Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Şəhidin xatirəsi anılmışdır

 

 Bu günlərdə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ən qədim və zəngin tarixə malik Bibiheybət qəsəbəsindəki 50 nömrəli tam orta məktəbdə şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbirdən əvvəl qonaqlar, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidin valideynləri, ailə üzvləri, sinif yoldaşları, qəsəbədəki hərbi hissənin əsgər və zabitləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən vaxtı ilə Cəbrayıl Əsgərovun oxuduğu və hazırda adını daşıyan 50 nömrəli tam orta məktəbin fasadına vurulmuş və ətraf ərazisi abadlaşdırılmış yeni xatirə lövhəsinin önünə tər çiçəklər düzmüşlər.

Sonra məktəbin akt zalında şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunmuş "Donmuş arzular" adlı ədəbi-bədii tədbir keçirilmişdir. Öncə  Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Anım mərasimini 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova giriş sözü ilə açaraq şəhid Cəbrayıl Əsgərovun uşaqlıq və məktəb illərindən, əmək fəaliyyətindən geniş danışmışdır. Qeyd olunmuşdur ki, ermənilərin Azərbaycanın dilbər guşəsi olan Qarabağda  azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl 1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına getmiş və bir sıra qanlı döyüşlərin iştirakçısı olmuşdur. O,1992-ci il avqustun 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuş və Şəhidlər  xiyabanında dəfn edilmişdir.

Bildirilmişdir ki, onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşdur. Cəbrayılın vaxtı ilə təhsil aldığı məktəb bu gün onun adını daşıyır. Mütəmadi olaraq məktəbdə keçirilən tədbirlərə şəhidin atası Fəyaz kişi, anası Bağdagül xanım və digər ailə üzvləri dəvət olunur, məktəbin şagirdləri Şəhidlər xiyabanında Cəbrayıl Əsgərovun qəbrini ziyarət edirlər.

Sonra məktəblilər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şagirdlər Azərbaycana, şəhidlərimizə həsr olunan şeirlər ifa etmişlər.

Mərasimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini Xalidə Bayramova çıxış edərək yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işində belə tədbirlərin mühüm rol oynadığını bildirmiş, bununla bağlı həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat vermişdir.

Tədbirin sonunda şəhidin valideynləri oğullarının xatirəsinin yad olunmasına görə təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər. 

Samirə HÜSEYNQIZI

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov