Mühasibat uçotunun avtomatlaşdırılması müəssisənin daha
səmərəli idarə edilməsinin ən vacib amilidir
Müasir
dövrdə qlobal iqtisadi münasibətlər şəraitində fəaliyyət
göstərən müəssisə rəhbərləri hər zaman daha düzgün
qərarlar vermək iqtidarında olmalıdırlar ki, bu da öz
növbəsində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin
müxtəlif aspektlərini daim nəzarətdə saxlamağı tələb
edir. Məlum olduğu kimi, müəssisənin maliyyə-təsərrüfat
fəaliyyəti özündə müxtəlif xarakterli məlumatları əks
etdirən xeyli sayda sənədləri əhatə edir. Düzgün şəkildə
tərtib edilmiş və sistemləşdirilmiş sənədlər əsasında
təşkil olunan maliyyə-təsərrüfat fəaliyyəti müəyyən
dərəcədə effektiv idarəetmənin zəmanəti kimi çıxış edir.
Əks halda, müəssisədə düzgün və dəqiq tərtib edilmiş
sənədlərin və məlumatların olmaması idarəetmə ilə bağlı
hər hansı səhv qərarın verilməsinə və nəticədə ciddi
itkilərə gətirib çıxara bilər.
Məqsədli şəkildə bilərəkdən həyata keçirilən qanunsuz
hərəkətləri nəzərə almasaq, deyə bilərik ki, mühasibat
uçotu üzrə baş verən digər səhvlər hər hansı bir
səhlənkarlıq nəticəsində riyazi hesablama xətaları və
yaxud da uçotun aparılması xüsusiyyətləri üzrə müvafiq
bilik və bacarıqların olmaması üzündən baş verir. Belə
səhvlər uçotun əl ilə və yaxud köhnə, həmçinin qeyri-leqal
versiyalı proqram təminatı əsasında aparılması zamanı
praktiki olaraq qaçılmazdır və hətta tez-tez təkrarlana
bilər.
Belə ki, müəssisədə qurulmuş bütün mühasibat sistemləri
onların miqyasından və dəyərindən asılı olmayaraq uçotun
daha keyfiyyətli, etibarlı və rahat şəkildə aparılmasına
xidmət etməlidir. Daha dəqiq desək, mühasibat sistemləri
əsasən aşağıdakıları təmin etməlidir:
- riyazi hesablamaların səhvsiz olmasını;
- ilkin, həmçinin hesabat sənədlərinin lazımi formada
doldurulması, yoxlanılması və çapını;
- məlumatların bir çap formasından digərinə səhvsiz
köçürülməsini;
- yekun məbləğlərin və istənilən mürəkkəblikdə rəqəmlər
üzrə faizlərin dəqiq hesablanmasını;
- əvvəlki dövrlərə aid məlumat və hesabatlara müraciət
etmək imkanının təmin olunmasını.
Əlbəttə ki, yuxarıda qeyd olunan imkanların tam təmin
olunması üçün mövcud sistem müəssisədə mühasibat
uçotunun həm cari vəziyyətinin və həm də arxivinin
məlumatlarını özündə əks etdirən vahid bazaya malik
olmalıdır.
Bu baxımdan mühasibat uçotunun avtomatlaşdırılması
həmişə diqqət mərkəzində olan məsələlərdən olmuşdur.
Azərbaycanda
mühasibat uçotunun avtomatlaşdırılması mərhələlərinin
qısa tarixi
Ölkəmizdə mühasibat uçotunun avtomatlaşdırılması
müstəqilliyin ilk illərindən kiçik sahibkarlıq
müəssisələrində tətbiq edilməyə başlanılmışdır. Həmin
illərdə uçot xüsusiyyətləri uyğun olduğu üçün postsovet
ölkələrinin, xüsusilə Rusiya istehsalı olan proqram
təminatlarından istifadə olunurdu. Bu proqramlar
konkret mütəxəssisin işi ilə əlaqədar fərdi kompüterdə
avtonom şəkildə istismar edilirdi. Büdcə təşkilatlarında
həmin dövrdə demək olar ki, uçot və hesabatların
avtomatlaşdırılması yox səviyyəsində idi. Ümumiyyətlə,
müstəqilliyimizin ilk illərində bütün sahələrdə, o
cümlədən iqtisadi sahədə, eləcə də uçot və hesabat
işlərinin aparılmasında qeyri-sabit və xaotik vəziyyət,
problemlər yaranmışdı. Məhz xalqın təkidi ilə həmin
dövrdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkədə hökm sürən gərgin və xaotik
vəziyyətin qarşısı alındı.
