Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "Azərbaycan dili və
ədəbiyyatı tədrisi metodikası: reallıqlar və
perspektivlər" mövzusunda elmi-praktik konfrans
keçirilmişdir.
BPKİYİ-nin rektoru, professor Asəf Zamanov konfransı
giriş sözü ilə açaraq qeyd etmişdir ki, Azərbaycan
təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya
etdiyi bir zamanda ümumtəhsil məktəblərində tədris
olunan bütün fənlərin, o cümlədən "Azərbaycan dili və
ədəbiyyatı" fənlərinin məzmununda və onun tədrisi
metodikasında da böyük yeniliklər həyata keçirilir.
Biz mütəmadi olaraq dərslik müəllifləri ilə
müəllimlərin görüşünü təşkil edir, onların canlı
dialoquna şərait yaradırıq.
Professor Asəf Zamanov onu da qeyd etmişdir ki,
ixtisasartırma və yenidənhazırlanma təhsilində
müxtəlif fənlərin tədrisi ilə əlaqədar müəllim və
tələbələrin metodik biliklərini inkişaf etdirmək
məqsədilə professor-müəllim heyətinin, o cümlədən
ixtisaslarını artıran müəllimlərin də "açıq
dərs"lərinin keçirilməsinə xüsusi diqqət yetirilir.
Sonra professor Aydın Paşayev "Azərbaycan dili və
ədəbiyyatı tədrisi metodikasının bəzi məsələləri" adlı
məruzəsində bildirmişdir ki, Azərbaycan dili və
ədəbiyyatı müəllimlərinin ixtisasartırma kurslarına
respublikamızın müxtəlif elm ocaqlarında fəaliyyət
göstərən tanınmış alimlərin mühazirəçi kimi cəlb
olunması ixtisasartırma təhsilinin keyfiyyətcə
dəyişməsinə müsbət təsir göstərmişdir. Hazırda
müəllimlərin yay ixtisasartırma kurslarında AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun professoru
Nizaməddin Şəmsizadə, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun professoru Qəzənfər Kazımov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdir müavini, professor
Hüseyn Əsgərov, Bağça-Məktəb-Lisey Kompleksinin
direktoru, professor Qafar Hüseynov, V sinif
"Ədəbiyyat" dərsliyinin müəllifi, dosent Soltan
Hüseynoğlu və başqalarının mühazirələri müəllimlər
tərəfindən böyük rəğbətlə qarşılanır.
Elmi-praktik konfransda professor Hüseyn Əsgərov
"Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin
qarşısında duran əsas vəzifələr" adlı məruzəsində
qeyd etmişdir ki, Bakı şəhərinin ümumtəhsil
məktəblərində keçirilən buraxılış imtahanlarının
nəticələrinə görə şagirdlərin "Azərbaycan dili" və
"Ədəbiyyat" fənlərindən ümumi bilik səviyyələri digər
fənlərlə müqayisədə çox aşağıdır. Bu vəziyyət hamımızı
dərindən düşündürməlidir və mövcud problem
müəllimlərdən öz vəzifə borclarına daha məsuliyyətli
yanaşmağı tələb edir.
V sinif "Azərbaycan dili" dərsliyinin müəllifi Rafiq
İsmayılovun "Azərbaycan dili dərslərinin
qiymətləndirilməsində müasir yanaşmalar", V sinif
"Ədəbiyyat" dərsliyinin müəllifi dosent Soltan
Hüseynoğlunun "Ədəbiyyat" dərsliyi: problemlər və
vəzifələr" adlı məruzələri dinlənildikdən sonra onlar
müəllimlərin çoxsaylı suallarını cavablandırmışlar.
Dərslik müəllifi Rafiq İsmayılov qeyd etmişdir ki,
dərsliyi yazmazdan əvvəl Türkiyə, o cümlədən bir çox
Avropa ölkələrində dərsliklərlə bağlı proqram və
təlimatları öyrənmişdir və bu dərslik kurikulum
çərçivəsində beynəlxalq standartlara tam uyğun gəlir.
Konfransda institutun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının dosenti Şəmil Sadıqovun "V sinif
Azərbaycan dili dərsliyi haqqında" , baş müəllim
Esmira Cəfərovanın "Məktəbdaxili qiymətləndirmə
qaydaları", Bakı şəhər 150 nömrəli tam orta məktəbin
müəllimi Məlahət Babakişiyevanın "İ.Əfəndiyevin "Xəncər"
hekayəsinin təhlili zamanı interaktiv metodlardan
istifadə", Bakı şəhər 150 nömrəli tam orta məktəbin
müəllimi Samid Aydəmirovun "Təlim prosesində ünsiyyət
problemi" adlı məruzələri də maraqla qarşılanmışdır.
Sonda BPKİYİ-nin rektoru, professor Asəf Zamanov
konfrans iştirakçılarına bir daha təşəkkür etmiş və
ümidvar olduğunu bildirmişdir ki, konfrans gələcəkdə
"Azərbaycan dili" və "Ədəbiyyat" dərsliklərinin,
onların tədrisi metodikasının daha da
təkmilləşdirilməsində mühüm rol oynayacaqdır.
BPKİYİ-nin mətbuat xidməti |