Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi Səməd
Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının
səhnəsində maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş konsertdə kiçik, orta və böyük yaş qrupuna daxil
olan 200-dən artıq uşaq öz istedad və bacarığını
nümayiş etdirmişdir. Konsertdə kollektivin üzvləri
şeirlər söyləmiş, mahnılar səsləndirmiş, "Qaval",
"Qaytağı", "Lakkuti" və digər milli rəqslərimizlə
yanaşı, dünya xalqlarının rəqslərini də nümayiş
etdirmişlər. Dövlət Uşaq Filarmoniyasının nəzdində
yaradılmış Musiqili Uşaq Teatrının üzvləri olan balaca
istedad sahibləri də çıxış edərək sevimli nağıllardan
və cizgi filmlərindən hazırladıqları səhnəciklərlə
tamaşaçıların alqışlarını qazanmışlar. Musiqili Uşaq
Teatrının və Dövlət Filarmoniyasının tərkibində
fəaliyyət göstərən "Şəms" xorunun konsertdəki çıxışları
da onların böyük səhnədə ilk debütləri kimi qəbul
olunmuşdur.
Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivinə
4-20 yaş arası uşaq, yeniyetmə və gənclər daxildir.
Burada rəqs, xor, simfonik uşaq orkestri, vokal qrupu,
xalq çalğı alətləri ansamblı və digər kollektivlər
fəaliyyət göstərir. Balacaların ifa etdikləri musiqi
nömrələrini dinləyərkən, milli və dünya xalqlarının
rəqslərini, səhnəcikləri seyr edərkən onların
gələcəkdə böyük istedad sahibi olacaqlarına şübhə
qalmır.
Sifai SƏFƏROVA |