Beləliklə, dünya siyasətində xüsusi çəkiyə malik, dahi
siyasətçi Heydər Əliyev ölkədə yaranmış çətin
vəziyyətdə taleyüklü və məsuliyyətli vəzifəni öz
üzərinə götürərək müstəqil Azərbaycanın sosial-iqtisadi
inkişaf konsepsiyasının əsaslarını müəyyənləşdirdi və
onun hüquqi bazasının təmin edilməsi istiqamətində mühüm
addımlar atmağa başladı. Bundan əlavə, ölkədə liberal
bazar iqtisadiyyatının bərqərar olmasını təmin edəcək
hüquqi baza yaradıldı, bununla bağlı bir sıra mütərəqqi
qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edildi.
Nəticədə ölkəmizdə müxtəlif mülkiyyət formalarına
əsaslanan iqtisadi sistemə və bazar iqtisadiyyatına
keçidin və gələcəkdə dünya iqtisadiyyatına
inteqrasiyanın təməli qoyuldu. Ümumilikdə 1993-2003-cü
illərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən
həyata keçirilən inkişaf strategiyası nəticəsində
görülən bütün işlər müstəqil Azərbaycanın tarixinə bütün
sahələrdə milli dirçəliş, tərəqqi dövrü kimi daxil
olmuşdur. Bu dövr ərzində ölkəmizdə iqtisadiyyatın bütün
sahələri üzrə uçot və hesabat işləri ilə bağlı hüquqi
bazanın təkmilləşdirilməsi, müvafiq islahatların həyata
keçirilməsi istiqamətində ciddi yeniliklərə nail olundu.
Qeyd olunan dövr ərzində təsərrüfat hesablı
müəssisələrlə yanaşı, büdcə təşkilatlarında da uçot və
hesabatın avtomatlaşdırılması istiqamətində müəyyən
irəliləyişlər baş vermiş və İKT avadanlıqlarının tətbiqi
geniş şəkil almışdır. Həmçinin qeyd etməliyik ki, bu
dövr ərzində mühasibat uçotunun atomatlaşdırılması
məqsədilə proqram təminatlarının hazırlanmasında yerli
mütəxəssislərin rolu əhəmiyyətli dərəcədə artmışdır.
Eyni zamanda qeyd etməliyik ki, əsası vaxtilə ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf
strategiyası bu siyasətin layiqli davamçısı möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla
davam etdirilərək daha da təkmilləşdirilmiş və ölkədə
iqtisadi, siyasi sabitlik möhkəmləndirilmiş və
Azərbaycan inkişaf dinamikasına görə dünyada qabaqcıl
ölkələr sırasına çıxmışdır.
Keçən bu dövr ərzində Azərbaycanda uçot və hesabatların
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
də mühüm işlər həyata keçirilmişdir.
Məlum olduğu kimi, bu məqsədlə 02 sentyabr 2004-cü il
tarixdə "Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikasının Qanunu, 07 fevral 2005-ci il tarixdə isə
"Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin Fərmanı qüvvəyə minmişdir.
Qeyd olunan qanun və fərmana əsasən Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarının və Milli
Mühasibat Uçotu Standartlarının tətbiqi aşağıdakı əsas
məqsədləri əhatə edir:
- Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korporativ
və büdcə sektorları üçün maliyyə hesabatlarının
beynəlxalq və milli mühasibat uçotu standartlarına uyğun
olaraq hazırlanması;
- Müəssisələrin fəaliyyətinin şəffaflığının və dünya
bazarına çıxışının təmin edilməsi;
- Dövlətin mühasibat uçotu sahəsində idarəetmə
vəzifəsinin həyata keçirilməsi və islahatların
davamlılığının təmin edilməsi üçün institusional
inkişafın dəstəklənməsi.
Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə
əlaqədar Maliyyə Nazirliyi tərəfindən Maliyyə
Hesabatlarının və Mühasibat Uçotunun Beynəlxalq
Standartları əsasında kommersiya, büdcə və qeyri-hökumət
təşkilatları üçün müvafiq Milli Mühasibat Uçotu
Standartları və eyni zamanda kommersiya təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartının tətbiqi üzrə
Şərhlər və Tövsiyələr hazırlanaraq təsdiq edilmiş və
tətbiq edilməyə başlanılmışdır. Bununla yanaşı,
Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının
tətbiqi üçün Maliyyə Nazirliyində müvafiq kadr
potensialı formalaşdırılmış və büdcə təşkilatlarının
mühasibatlıq işçiləri üçün Milli Mühasibat Uçotu
Standartları üzrə təlim kursları təşkil olunmuşdur. Onu
da qeyd etmək lazımdır ki, Beynəlxalq və Milli Mühasibat
Uçotu Standartlarının tətbiqi üçün Maliyyə Nazirliyi
müxtəlif beynəlxalq maliyyə qurumlarından və peşəkar
auditor şirkətlərindən texniki yardım cəlb etmişdir.
Əlbəttə ki, Milli Mühasibat Uçotu Standartlarının
tətbiqi nəticəsində baş verən yeniliklər büdcə
təşkilatlarında uçot və hesabatın yenidən
avtomatlaşdırılmasına ciddi zərurət yaratmışdır. Bu
istiqamətdə bir sıra büdcə təşkilatlarında, o cümlədən
Təhsil Nazirliyinin mərkəzi aparatında mühasibat və
maliyyə işləri üzrə yeni proqram təminatlarının
tətbiqinə başlanılmışdır.
Uçot
və hesabat işlərinin avtomatlaşdırılması sahəsində
Təhsil Nazirliyinin mərkəzi aparatında görülmüş işlər
Hazırda Təhsil Nazirliyinin maliyyə, mühasibat işləri və
hesabatları İqtisadiyyat şöbəsində lokal qaydada
istismar olunan müvafiq proqramlar vasitəsi ilə
avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu proqram
təminatına "Mühasibat uçotu", "Kredit" və "Yekun balans"
proqram paketləri aiddir.
"Mühasibat uçotu" proqram paketinə "Əməkhaqqı", "Bank",
"Kassa", "Material uçotu", "Sair debitor və
kreditorlarla hesablaşmalar", "Təhtəlhesab şəxslərlə
hesablaşmalar", "Ödəmə tapşırığı", "Baş kitab", "Gəlirlər
və Xərclər", eləcə də "Maliyyə vəziyyəti haqqında
hesabat", "Maliyyə fəaliyyətinin nəticələri haqqında
hesabat", "Xalis kapital/Kapitalda dəyişiklik haqqında
hesabat", "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"
formalarının avtomatik formalaşmasını təmin edən alt-proqramlar
daxildir və bu proqramlar vasitəsilə işçilərin
əməkhaqqının, mükafatlarının, müavinətlərinin,
məzuniyyət haqlarının hesablanılması, ödənişlərin həyata
keçirilməsi üçün sənədlərin hazırlanması, avtomatik
yaradılan bazanın köməyi ilə istənilən dövr üzrə həm
ümumilikdə, həm də ayrı-ayrı işçilər üzrə hesablama
cədvəllərinin və digər analitik cədvəllərin tərtib
edilməsi, bank uçotunun aparılması, "Sair debitor və
kreditorlarla hesablaşmalar"ın uçotu, əsas vəsaitlərin
və digər mal-material qiymətlilərinin hərəkətinin,
həmçinin dövriyyəsinin uçotu, ödəniş sənədlərinin
hazırlanması və son nəticədə baş kitabın
formalaşdırılması təmin olunur.
Eyni zamanda yuxarıda qeyd olunan proqramlar üzrə
aparılan əməliyyatların yekununa əsasən Milli Mühasibat
Uçotu Standartlarına uyğun müvafiq maliyyə və mühasibat
hesabatları avtomatik formalaşdırılır.
