Aprelin
17-də Bakıdakı Heydər Əliyev adına liseydə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq
işlərinə Respublika baxış-müsabiqəsi keçirildi. Tədbirdə
təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman
nazirinin müavini İntiqam Babayev, Könüllü Hərbi
Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika
Şurasının sədri Şahvələd Əliyev, Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin
müdiri Ağababa İbrahimov, Heydər Əliyev adına liseyin
direktoru Fikrət Xəlilov, Respublika Texniki Yaradıcılıq
Mərkəzinin direktoru Qorxmaz Əliyev, respublikada
fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin
rəhbərləri və digər şəxslər iştirak edirdilər.
Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və
yeniyetmələrin elmi-texniki potensialının üzə
çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə
stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini
təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin müvafiq
əmri ilə rayon, şəhər və respublika mərhələləri olmaqla
8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilib.
Texniki yaradıcılığın aviamodel, kosmik raket modeli,
avtomodel, gəmi modeli, radiotexnika növləri üzrə 15
nominasiyada keçirilmiş müsabiqənin respublika
mərhələsinə 179 iş təqdim edilib. Münsiflər heyəti
tərəfindən seçim aparıldıqdan sonra 45 nəfər qalib
olaraq müəyyənləşdirilib.
Öncə iştirakçılar liseyin qarşısında ulu öndər Heydər
Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək
önünə gül dəstələri qoydular. Sonra əl işlərindən ibarət
maraqlı sərgiyə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini
Qulu Novruzov əl işlərindən ibarət hazırlanmış modelləri
yüksək qiymətləndirərək hər bir şagirdin dərslərindən
əlavə olaraq maraq və istəklərinə uyğun müxtəlif idman
növləri və yaradıcılıq fəaliyyətləri ilə də məşğul
olmalarının vacibliyini bildirdi. Respublikamızın
günü-gündən sürətlə inkişaf etdiyini deyən nazir müavini
bu inkişafın gələcəkdə də davam etdirilməsi üçün hər bir
sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını və
bunun da məktəb illərindən başladığını nəzərə çatdırdı.
Son illər texniki yaradıcılıq mərkəzlərinin
fəaliyyətinin genişlənməsi və dərnək üzvlərinin sayının
çoxalmasını təqdirəlayiq hal hesab edən nazir müavini
ölkənin təhsil siyasətində yüksək ixtisaslı
mühəndislərin hazırlanmasının da prioritet məsələlərdən
olduğunu bildirdi. Şagirdlərin hərbi-texnika modellərinə
daha çox maraq göstərmələrinin sevindirici hal olduğunu
diqqətə çatdırdı. Qalibləri və onların dərnək
rəhbərlərini təbrik edən təhsil nazirinin müavini Qulu
Novruzov iştirakçı şagirdlər arasından gələcəyin
mühəndisləri və mütəxəssislərinin yetişəcəyinə ümidvar
olduğunu bildirdi.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini
İntiqam Babayev belə tədbirlərin keçirilməsinin
şagirdlərin həyatında mühüm əhəmiyyət kəsb etdiyini və
onlara stimul verdiyini bildirdi. Müsabiqədə nümayiş
olunan modelləri yaradan şagirdlərin gələcəkdə dünya
miqyasında bir ixtiraçı və alim olacağına inandığını
söyləyən İntiqam Babayev qalibləri təbrik edərək onlara
gələcək həyatlarında uğurlar arzuladı.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti
Respublika Şurasının sədri Şahvələd Əliyev tədbirdə
çıxış edərək şagirdlərdə olan hərbi-vətənpərvərlik
ruhunu yüksək qiymətləndirdi. Müsabiqənin əhəmiyyətindən
danışan Ş.Əliyev belə tədbirlərin keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdi.
Müsabiqənin respublika mərhələsində I, II və III yerləri
tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və
hədiyyələri ilə mükafatlandırıldı. Qaliblərlə xatirə
şəkli çəkdirildi.
Niyazi RƏHİMOV |