İyunun 27-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan
Televiziyasının "Günün nəbzi" proqramına müsahibə
vermişdir. Televiziya ilə birbaşa yayımlanan
müsahibəsində nazir təhsil sisteminin müxtəlif sahələri
ilə bağlı aparıcının və ayrı-ayrı vətəndaşların
suallarına cavab vermişdir. Müsahibə zamanı Mikayıl
Cabbarov təhsil naziri kimi fəaliyyət göstərdiyi bu qısa
müddət ərzində görülmüş işlərdən, qarşılaşdığı
problemlərdən və onların həlli ilə bağlı qəbul edilmiş
qərarlardan danışmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə son illər ölkədə çoxsaylı uğurlara imza
atıldığını bildirən nazir təhsil sahəsinin də digər
sahələrin bugünkü gündə əldə olunan uğurlarına uyğun
səviyyəyə çatdırılması istiqamətində atılacaq
addımlardan danışmışdır. Ölkənin son illər sürətli
inkişafından, müasirləşməsindən söhbət açan nazir
demişdir: "Dövlətimizin və xalqımızın qədimliyi ilə
müasirliyinin gözəl bir sintezi əmələ gəlibdir. İstər
Azərbaycanın iqtisadi sahəsində olan uğurları, istər
regionlarımızın inkişafında olan nailiyyətlər, istər
beynəlxalq səviyyədə dövlətin nüfuzunun tanınması və
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
kimi ali orqanına üzv seçilməsi və ən əyani olaraq,
dünən keçirilən və yəqin ki, hər bir azərbaycanlının və
hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan hərbi
paradımızda göstərilən dövlətin gücü və nailiyyətləri
təbii olaraq, bütün bu nailiyyətlər bizim üçün də çox
yüksək bir standart müəyyənləşdirir".
Müsahibəsində nazir Azərbaycan Respublikasının təhsil
sisteminin və təhsil infrastrukturunun dünyanın aparıcı
təhsil sistemləri səviyyəsinə çatdırılmasının ən mühüm
vəzifələrindən biri olduğunu bildirmişdir.
Nazir təhsilimizin gələcək inkişaf istiqamətlərindən
danışarkən demişdir: "Təhsil sistemi müstəqil Azərbaycan
vətəndaşının ümumi dəyərlərini bölüşdürən bir vətəndaşı
formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətli
olan, peşəkar kompetensiyalara və biliklərə malik olan
bir insanı, bir məhsulu yetişdirməlidir. Təhsilimiz bir
tərəfdən milli olmalı, yəni vətəndaşlıq funksiyasına,
vətəndaşın formalaşdırılmasına nail olmalı, digər
tərəfdən, müasir dünyada labüd olan, beynəlxalq və
peşəkar kompetensiyalara malik olan bir insan
yetişdirməlidir".
Təhsil müəssisələrinin maddi-texniki bazası ilə bağlı
sualı cavablandırarkən nazir qeyd etmişdir ki, ölkədə
son illər ərzində 2500-dən çox məktəb yenidən tikilib və
yaxud əsaslı şəkildə bərpa olunub. Bütün məktəblərdə
kompüterləşdirmə proqramı, informasiya texnologiyaları
fəal şəkildə tətbiq edilib: "Dövlət başçısı tərəfindən
elan olunmuş qara qızılın insan kapitalına çevrilməsi
siyasəti çərçivəsində hər bir Azərbaycan tələbəsi üçün
dünyanın ən yaxşı aparıcı ali təhsil ocaqlarında təhsil
almaq imkanı yaradılıb. Ancaq bütün bunlara baxmayaraq,
Azərbaycanın bir çox bölgələrində, regionlarında, ucqar
kəndlərində, hətta Bakının özündə də, əsaslı təmirə
ehtiyacı olan təhsil ocaqlarımız hələ də mövcuddur.
Demək olar ki, bu məsələnin böyük bir hissəsi həll
olunubdur. Amma maddi-texniki baza dedikdə, biz tək
binalarla, tikililərlə məhdudlaşa bilmərik. Məncə, bu
məsələyə bir az geniş baxış olmalıdır. Təhsil
müəssisələrimiz elmi baza üçün lazım olan avadanlıqlarla
təmin edilməli, eyni zamanda, informasiya
texnologiyaları, kompüterləşdirmə, "Elektron məktəb"
layihələri həyata keçirilməlidir".
Jurnalistin, "Siz son günlər bir neçə məktəbin
direktorunu işdən azad etmisiniz. Bunun səbəbi nə idi"
sualına nazirin cavabı belə olub: "Nazirlikdə müvafiq
qanunvericilik çərçivəsində Daxili nəzarət şöbəsi
yaradılıb. Hər bir müraciət, şikayət, ərizə Nazirliyə
daxil olan kimi tam şəkildə araşdırılır və ortaya çıxan
faktlar əsasında müvafiq qərarlar qəbul edilir.
Nazirlikdə fəaliyyət göstərən "Qaynar xətt" vasitəsilə,
mənim regionlarda keçirdiyim və Bakı şəhərində, Təhsil
Nazirliyində müvafiq əməkdaşlarımız tərəfindən keçirilən
qəbullarda qaldırılan məsələlər, ərizələr də ciddi
şəkildə araşdırılır. Burada biz təkcə orta məktəb
direktorlarını əhatə etmirik. Cəza tədbirlərimiz
internat məktəblərini, kollecləri, ümumilikdə, neqativ
halların baş verdiyi bütün müəssisələrimizi əhatə edir.
Məqsədimiz ondan ibarətdir ki, biz Azərbaycan
Respublikasının məktəblərində cari təmir, qəzet abunəsi
və bu kimi müxtəlif kreativ bəhanələrlə mənfi və
biabırçı pul yığımı praktikasına son qoyaq. Bilmirəm bu
necə adlandırılır, amma, bunu yəqin ki, qeyri-qanuni pul
yığımı adlandırmaq lazımdır və bu kimi problem
Azərbaycanda olmamalıdır. Bu yanaşma bizim üçün
qəbulolunmazdır. Bu heç bir şəkildə bizim üçün dözülə
bilən bir hal deyil. Bu tədbirlər bizim tərəfimizdən
sona qədər də davam etdiriləcəkdir. Amma ümumilikdə
səbəblərə gəldikdə, dediyim kimi, əksər hallarda görülən
cəza tədbirlərimizin əsas səbəbi bundan ibarətdir.
Bilirsiniz, attestatların verilməsi də bu səbəblərdən,
deyək ki, biri idi".
Müsahibə zamanı nazir gələcəkdə bu tədbirlərin daha sərt
şəkildə davam etdiriləcəyini bildirmiş və təhsil
sistemində neqativ hallarla rastlaşan hər bir şəxsi bu
məsələlərə qarşı barışmaz olmağa, müqavimət göstərməyə
cağırmışdır: "Biz indiyə qədər əsasən intizam tədbirləri
ilə məhdudlaşırdıqsa, gələcəkdə bu hallara yol verən
insanların Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti
məsələsini qaldırmaq niyyətindəyik. Biz əgər keyfiyyətli
təhsildən danışırıqsa, Azərbaycan Respublikasının
vətəndaşını formalaşdırmaqdan danışırıqsa, biz əgər
övladlarımızın məktəblərdə tərbiyəsindən danışırıqsa,
təbii olaraq, bu məsələlərdə tam açıq və şəffaf
olmalıyıq. Belə hallar təhsil atmosferini, uşaqların
mənəviyyatını pozur, qeyri-sağlam mühit yaradır. Mən
istəyərdim ki, burada belə başa düşülməsin ki, bu
problemdə tək bir günahkar tərəf var. Bizim hər birimiz
həm valideynik, həm cəmiyyət üzvüyük. Belə hallarla
rastlaşdığımız zaman hər birimiz müqavimət
göstərməliyik".
Aparıcının, "Valideynlər məktəblərə hansısa formada
kömək eləmək istəyirlərsə, müvafiq fondlar yaradırlarsa,
bu məsələyə Sizin yanaşmanız necədir" sualına da
nazirin cavabı konkret olub: "Bu gün məktəblərimizdə
valideyn komitələri, valideyn assosiasiyaları adlanan
qurumlar var. Həmin qurumlar, yaxud, valideynlər bu və
yaxud digər məqsədlər üçün dövlət büdcəsində nəzərdə
tutulmayan, misal üçün, mədəni tədbirlərin qrup şəklində
keçirilməsi, şagirdlərin asudə vaxtlarının təşkili və s.
və bu kimi tədbirlər keçirə bilərlər. Təbii olaraq, belə
hallar könüllü şəkildə həyata keçirilən fəaliyyət və
təşəbbüslər olarsa, vətəndaş cəmiyyətinin və
valideynlərin məktəbin həyatında iştirakı prosesini biz
məhdudlaşdırmaq niyyətində deyilik. Amma bundan heç bir
şəkildə bəhanə kimi, sui-istifadə etmək yolverilməzdir.
Yəni biz bu məsələlərdə də tam şəffaflığın
tərəfdarıyıq".
Attestatların verilməsi ilə bağlı bu il ölkə
Prezidentinin atdığı addımları yüksək qiymətləndirən
Mikayıl Cabbarov bildirmişdir ki, belə bir qərar qəbul
etməklə, məzunlarımızı bu il bu cür problemlərdən azad
etməklə cənab İlham Əliyev hər bir Azərbaycan
vətəndaşının prezidenti olduğunu bir daha nümayiş
etdirdi. Nazir qeyd etmişdir ki, məhz bunun nəticəsi
olaraq, bu il orta məktəbi bitirən, 11-ci sinifdə yekun
qiymətləri məqbul olan, buraxılış imtahan qiymətindən
asılı olmayaraq hər bir kəs attestat, 9-cu sinfi bitirən
şagirdlər isə şəhadətnamə alacaqlar. Yekun qiymətlər
attestat və şəhadətnamədə əks olunacaq.
Müəllimlərin əməkhaqqı, müəllimlərin nüfuzunun
yüksəldilməsi ilə bağlı sualı cavablandırarkən nazir
demişdir: "Müəllimlərin əksəriyyəti xüsusi bir missiya
daşıyıcısıdır. Həqiqətən, biz düşünmürük ki,
müəllimlərin müəllim olmaq istəyinin yeganə səbəbi məhz
maddi məvaciblə bağlıdır. Eyni zamanda bunu da
vurğulamaq istəyirəm ki, müəllimlərin məvacibi, həyat
səviyyəsi, rifahı məsələsi bugünkü gündə bizi tam
şəkildə qane edən səviyyədə deyil. Amma çox mühüm və
əhəmiyyətli olan məsələ odur ki, bu necə həyata
keçirilməlidir. Bunun düzgün mexanizmi nədir, bugünkü
gündə bütün müəllimlərin əməkhaqqının, məvaciblərinin,
sosial təminatlarının avtomatik şəkildə artırılması kimi
yanaşma bizim təhsilimizin keyfiyyətinə, müəllimlərin və
müəllim olmaq istəyən insanların stimullaşmasına düzgün
yanaşmadırmı? Yoxsa, biz burada daha kreativ, dünya
təcrübəsinə daha uyğun bir yanaşma seçməliyik?
Nəticəyəmi görə, biliyəmi görə? Bugünkü gündə bu
məsələlər düzgün şəkildə müzakirə olunur. Təbii olaraq,
müvafiq qərarların qəbul olunması üçün məsələni
hərtərəfli araşdırmalıyıq".
Ali təhsil müəssisələrində adambaşına maliyyələşmə
məsələsinə toxunan nazir bildirmişdir ki, bu metod ali
təhsil sistemində artıq tətbiq olunur və növbəti tədris
ilindən ali təhsil ocaqlarımız tam şəkildə adambaşı
maliyyələşmə prinsipi ilə fəaliyyət göstərəcəklər.
Təhsil nazirinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə
dövlət, adambaşı təhsil üçün məbləği müəyyənləşdirdikdən
sonra vətəndaşlara həmin məbləğdə kredit, yaxud müvafiq
qiymətli kağız verir, onlarsa həmin vəsaiti istədiyi
təyinatla - istər ali təhsil, istərsə də orta məktəb
sistemində istifadə edirlər.
Jurnalistin, kurikulumun taleyi, dərsliklərin, dərs
yükünün ağır olması ilə baglı suallarına isə nazirin
cavabı belə olub: "Hər hansı bir köklü dəyişikliklərin
tətbiqindən öncə bu məsələ ciddi araşdırılmalıdır. Biz
bu məsələni araşdırırıq və bu məsələ ətrafında həqiqətən
fikir müxtəlifliyi var. Bu qərar şagirdlərin maraqlarına
daha çox cavab verən şəkildə qəbul olunacaqdır. Müasir
dövrdə biz şagird hazırlayırıqsa, müəyyən səviyyə və
biliklərə malik şagird hazırlamalıyıq. Bugünkü gündə
dərsliyin hazırlanması metodologiyasında və
texnologiyasında problemlər var. Yeni dərsliklər
məktəblərə ən yaxşı hallarda sentyabrın əvvəllərində
çatdırılır. Yəni fərz edək ki, bu il sentyabrın 15-də VI
sinfə gedən uşaqların dərslikləri məktəblərə və
müəllimlərə yalnız sentyabrın əvvəllərində çatdırılacaq.
Gələn ildən başlayaraq bizim niyyətimiz ondan ibarətdir
ki, bu dərsliklər bir il öncə hazırlansın və
çatdırılsın".
Söhbət zamanı nazir hər bir şəxsin formalaşmasında
ailənin, valideynlərin böyük rol oynadığını qeyd edərək,
"Valideynlər bir çox hallarda övladlarının təhsilini
yalnız məktəbin problemi, dövlətin vəzifəsi kimi görür.
Valideynlər öz funksiyalarından heç bir şəkildə imtina
etməməlidirlər", - deyib. Vətəndaşın formalaşmasında
valideynlə məktəbin müştərək məsuliyyət daşıdıqlarını
xatırladan nazir təhsilin ümumilikdə iki əsas aspektdən
- bilik və tərbiyədən ibarət olduğunu xüsusi vurğulayıb.
Mikayıl Cabbarov orta məktəb siniflərinin
komplektasiyası məsələsinə də toxunub. Onun sözlərinə
görə, sinifdəki şagirdlərin optimal sayı problemi
nazirlik tərəfindən araşdırılır və yaxın vaxtlarda öz
həllini tapacaq. Eyni zamanda nazir qeyd edib ki,
şagirdlərin optimal sayı problemi bir çox amillərə -
tədris metodikası, tədris şəraiti, müəllimlərin
bacarığı, qabiliyyəti və s. - bağlıdır və məsələnin
həlli zamanı bütün bu faktorlar mütləq şəkildə nəzərə
alınmalıdır.
Aparıcının inkişaf etmiş ölkələrin vahid imtahan
təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri haqda
sualına cavab verərkən Mikayıl Cabbarov qeyd edib ki, bu
praktika heç də hər yerdə və hamılıqla tətbiq olunan
deyil. Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki,
ali təhsil ocaqlarının da bilavasitə tələbə qəbulunda
rolu kifayət qədər əhəmiyyətlidir. "Biz hamımız bilirik
ki, bu gün Azərbaycan Respublikasının ali təhsil
ocaqlarına qəbul sistemi çox effektiv və çox səmərəli
bir sistemdir" - deyən nazir buraxılış imtahanları ilə
ali təhsil məktəblərinə qəbul imtahanlarının
birləşdirilməsi formalarının, bu prosesin incəliklərinin
dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.
Müsahibəsində nazir repetitorluqla bağlı məsələyə də
toxunub: "İndi bizdə insanların əksəriyyəti düşünür ki,
qəbul imtahanında yüksək nəticəni əldə etmək üçün
repetitordan istifadə etmək zəruridir. Bizim bu
məsələlər barədə Tələbə Qəbulu Üzrə Dövlət
Komissiyasının rəhbərliyi ilə çox konstruktiv və pozitiv
müzakirələrimiz artıq olubdur və məni sevindirən hal
odur ki, bu məsələdə biz həmfikirik. Mənim üçün
əhəmiyyətli olan məqam ondan ibarətdir ki, orta təhsilə
və məktəbə mən ali təhsil üçün hazırlıq funksiyasını
yerinə yetirən bir qurum kimi baxmaq istəmirəm və belə
bir baxışı köklü şəkildə səhv hesab edirəm. Mən hesab
edirəm ki, orta təhsilin məqsədi tam şəkildə müstəqil
həyata hazır olan Azərbaycan Respublikasının vətəndaşını
formalaşdırmaqdır". Mikayıl Cabbarov qeyd edib ki, bəzi
valideynlərin orta məktəbin son siniflərinin proqramı
əvəzinə övladlarını fərdi tədris proqramlarına
yönəltmələri narahatedici tendensiyadır və bu
tendensiyanın qarşısına bu ya da digər amillərin nəzərə
alınması ilə sədd çəkmək üçün zəruri tədbirlər
görüləcək.
Orta təhsilin bütövlüyü, fasiləsizliyi və ardıcıllığı
problemlərindən danışan nazir həm də valideynlərin öz
övladlarını bəzən təhsildən ümumiyyətlə məhrum etmələri
məsələsinə də toxunub. Nazir deyib: "Burada ən böyük
problem cəmiyyətimiz üçün ondan ibarətdir ki, valideyn
bunu tam şəkildə anlamayaraq, uşağın həyatda olan
imkanlarını məhdudlaşdırır". Mikayıl Cabbarov bu cür
neqativ halların kütləvilikdən uzaq olduğunu vurğulasa
da, bunlara qarşı barışmaz mövqe tutacağına söz verib:
"...Çünki hər bir Azərbaycan vətəndaşının Konstitusiya
ilə verilmiş təhsil haqqı var və biz o haqqı təmin
etməliyik".
"Xaricdə təhsil proqramına münasibətiniz necədir və bu
proqramla bağlı vəziyyət necədir" sualına nazirin cavabı
konkret olub: "Mən xaricdə təhsil proqramı ilə istər bir
nazir kimi, istərsə də vətəndaş kimi fəxr edirəm.
Düşünürəm ki, bu proqram cənab Prezidentin hər bir
azərbaycanlı üçün eyni imkanların yaradılmasının daha
bir təzahürüdür. Təyinatımın ilk günündən mən söz
vermişəm və bu gün də bunu vurğulayıram ki, xaricdə
təhsil alan hər bir azərbaycanlı tələbəsinin qayğıları,
ehtiyacları bizim diqqət mərkəzimizdə olacaqdır və mənim
həmkarlarım və mən bunun üçün əlimizdən gələni
eləyəcəyik".
Nazir peşə təhsili ilə bağlı verilən sualı da
cavablandırıb. Bildirib ki, bu sistemin inkişafı biznes
qurumları, işəgötürənlər, dövlət və özəl sektorla sıx
əməkdaşlıqdadır. Deyilənlərə əyani misal olaraq Mikayıl
Cabbarov Sumqayıt Sənaye Parkı müəssisələrinin kadr
ehtiyaclarını ödəyəcək texniki-peşə təhsili qurumunun
yaradılmasından danışıb. Onun sözlərinə görə, İqtisadi
İnkişaf Nazirliyi ilə birgə həyata keçirilmiş həmin
layihə bu sahədə reallaşdırılan dövlət siyasətinin ən
bariz nümunələrindən biridir və digər sahələrdə, digər
regionlarda da tətbiq olunmağa layiqdir.
Bölgələrdə vətəndaşların qəbulu, sorğuların
cavablandırılması məsələlərindən danışan nazir, bu
görüşlərdən razı qaldığını qeyd edib. Mikayıl Cabbarov
belə görüşlər vasitəsilə, birbaşa ünsiyyət vasitəsilə
təhsil sahəsinin qarşısında duran əsas çətinliklər,
problemlər, eləcə də əldə olunmuş nailiyyətlər haqda
bilavasitə yerindəcə məlumat aldığını və bunun bir
dövlət məmuru kimi əsas funksiyalarından biri olduğunu
nəzərə çarpdırıb. |