Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji
problemlərin həlli və təbiətin zənginləşdirilməsi
ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə
ekoloji problemlərin həlli istiqamətində kompleks
tədbirlər həyata keçirilmiş, respublikamızın bütün
bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə yüz min
hektarlarla yaşıllıq zonası salınmış, məqsədyönlü
ekoloji siyasət həyata keçirilmiş, bu sahədə zəngin
qanunvericilik bazası yaradılmışdır.
Bunun davamı olaraq, son illər ölkəmizdə ətraf mühitin
qorunması sahəsində əsaslı dəyişikliklər müşahidə
olunur. Belə ki, ölkəmizdə yeni salınan meşə sahələri
ilbəil artır, çirkli suların təmizlənməsi üçün ən yeni
texnologiyalardan istifadə edilir. Azərbaycan Prezidenti
İlham Əliyevin müvafiq sərəncamına əsasən
respublikamızda alternativ enerji mənbələrindən istifadə
sahəsində genişmiqyaslı layihələr həyata keçirilir.
Həmin layihələrin əsas məqsədi həm qeyri-ənənəvi bərpa
olunan enerji mənbələrindən istifadə etmək, həm də
ekoloji mühitin qorunmasında həmin mənbələrin
əhəmiyyətini artırmaqdır.
Bu sahədə gənclər təşkilatları, o cümlədən Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
fəaliyyəti də təqdirəlayiqdir. Artıq iki ilə yaxındır
ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq
Təşəbbüsü - İDEA milyonlarla gənci bir məqsəd, bir ideya
ətrafında birləşdirərək ekoloji mədəniyyətin
yüksəldilməsinə, ətraf mühitin qorunmasına yönəldilmiş
kompleks tədbirlər həyata keçirir. Leyla xanım Əliyeva
belə bir təşkilatın yaranmasını zəmanənin tələbi kimi
dəyərləndirmişdir: "İDEA müasir dövrün çağırışına cavab
təşəbbüsüdür. İndi ekologiya və ətraf mühitin qorunması
barədə hamı danışır. Mənim fikrimcə, bugünki gəncləri
bir məsələ narahat etməlidir: Sabah biz necə dünyada
yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin
nə kimi nəticələri ola bilər?! Biz planetimizə görə
məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin,
həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng
edən nə varsa hamısının qorunub saxlanmasına birgə töhfə
verməliyik".
Təkcə Azərbaycanda deyil, bütün dünyadakı gənclər
arasında dialoq, təhsil, liderlik və əməkdaşlığı inkişaf
etdirmək üçün dünyanın müxtəlif yerlərindən olan ekoloji
qruplarla əlaqə qurulub. Müzakirələr, praktiki işlər
vasitəsilə şagirdlər təbiətə dəyər verməyi və onu
qorumağı öyrənirlər.
Qeyd etmək lazımdır ki, məktəblilərin ətraf mühitə sevgi
ilə yanaşmalarında, onların ekoloji mövqelərinin
formalaşmasında və ekoloji bilikləri dərindən
mənimsəmələrində ekoloji məşğələlərin, eləcə də ekoloji
tədbirlərin misilsiz rolu vardır. Bu baxımdan, Bakının
Nizami rayonunda yerləşən "Zəngi" liseyi ardıcıl olaraq
müxtəlif istiqamətdə ekoloji tədbirlər həyata keçirir.
Liseyin şagirdlərinin "Yer kürəsinin biomüxtəlifliyini
qoruyaq!", "Planetimizi qoruyaq!", "Sağlamlıq və ətraf
mühit", "Meşələr-uşaqların gözü ilə", "Polietilen
torbalara yox deyək!" devizi altında keçirdikləri
təbliğat xarakterli tədbirlər respublikamızın müxtəlif
bölgələrində geniş əks-səda doğurmuşdur. Liseyin
şagirdləri arasında vaxtaşırı olaraq "Yer kürəsinin
biomüxtəlifliyini qoruyaq!" mövzusunda yarışlar
keçirilir, onların yaradıcılıq işlərindən ibarət
sərgilər təşkil edilir. "Quşları qoruyaq!" devizi ilə
məktəblilərimiz Xəzər dənizi sahillərinə, eləcə də
Quba-Qusar meşələrinə ekskursiyalar təşkil edərək,
yerlərdə quş yuvaları quraşdırmışlar. "Suyu
çirkləndirməyin! Su həyatdır! Sudan qənaətlə istifadə
edin!" şüarları ilə içməli suya qənaət məqsədi ilə
keçirilən aksiyaya isə bir çox məktəblər də
qoşulmuşlar. Eyni zamanda ekoloji tədbirlərlə yanaşı,
tətil və bayram günlərində şagirdlərimiz üçün AMEA
Mərkəzi Nəbatat Bağına, Mərdəkan Dendrarisinə, Zooloji
Muzeyə, EkoParka, Zooparka, Milli Parka, Xəzər dənizi
sahillərinə və s. yerlərə ekskursiyalar təşkil
edilmişdir.
Liseyin şagirdləri hər il olduğu kimi, bu il də bir neçə
beynəlxalq müsabiqənin qalibi olmuşlar. Məsələn,
ekologiya ilə bağlı ölkəmizdə hər il keçirilən Ətraf
Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında
("İnepo-Eurosiya") "Zəngi" liseyinin şagirdləri bu il də
fərqlənmişlər. Dörd kateqoriya (ətraf mühit, enerji,
mühəndislik, sosial) üzrə keçirilmiş bu bilik yarışında
"Zəngi" liseyinin şagirdləri 2 bürünc medal qazanmışlar.
Şagirdlərimizin stendlərdə nümayiş etdirdikləri
layihələr öz aktuallığı ilə digərlərindən seçilirdi.
Fidan Abdullayeva və Rauf Rəhimzadənin təqdim etdikləri
"Şərq fıstığının ekoloji sirləri", Orxan Qasımlı və
Aynur Nadirlinin "Biobatareyalar - alternativ enerji
mənbəyi kimi" adlı layihələri Heydər Əliyev adına İdman
- Konsert Kompleksində tədbiri ziyarət edənlərin
diqqətini cəlb etmişdir. Hər iki layihənin elmi rəhbəri
olaraq onu deyə bilərəm ki, belə yarışmalar və
olimpiadalar şagirdlərimizin dünyagörüşünün
formalaşmasında, dünyanın fərqli qitələrinin
məktəbliləri ilə əlaqə qurmaqda önəmli rol oynayır.
İnsanların diqqətini təbiətin gözəlliyinə, ona qarşı
qayğıya, ətraf mühitin qorunması məsələlərinə və ona
vurulan zərərə cəlb etmək məqsədilə "Zəngi" liseyinin
şagirdləri hər il 22 aprel - Beynəlxalq "Yer Kürəsi
Günü" ənənəvi aksiya keçirirlər. Bu aksiyada onlar
məktəbin ərazisində müxtəlif növ ağaclar əkərək,
yaşıllıqlara qulluq edir, ərazini müxtəlif
tullantılardan təmizləyirlər.
Nəhayət, növbəti sevincli anlarımızdan biri də 5 iyun
2013-cü il tarixində ABŞ-da keçirilən "Ümumdünya Ətraf
Mühit Günü" (Project Earth) müsabiqəsinin qaliblərinin
elan edildiyi gün oldu. Bu müsabiqədə iştirak etmək üçün
mənim rəhbərliyimlə 15 şagirddən ibarət komanda
yaradıldı. Müsabiqənin coğrafiyası çox geniş idi. Belə
ki, müsabiqəyə 132 ölkədən olan 2606 məktəb ümumilikdə
2935 layihə ilə qoşulmuşdu. Qalib olan 60 ölkənin
arasında Azərbaycandan yalnız "Zəngi" liseyinin adını
gördükdə çox sevindik. Bu müsabiqənin digərlərindən
fərqi budur ki, hər ölkədən yalnız bir qalib seçilə
bilər. Bunun üçün komandamız müsabiqəyə daha maraqlı və
aktual layihələr təqdim etdi. Komandamız Azərbaycanın
bir neçə bölgəsinə səyahət edərək, bu yerlərin flora və
faunası haqqında maraqlı məlumatlar toplamış, ekoloji
vəziyyəti ilə tanış olmuşlar. Onlar dünyanın ən qlobal
problemlərinə həsr edilmiş layihələrini "Project.Earth"
ünvanına göndərərək müxtəlif ölkələrin məktəbliləri ilə
birgə əməkdaşlıq qurmuşlar. Şagirdlərimiz dünya
məktəblilərini Azərbaycanın ecazkar təbiəti,
mədəni-tarixi abidələri, qədim musiqisi, tarixi
adət-ənənələri ilə bir daha yaxından tanış etdilər.
Həmçinin, şagirdlərimiz Ermənistan tərəfindən ölkəmizə
qarşı aparılan müharibələrin Azərbaycan təbiətinə
vurduğu ziyanı da çatdırmağı unutmamışdılar. Onlar
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində təbii
sərvətlərin necə talan edilməsinə diqqət yönəltmişdilər.
Belə ki, işğal olunmuş torpaqlarda qiymətli ağac növləri
qırılaraq xarici ölkələrə satılır. Artıq bu meşələr
tükənmək üzrədir. Öz layihələri ilə şagirdlərimiz sanki
həyəcan təbili çalırdılar. Onların göndərdikləri foto və
video məlumatlarda Azərbaycan ərazisində olan çaylar və
göllərin çirklənməsi, ağacların kəsilərək meşələrin
yandırılması, əkin sahələrinə vurulan ziyanda öz əksini
tapmışdı. Biz bu layihəmizdə ermənilərin əməllərini
Azərbaycan və onun təbiətinə olan "Yaşıl soyqırım"
adlandıraraq, öz etiraz səsimizi ucaltmışdıq. Bütün
bunlar bir daha sübut edir ki, Azərbaycan gəncləri
həqiqətən vətənpərvərdirlər.
Burada xüsusilə qeyd etmək istərdim ki, şagirdlərin belə
müsabiqələrdə iştirakı onların qlobal miqyaslı dialoq və
ünsiyyət imkanlarını genişləndirir. Çünki bu cür
platformalarda şagirdlər yalnız yarışmırlar, həm də
dostlaşırlar, duyğu və düşüncələrini bölüşürlər. Yəni bu
bilik yarışı eyni zamanda iştirakçılar üçün bir "dostluq
körpüsü" funksiyasını da yerinə yetirir. Məhz "Project
Earth" müsabiqəsi vasitəsilə belə bir "dostluq
körpüsü"nü Saratov təbiət elmləri təmaüllü liseyinin
şagirdləri ilə yaratdıq. Onlar bizim bu layihələrimizlə
tanış olaraq, komandamızı Saratov şəhərində keçirilən
Beynəlxalq konfransa dəvət etdilər. Yekunda konfrans
iştirakçıları diplom və sertifikatlarla
mükafatlandırıldılar.
Gülnarə SƏFƏROVA,
Bakı şəhəri "Zəngi" liseyinin təmayül üzrə direktor
müavini,
biologiya elmləri üzrə fəlsəfə doktoru,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2008-2009-cu dərs ili)
qalibi |