Bununla yanaşı, "Yekun balans" proqramı vasitəsi ilə
Təhsil Nazirliyinin tabeliyində olan, müəssisə və
təşkilatlardan daxil olan hesabatlar yoxlanılır,
icmallaşdırılır və hazırlanan icmal hesabat formaları
elektron şəkildə "on-line" rejimində Maliyyə Nazirliyinə
təqdim olunur.
Bundan başqa, nazirlikdə "Kredit" proqramı vasitəsilə
nazirliyin tabeliyində olan müəssisələrin
maliyyələşdirilməsi işləri həyata keçirilir və müvafiq
maliyyə sənədlərinin hazırlanması təmin olunur.
Qeyd edilən bütün proqramlar lokal şəbəkədə işləmə
imkanına malikdir. "Mühasibat uçotu" proqram paketinə
daxil olan bütün proqramlar sərbəst modul şəklində də
istifadə oluna bilir.
Ali
təhsil müəssisələrində mühasibat uçotunun və maliyyə
hesabatlarının avtomatlaşdırılmasına yeni baxış və
tələblər
Ölkə başçısı möhtərəm Prezident cənab İlham Əliyevin
apardığı uğurlu inkişaf strategiyası nəticəsində
Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi
inkişafı təmin edilmiş, dövlət idarəçiliyinin müasir
prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə
informasiya və kommunikasiya texnologiyalarından
istifadə olunması dövlət siyasətinin prioritetlərindən
birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər
görülmüşdür. Bu baxımdan modern və çevik idarəetmənin
təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan
halların aradan qaldırılması üçün əhaliyə elektron
xidmətlərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə dövlət orqanlarında aparılan işlərin
sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında"
23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanı və
Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191
nömrəli qərarı olmuş və mərkəzi icra hakimiyyəti
orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə
bağlı müvafiq tapşırıqlar verilmişdir.
Bununla əlaqədar olaraq büdcə təşkilatlarında uçot və
hesabat işlərinin avtomatlaşdırılması üçün müasir
tələblərə cavab verən, təhlükəsiz, həmçinin vahid bazaya
və yanaşmaya əsaslanan yeni sistemin tətbiqinə zərurət
yaranmışdır.
Bu baxımdan Respublika Maliyyə Nazirliyi tərəfindən
görülən tədbirlər nəticəsində Dünya Bankı ilə birgə
həyata keçirilən "Korporativ və Büdcə Sektorlarında
Hesabatlılıq Layihəsi" çərçivəsində hazırlanmış və artıq
tətbiqinə başlanılmış "Büdcədən maliyyələşən təşkilatlar
üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın
avtomatlaşdırılmış informasiya sistemi mühüm əhəmiyyət
kəsb edir. Belə ki, 13 mart 2013-cü il tarixində
Azərbaycan Diplomatik Akademiyasında Respublika Maliyyə
və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil
müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə
məsul şəxslərin iştirakı ilə "Büdcədən maliyyələşən
təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın
avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı
keçirilmişdir. Tədbiri giriş sözü ilə açan maliyyə
naziri Samir Şərifov qeyd etmişdir ki, "Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət
nəticəsində nail olunan iqtisadi yüksəlişə paralel
olaraq respublikamızda mühasibat uçotunun
təkmilləşdirilməsi ilə bağlı da mühüm addımlar
atılmışdır. Prioritet istiqamətlərdən biri kimi, qısa
zaman ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları
Standartlarına keçidə nail olunaraq, zəruri
normativ-hüquqi baza yaradılmış və mühasibat uçotu
subyektlərinin maliyyə hesabatlarının beynəlxalq
standartlar əsasında hazırlanaraq təqdim olunması təşkil
olunmuşdur. Mühasibat uçotu üzrə beynəlxalq və milli
standartlar əsasında formalaşan maliyyə hesabatlarının
hazırlanması, qəbul olunması, təhlili proseslərinin
avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat
bazasının hazırlanması zərurəti yaranmışdır". Qeyd
olunmuşdur ki, "Büdcədən maliyyələşən təşkilatlar üçün
Maliyyə və Mühasibatlıq Hesabatları"nın
avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə
Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət
Universiteti, Azərbaycan Texniki Universiteti,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiqi
başa çatır və yaxın gələcəkdə geniş yayılması nəzərdə
tutulur. Tətbiqin birinci mərhələsi 35 ali təhsil
müəssisəsini və 4 nazirliyi əhatə edəcək.
Qeyd olunan tədbirdə iştirak edən təhsil naziri Misir
Mərdanov bildirmişdir ki, "Büdcədən maliyyələşən
təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın
avtomatlaşdırılmış informasiya sisteminin tətbiqinə
başlanılması ölkə rəhbəri möhtərəm İlham Əliyev
cənablarının elektron xidmətlərin genişləndirilməsi və "Elektron
hökumət"in qurulması ilə bağlı verdiyi fərman, sərəncam
və tapşırıqların icrası istiqamətində atılan addımlardan
biri kimi qiymətləndirilməlidir. M.Mərdanov, eyni
zamanda çıxışında yeni sistemin tətbiqinin
əhəmiyyətindən, ali təhsilin maliyyələşdirilməsində əldə
olunan son yeniliklərdən, eləcə də yeni sistemin tətbiqi
ilə əlaqədar ali təhsil müəssisələrinin qarşısında duran
vəzifələrdən söz açmışdır.
Maliyyə və mühasibat hesabatlarının avtomatlaşdırılmış
informasiya sistemi və onun üstünlükləri
"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və
Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış
informasiya sistemi (SERP sistemi) Maliyyə Nazirliyinin
sifarişi əsasında icraçı təşkilat - "Sinam" şirkəti
tərəfindən hazırlanmışdır və müəssisə resurslarının
idarə edilməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış
sistem olmaqla müəssisənin kadr, mühasibatlıq və maliyyə
strukturlarının işini əhatə edir.
Proqram təminatı "Claude" rejimində hazırlanmışdır. Bu
proqram MS Visual Studio 2010 texnologiyası əsasında
Oracle 11 g verilənlər bazasından istifadə edilməklə
hazırlanmış veb proqramıdır. Bu sistemdən istər kiçik,
istərsə də böyük şirkətlər, holdinqlər, kommersiya və
büdcə təşkilatları müvəffəqiyyətlə istifadə edə bilər.
Sistem müəssisələrin həm sərbəst idarə olunması,
həmçinin ayrıca şöbə, bütün müəssisə və ya holdinq üçün
hesabatların alınması imkanını verdiyindən ondan
istifadə edilməsi olduqca əlverişlidir. Sistem "İnsan
resursları və əməkhaqqı", "Mühasibat uçotu" və
"Əməkhaqqı" modullarından ibarətdir.
İnsan resursları və əməkhaqqı üzrə modullar
kompleksi kadrların idarə edilməsi və əməkhaqqının
hesablanması proseslərinin avtomatlaşdırılması üçün
nəzərdə tutulmuşdur. Bu modullar ənənəvi insan
resurslarının qeydiyyatı ilə bağlı prosesləri yerli
qanunvericiliyin tələblərini nəzərə almaqla
avtomatlaşdırmağa imkan verir. Sistem eyni zamanda insan
resurslarının idarə edilməsi ilə bağlı dünya
standartlarına cavab verir.
Mühasibat uçotu modulu
maliyyə və mühasibat hesabatlarının avtomatlaşdırılması
məqsədilə milli və beynəlxalq mühasibat uçotu
standartları əsasında hazırlanmışdır. Bu modul əsas
vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun, baş
kitabın, mal-material uçotunun, pul vəsaitlərinin,
hesabatların, icarəyə verilmənin, xidmətlərin,
çıxmaların, yerdəyişmələrin, silinmələrin, soraqçaların,
maliyyə hesabatlarının, mühasibat modellərinin və
qeydiyyat kitablarının aparılması üçün nəzərdə
tutulmuşdur.
Əməkhaqqı modulu
sistemin tərkib hissəsi kimi digər alt-modulların köməyi
ilə artıq daxil edilmiş məlumatlardan istifadə etməklə,
müəssisə və təşkilatlarda əməkhaqqının hesablanması
zamanı aparılan işlərin avtomatlaşdırılmasına xidmət
göstərir. Belə ki, əməkhaqqının hazırlanması zamanı:
- Bütün tip gəlir və tutulmalar qanuni tələblərə uyğun
aparılır,
- Tələb olunan sosial fond və bank sənədləri avtomatik
hazırlanır,
- Maliyyə informasiyalarının təhlükəsizliyi təmin
edilir,
- Verilmiş parametrlərə uyğun hesabat və diaqramlar
hazırlanır.
Modulun realizasiyası zamanı iki əsas prinsip nəzərə
alınmışdır:
universallıq - istənilən müəssisədə istifadə edilmək
imkanı (fəaliyyət sahəsindən asılı olmayaraq);
elastiklik - müəyyən müəssisənin xüsusiyyətlərini və
qanunvericilik tələblərini nəzərə almaqla əməkhaqqının
hesablanma alqoritminin sərbəst şəkildə təyin
edilməsinin mümkün olması.
Əməkhaqqı modulu mühasibatlıqda aparılan əməkhaqqının
hesablanması prosesini bütünlüklə əhatə edir: xərclər -
tutulmalar - ayrılan pullar - balanslaşdırma -
əməkhaqqının hesablanması - ödənişlər - hesabatların
alınması.
Sistemin tətbiqinin əsas üstünlükləri aşağıdakılardır:
- Maliyyə və mühasibat uçotu hesabatlarının Milli
Mühasibat Uçotu Standartları əsasında aparılması imkanı;
- Prosedur və hesabatların Azərbaycan Respublikasının
qanunvericiliyinə tam uyğunluğu;
- Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə
Fondunun sistemləri ilə inteqrasiya;
- Universal və rahat istifadəçi mühiti;
- Çoximkanlı funksional sazlanma;
- "MS Office" paketinə ixrac (Word, Excel);
- Təlimlər üçün videodərslərin mövcudluğu;
- Universal axtarış sisteminin mövcudluğu;
- Müxtəlif analitik hesabatları əldə etmək imkanları;
- Kadrların idarə olunması ilə bağlı kadrlar şöbəsinin
işinin avtomatlaşdırılması və mühasibatlıqla
əlaqələndirilməsi;
- Sistemdə ənənəvi təhlükəsizlik mexanizmlərindən
(şifrələmə və parolların generasiyasından) başqa,
elektron imzadan da istifadə imkanları;
- Sistemdə istənilən sayda istifadəçinin profaylını
yaratmaq imkanı və istifadəçilərin Xüsusi Dövlət Müdafiə
Xidmətinin təhlükəsiz şəbəkəsi vasitəsilə "bulud"
texnologiyası əsasında sistemə qoşulması;
- İstifadəçi əməliyyatlarını izləyən "Audit" modulunun
mövcudluğu;
- Hər bir sənədin Baş Sertifikasiya Mərkəzi tərəfindən
verilən elektron imza ilə imzalanması imkanı;
- Məlumatların şifrələnmiş SSL protokolu ilə
ötürülməsi;
- Müəssisə üzrə istənilən müvafiq analitik hesabatın
əldə olunması imkanı;
- Sistemin təhlükəsizliyinin və məlumatların
məxfiliyinin yüksək səviyyədə qorunması;
- Müəssisədə proqram təminatı və avadanlıq üçün heç bir
maliyyənin tələb olunmaması; Sistem tam tətbiq olunandan
sonra ancaq aylıq abunə haqqı ödənilir ki, bu da
sistemin işlək vəziyyətdə saxlanması üçün nəzərdə
tutulur. Əgər hər bir müəssisə ayrı-ayrılıqda bu sistemi
tətbiq etsəydi çəkəcəyi xərclər (avadanlıq, proqram
təminatı, əlavə işçilər, təlimlər və s.) ödəniləcək
abunə haqqından müqayisə edilməz dərəcədə çox olardı.
- Sistemin tətbiqi üçün təlimlərin videodərslərin
köməyi ilə qısa müddətdə və əlavə maliyyə vəsaiti tələb
olunmadan həyata keçirilməsi;
Yeni sistemin tətbiqindən gözlənilən əsas müsbət
nəticələr və qarşıda duran vəzifələr
Ümumilikdə aparılan müşahidə və təhlillərə əsasən demək
olar ki, Təhsil Nazirliyinin mərkəzi aparatında və ali
təhsil müəssisələrində "Büdcədən maliyyələşən
təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın
avtomatlaşdırılmış informasiya sisteminin (SERP sistemi)
tətbiqi nəticəsində ilk növbədə aşağıdakı müsbət
nəticələr əldə olunacaqdır:
- Bütün müəssisə və təşkilatlarda maliyyə və mühasibat,
eləcə də kadr resurslarının idarə olunması işlərinin
avtomatlaşdırılmasında vahid yanaşma təmin olunacaq;
- "Elektron hökumət"in qurulması imkanları
genişlənəcək;
- Tabelikdə olan təşkilatlardan müvafiq maliyyə və
mühasibat hesabatlarının elektron qəbulu və ötürülməsi
məsələsi öz həllini tapacaq;
- Tabelikdə olan müəssisələrdə maliyyə-mühasibat işləri
üzrə vahid baza yaradılacaq;
- Müəssisələrdə maliyyə-mühasibat işlərinin tam şəkildə
avtomatlaşdırılması, operativliyin yüksəldilməsi, bu
işlərdə səhv və nöqsanlara yol verilməsi üzrə risklərin
azaldılması təmin olunacaq;
- Sistemin tətbiqi nəticəsində əlavə xərclər azalacaq
və maliyyə vəsaitləri üzrə qənaət əldə olunacaq;
- Maliyyə və mühasibat işlərinə dair müxtəlif
xarakterdə ümumi və analitik məlumatların cədvəl,
diaqram və digər formada operativ şəkildə qısa müddət
ərzində hazırlanması mümkün olacaq;
- Müəssisələrdə kadrlar şöbəsi ilə mühasibatlıq
arasında əlaqələrin və sənəd dövriyyəsinin
elektronlaşdırılması təmin olunacaq.
Eyni zamanda qeyd etməliyik ki, yuxarıda göstərilən
nəticələrin əldə olunması üçün ən vacib amillərdən biri
də təhsil müəssisələrində maliyyə və mühasibatlıq sahəsi
üzrə çalışan mütəxəssislərin müvafiq sahə üzrə tələb
olunan keyfiyyət göstəricilərinə, eləcə də bilik və
bacarıqlara malik olmasıdır. Belə ki, büdcə
təşkilatlarında tətbiqinə başlanan "Büdcədən
maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq
Hesabatları"nın avtomatlaşdırılması üzrə yeni sistemi
tətbiq edəcək mütəxəssislərin Milli Mühasibat Uçotu
Standartları və onların tətbiqi barədə zəruri bilikləri,
həmçinin İKT avadanlıqlarından istifadə üzrə lazımi
bacarıq və vərdişləri olmalıdır. Lakin təəssüflər olsun
ki, hazırda əksər təhsil müəssisələrində maliyyə və
mühasibatlıq sahəsi üzrə çalışan mütəxəssislərin müvafiq
bilik və bacarıqları tələb olunan səviyyəyə uyğun deyil.
Qeyd olunan məsələ 13 mart 2013-cü il tarixində
Azərbaycan Diplomatik Akademiyasında Respublika Maliyyə
və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil
müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə
məsul şəxslərin iştirakı ilə "Büdcədən maliyyələşən
təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın
avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı ilə
bağlı keçirilən tədbirdə respublikanın maliyyə naziri
cənab Samir Şərifov və təhsil naziri cənab Misir
Mərdanov tərəfindən xüsusi olaraq vurğulanmış və bu
istiqamətdə zəruri tədbirlərin görülməsinin vacibliyi
qeyd olunmuşdur.
Şahrza ƏLİYEV,
Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru |