Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Ətraf Mühitin Mühafizəsi Vll Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş

 

Aprelin 3-də Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi Vll Beynəlxalq Layihə Olimpiadasının (İNEPO - Avrasiya) bir qrup iştirakçısı ilə görüş keçirildi. Tədbirdə nazirliyin məsul işçiləri, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyi və digər əməkdaşları iştirak edirdilər. 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq onları görməsindən məmnun olduğunu bildirdi.

Olimpiadanın ənənəvi olaraq artıq 7-ci ildir ki, Azərbaycanda keçirildiyini xatırladan təhsil naziri qeyd etdi ki, bu tədbirin təşkil edilməsində əsas məqsəd Azərbaycanda, eləcə də dünyanın bütün ölkələrində artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması ilə bağlı gənc nəsli məlumatlandırmaq, şagirdlərin bu problemlərin həlli istiqamətində müxtəlif layihələr işləyib hazırlamaq bacarığını inkişaf etdirmək, onlarda ekoloji tərbiyəni, ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaq, nəticədə təbii, mədəni, tarixi və sosial estetik dəyərləri qorumaqdır.

Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının ildən-ilə artdığını diqqətə çatdıran Misir Mərdanov məlumat verdi ki, ötən il bu olimpiadaya 42 ölkədən 250-dən artıq iştirakçı qatılıb. Azərbaycan məktəblərindən 200-dən artıq layihə arasından 70-i, xarici ölkələrin təmsilçilərinin işlərindən isə 48-i seçilib. Bu il keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasında 45 ölkədən 500-ə qədər iştirakçı yarışacaqdır.

2013-cü ildə Azərbaycanın 180 orta məktəbindən təqdim olunan 214 layihədən 78-i, xarici ölkələrdən təqdim olunan 625 layihədən 52-si növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Yarışmanın təşkilatçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və "İNEPO-Avrasiya" Ekologiya İctimai Birliyidir. Nazir tədbirin 5-6 aprel tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcəyini bildirdi.

Bu möhtəşəm yarışmanın Azərbaycanda təşkil edilməsini çox yüksək dəyərləndirdiyini vurğulayan təhsil naziri qeyd etdi ki, 45 ölkənin təmsilçilərinin respublikamıza gəlməsi əlamətdar hadisədir. Çünki bu işdə bizim əsas məqsədimiz ekologiyanın qorunmasına dair ən yaxşı layihəni müəyyənləşdirib qiymətləndirməklə yanaşı, həm də məktəblilərimizin müxtəlif ölkələrdən olan yaşıdları ilə dostluq münasibətlərinin yaranması, əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Olimpiada iştirakçılarının bir neçə gün Azərbaycanda qalacaqlarını, Bakı ilə tanış olacaqlarını, maraqlı ekskursiyalara gedəcəklərini, azərbaycanlı şagird və müəllimlərlə görüşəcəklərini deyən nazir əmin olduğunu bildirdi ki, onlar özlərinə yeni dostlar qazanacaq və ölkələrinə Azərbaycanın dostu kimi qayıdacaqlar.

Misir Mərdanov çıxışının sonunda "İNEPO-Avrasiya" ekologiya olimpiadasının həyata keçirilməsində əməyi olan bütün qurumlara, xüsusən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirdi. Bu tədbirin gələcəkdə də ənənəvi olaraq Azərbaycanda keçiriləcəyinə ümid etdiyini bildirən nazir bütün iştirakçılara uğur arzulayaraq onların hər birinin ölkəmizdən xoş təəssüratlarla, qalib kimi ayrılacağına inandığını söylədi.

Sonra Nepal, Anqola, İndoneziya, Əfqanıstan və digər ölkələrdən olan olimpiada iştirakçıları bu görüşə və ümumiyyətlə,  Azərbaycanda qarşılaşdıqları səmimi, mehriban münasibətə görə təşəkkürlərini bildirdilər. Sonda onlar təhsil naziri ilə xatirə şəkli çəkdirdilər. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov