Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirildi

 

Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtımızın mərkəzi rayonu olan Səbaildə geniş qeyd olunur.

Yubiley tədbirləri çərçivəsində bu günlərdə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonun orta məktəblərinin şagirdlərinin iştirakı ilə əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan tədbir keçirilib.

Məktəblilərə daha maraqlı və yaddaqalan olması üçün tədbirin keçirilmə məkanı Xəzər dənizinin Bakı buxtası seçilib. Məktəblilər Dənizkənarı Milli Parkda "Yaxt-kluba" gələrək buradan "Vətən" gəmisi ilə Bakı buxtasına səyahətə çıxıblar.

Tədbir iştirakçıları öncə gəminin göyərtəsində akademik Zərifə xanım Əliyevaya həsr olunan foto, kitab və nəşrlərin, həmçinin rayon məktəblilərinin rəsmlərinin, müxtəlif materiallardan hazırlanmış əl işlərinin, inşa yazı nümunələrinin nümayiş olunduğu səyyar sərgi ilə tanış olublar.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova məktəblilər qarşısında çıxış edərək  Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. O, akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına əvəzsiz töhfələr verdiyini, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını qeyd edib. Çıxışda bildirilib ki, akademikin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub.

Sonra məktəblilər Zərifə xanım Əliyevaya, anaya, Azərbaycan qadınına həsr olunan şeir və mahnılar ifa ediblər.

Dəniz gəzintisi zamanı şagirdlər və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, "Kristal zal"ı, yeniləşən bulvarı, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə ediblər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov