyərək digər bölmələr - "CV yüklə" və "CV siyahısı" barədə də geniş məlumat verdi.

"Kavrakoğlu" şirkətinin baş meneceri Dilek Bağdatlıoğlu Peşə Seçiminə Dəstək Sistemi portalının orta məktəb şagirdlərinə peşə seçimlərində köməklik etmək, təhsillərini hansı istiqamətdə davam etdirmələrinin uyğun olacağını göstərmək, onların peşə təhsili müəssisələri və ixtisaslarla tanış olmasına şərait yaratmaq, özlərinə uyğun və arzu etdikləri peşə liseylərinə daha asan və sürətli şəkildə müraciət etmələrini təmin etmək üçün nəzərdə tutulduğunu bildirdi. Qonaq peşə təhsili müəssisələrinin və peşələrin ictimaiyyətə daha yaxından tanıdılması məsələlərinin də PSDS-in əsas hədəfində olduğunu söylədi.

Sonra tədbir iştirakçıları tərəfindən yeni portalın fəaliyyətinin peşə təhsilinin inkişafına təsiri ilə bağlı fikir mübadiləsi aparıldı, müvafiq rəy və təkliflər səsləndirildi.

Mərasimi  təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq Peşə Seçiminə Dəstək Sistemi portalının uğurlu fəaliyyətinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələrə toxundu, bununla bağlı bir sıra tapşırıq və tövsiyələrini verdi.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov