Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə "Türkiyə Universitetləri Məzunları"
İctimai Birliyi (TUMİB) bu günlərdə Gəncliyə Yardım
Fondunda "Biz narkotik bəlasını tanıyırıq və gənclərə
tanıdırıq" layihəsi çərçivəsində "Narkotik bəlasından
gəncləri qoruyaq" mövzusunda təlim keçirmişdir.
Bu münasibətlə keçirilən tədbirdə "Türkiyə
Universitetləri Məzunları" İctimai Birliyinin sədri
Çingiz Bayramov çıxış edərək layihənin məqsədindən söz
açmış, narkotik vasitələrə aludəçiliyin səbəb olduğu
bəlalardan danışmışdır. Son vaxtlar narkotikaya
aludəçiliyin daha erkən - 17-20 yaş arasındakı gənclərdə
müşahidə olunduğunu söyləyən Ç.Bayramov orta məktəblərdə
şagirdlərə narkomaniyanın fəsadları barədə mütəmadi
olaraq məlumat verilməsinin vacibliyini vurğulamışdır.
Digər çıxış edənlər də narkomaniyanın bu gün bəşəriyyəti
düşündürən və narahat edən ən ağrılı problemlərdən biri
olduğunu bildirmişlər. Ölkəmizdə narkomaniyaya qarşı
aparılan mübarizədən danışan natiqlər belə təlimlərin
davamlı olaraq keçirilməsinin əhəmiyyətini və
vacibliyini diqqətə çatdırmışlar.
Sonda təlim iştirakçılarına diplomlar təqdim
olunmuşdur.
Samirə KƏRİMOVA |